Əlaqə Arxiv
news Image
2014.07.09
08:59
| A A A
İçməli su ilə bağlı qorxunc xəbərdarlıq
Cənubi Qafqazda və Mərkəzi Asiyada bərpa olunan su resursları azalmaqdadır

Müasir dünyada getdikcə xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri də içməli su ilə bağlıdır. Çünki indiki şərtlər dəyişməsə, içməli sudan əziyyət çəkən insanların sayı artacaq. Bu səbəbdən Yer kürəsinin içməli su çatışmazlığı ilə üzləşə bilmə ehtimalı problemin həlli istiqamətində daha ciddi düşünməyə sövq edir. Nəzərə almaq lazımdır ki, içməli suyun həcmi eyni qalsa da, suya olan tələbat ildən-ilə artır. Statistikaya görə, Yer kürəsindəki su ehtiyatının 97,5 faizi şor, yalnız 2,5 faizi içməli sudan ibarətdir. Yer kürəsi ərazisinin 71 faizini təşkil edən 1,46 milyard kubkilometr su ehtiyatının cəmi 31 milyon kubkilometri şirin sudur ki, bunun da 96 faizi bərk haldadır. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz sudan istifadə edir. Ona görə də dünyanın hər yerində təmiz su ilə təmin olunmaq kəskin problem sayılır.

Belə bir vaxtda BMT-nin Minilliyin İnkişaf Hədəfləri hesabatında yer alan məlumatlara görə, hazırda Qafqazda və Mərkəzi Asiyada bərpa olunan su resursları azalır və bu da regionu su qıtlığı ilə təhdid edir. Hesabatı Nyu Yorkda təşkilatın mənzil-qərargahında BMT Baş katibi Pan Ki Mun təqdim edib.

Hesabatda Azərbaycan da daxil olmaqla region ölkələrini su qıtlığının gözlədiyi barədə xəbərdarlıq edilir. Hesabatda xəbərdarlıq edilir ki, Cənubi Qafqazda və Mərkəzi Asiyada bərpa olunan su resursları azalmaqdadır. Regionda su sərfiyyatı 50 faiz təşkil edir. Bu isə böhranlı həddə yaxındır. Əgər mövcud su resurslarının 60 faizi həcmində su sərf olunursa o zaman fiziki olaraq su qıtlığı yaranır, insanların həyatı, ətraf mühit üçün təhdid meydana çıxır. Hesabat müəllifləri ehtiyat edirlər ki, region ölkələri əhalinin içməli su ilə təminatının genişləndirilməsi vəzifəsini istənilən səviyyədə həll edə bilməyəcəklər.

Qeyd edək ki, hazırda ölkəmizin şirin su ehtiyatlarının 70 - 72 faizi ölkə hüdudlarından kənarda formalaşır.

Sizin Reklam Yeriniz