Əlaqə Arxiv
news Image
2014.07.10
12:52
| A A A
Oğurlanan yeniyetmələr...
Ərşad Hüseynov: «Heç kim şikayət eləmirsə, sanksiyanın sərtləşdirilməsinin də əhəmiyyəti olmayacaq» Mehriban Zeynalova: «Gənclər evliliyə qərar verərkən tələsməsinlər, hüquqi aspektləri dərindən öyrənsinlər»

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ötən il Azərbaycanda qadınlara və yetkinlik yaşına çatmayanlara qarşı qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində baş vermiş 713 cinayətin 14-ü adam oğurluğu ilə bağlı olub. Adam oğurluğu ilə bağlı olan cinayətlərin 11-i evlənmək məqsədi ilə edilib. Və bu cinayətlərinin 5-i uşaq oğurluğu olub ki, onun da 3-ü evlənmək məqsədilə törədilib.

Nəzərə almaq lazımdır ki, bu hələ qeydə alınan faktlardır. Regionlarımızda yetkinlik yaşına çatmayan qızların oğurlanması, qaçırılması hallarına indi də rast gəlmək mümkündür. Sadəcə olaraq, bu faktlar çox hallarda ailələr tərəfindən gizlədilir. Belə hallarn qarşısını almaq üçün nəzərdə tutulan cəzaların daha da sərtləşdirilməsi vacib sayılır.  

Hüquqşünas Ərşad Hüseynov Movqe.az-a açıqlamasında məsələ ilə bağlı bildirib: "Adam oğurluğuna görə, ən sadə halda 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası var. Nikaha daxil olmağa məcbur etmə halına görə 2 min manatdan 5 min manata qədər cərimə, yaxud da 2 ildən 5 ilə qədər həbs nəzərdə tutulur. Eyni əməllər nikah yaşına çatmayan şəxsə qarşı törədildikdə isə, 4000-5000 manat arası cərimə və 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur". 

Hüquqşünas deyir ki, göründüyü kimi, qanunvericiliklə məsələyə kifayət qədər ciddi yanaşılır: "Yəni, dövlətin bu hallara qarşı tətbiq edtiyi sanksiyalarla bağlı bir problem yoxdur. Cəzalar kifayət qədər ağırdır. Sadəcə olaraq, burda başqa nüanslar var.  Bu bir qədər mənəvi-psixoloji məsələdir. Bu gün nikaha daxil olmaq azaddır. Heç kim nikaha daxil olmağa məcbur oluna bilməz. Eyni zamanda heç kəs də qadağan edə bilməz. Qızların oğurlanması qaçırılma adlandırılsa da, çox vaxt belə məqamlarda qızlar özləri könüllü evlərini tərk edirlər. Özləri qoşulub gedirlər. Sadəcə, əsas məsələ yaş həddi ilə bağlıdır. Əgər qız nikah  yaşına çatmayıbsa, bu evlilik rəsmi qeydiyyata alına bilməz. Lakin faktiki nikah yaranır, ailə qurulur. Sadəcə olaraq, rəsmi qeydiyyata alınmır. Heç kim şikayət etmirsə, məsələ də qeydə alınmır, qapanıb gedir.  Məsələn, 15 yaşlı qızı qaçırırlar. Bu qızın rəsmi nikaha cəlb edilməsinən söhbət gedə bilməz və qaçırılma birmənalı olaraq cinayətdir. Əgər qız könüllü hə desə, razılaşsa belə, burda kriminal hal var. Amma belə hallarda bir qayda olaraq, hər iki tərəfin ağsaqqalları, böyükləri yığılıb söhbətləşir, öz aralarında barışıq elan edirlər. Faktın da üstü örtülüb gedir. Ona görə də demək olmaz ki, tətbiq olunan sansksiya zəifdir. Heç kim şikayət eləmirsə, sanksiyanın sərtləşdirilməsinin də əhəmiyyəti  olmayacaq".

Ərşad Hüseynov maarifləndirmə işlərinin genişləndirilməsini vacib sayır: "Düşünürəm ki, maarifləndirmə işləri genişlədirilməlidir. Ayrı-ayrılıqa ailələrlə iş aparmaq lazımdır. İkinci tərəfdən gənclərlə, yetkinlik yaşına çatmayan uşaqlarla işləmək lazımdır ki, ailə nədir, nə vaxt qurulur, ailənin təməli necə olmalıdır kimi anlayışları qavrasınlar".  

"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da  məsələyə münasibət bildirib. Mehriban xanım bu halların baş verməsinin əsas səbəbi kimi Azərbaycanda ailələrin uşaqlarına həddindən artıq müdaxilə etməsini göstərir: "Bir çox hallarda ailələlər gənclərin birlikdə olmasına maneçilik törədirlər. Bu da gənclərin özlərinin müstəqil şəkildə qərar qəbul etməsinə gətirib çıxarır ki, sonradan valideynləri tərəfindən hüquq mühafizə orqanlarına adam oğurlanması faktı kimi şikayətlər olur. Əslində, bu sahədə kifayət qədər məlumatlandırma olmadığından, ailə qurmağa hazırlaşan şəxslər lazımi instansiyalara müraciət etmək və özlərinin evliliklərini qeydə almağı diqqətə almırlar. Bu da ona gətirib çıxarır ki, onların birlikdə qoşulub qaçmaları valideynlər tərəfindən adam oğurluğu kimi qeydə alınır. İkinci tərəfdən, bir çoxları bildirirlər ki, bu adət-ənənədən  gələn bir məsələdir və qanunu dəyişmək lazımdır. Amma onun kökündə  başqa məsələ də dayanır. Bəzən şəxsin istəyi əleyhinə doğurdan da oğurluq baş verir. Elə faktlar olub ki, həqiqətən qızlar zorla evliliyə vadar edilirlər. Bu baxımdan konkret situasiyanı müəyyənləşdirmək, bunun evlilik, yoxsa adam oğurluğu olmasını araşdırmaq lazımdır. Əksər hallarda qızlar qaçırıldıqdan sonra artıq gec olduğunu,  həyatlarının məhv olduğunu düşünür və buna görə də hər hansı bir formada imtinadan vaz keçirlər". 

Mehriban Zenalova  gənclərə evliliklə bağlı hüquqlarnı dərindən öyrənməyi məsləhət görür. Bu işdə isə maarifləndirmə işlərinin böyük rolu olduğunu bildirir: "Bu situasiyada media kifayət qədər maarifləndirmə, məlumatlandırma xarakterli işlər aparmalıdır ki, hər hansı şəxs müstəqil qərar qəbul edirsə, evlənmək istəyirsə, bu qərarda israrlıdırsa, yaxşı olar ki, əvvəlcədən rəsmi orqanlara müraciət eləsin. Evi tərk etməzdən əvvəl hüquq-mühafizə orqanlarına bildirsin ki, bu işi könüllü şəkildə edir.  Bu, həm qarşı tərəfin hüququnu müdafiə etmiş olur, həm də özünün. Bu, bir çox problemlərin qarşısını alacaq və deyilən statistikanı azaldacaq. 

Adam oğurluğu kifayət qədər ağır cinayət məsuliyyətidir. Amma evlənmək istəyən şəxslərin də hüquqlarını müdafiə etmək üçün Nikah Məcəlləsindəki qaydaları bilmələri vacibdir. Bir çox hallarda  gənclər bu haqda məlumatlı olmadıqlarına görə, hər iki tərəfi, həm ailəni, həm özlərini evliliyin ilk günündən çətin vəziyyətə qoyurlar. Ümumiyyətlə, bizim münasibətlərdə hüquqi konteksi öyrənmək kimi bir zəifliyimiz var. Gənclər də bu məsələlərdə öz hüquqlarını öyrənməyə çox biganədir. Daha çox valideynlərindən asılıdırlar, onların fikirləri ilə qərar verirlər. Onların asılılığından çıxa bilmədiklərindən, qanunun onlara yol verdiyi addımlara diqqət yetirmirlər. Məsləhət görərdim ki, gənclər evliliyə qərar verərkən birincisi, tələsməsinlər, ikincisi də hüquqi aspektləri dərindən öyrənərək evliliyin ilk günlərindən özlərini çətin vəziyyətə salıb münasibətlərinin gərginləşməsinə imkan verməsinlər".  




Sizin Reklam Yeriniz