Yayın qızmar günlərində insanların sərinləmək, dincəlmək üçün ən çox üz tutduqları məkan çimərliklərdir. Bu fonda diqqət çəkən məqamlardan biri də odur ki, pullu çimərliklərin sayı xeyli artıb. Pulsuz çimərlik tapmaq isə müşkül məsələyə çevrilib. Üstəlik belə çimərliklərdə antisanitar vəziyyət əhalinin narazılığına səbəb olur. Pullu çimərliklərdə vəziyyət nisbətən yaxşı olsa da, imkanı olmayan, yaxud da pulsuz istirahəti arzulayan vətəndaşlar istədikləri kimi dincələ bilmirlər. Nəzərə almaq lazımdır ki, ətrafı bürüyən çirkab, zir-zibil pis görüntüdən əlavə, insanların orqanizmi üçün təhdidlər yaradır.
Tibb məsələlri üzrə ekspert
Adil Qeybulla bununla bağlı xəbərdarlıq edir. Həkim Movqe.az-a
antisanitar vəziyyətin insan orqanizmi üçün yarada biləcəyi
fəsadlardan danışıb: "Bu gün çimərliklərin dövlət nəzarətində olan
hissəsi, demək olar ki, yoxdur. Əksər çimərliklər əsasən rəsmi və
ya qeyri-rəsmi olaraq özəlləşdirilib. Buna görə də həmin hissəni
özəlləşdirən, bura məsul olan şəxs özü orda sanitar-gigiyenik
normalara əməl olunmasına da nəzarət etməlidir. Burda dəniz
kənarı ilə yanaşı, suyun təmiz olması da vacibdir. Belə ki, suyun
da yosunlardan, digər zibillərdən, tullantılardan təmizlənməsinə
diqqət olunmalıdır. Bütün bunlar üçün konkret
sosial-gigiyenik normalar mövcuddur. Dəniz suyunun çimərlik
üçün ayrılan hissələrində mütəmadi olaraq koli-titr vә koli-indeks
yoxlanmalı, suda bağırsaq çöplərinin miqdarı müəyyən olunmaldır.
Bundan əlavə dəniz kənarına atılmış müxtəlif qida
tullantıları, plastik qablar və s. əşyalar gec-tez dənizin
içərisinə daxil olur. Bu da çirklənməyə səbəb olur ki, məsələyə
ciddi nəzarət olunmalıdır. Yaranan antisanitar vəziyyət bağırsaq
çöplərinin yayılmasına, bağırsaq infeksiyalarının yaranmasına,
müxtəlif toksiki infeksiyalara gəitirib çıxara bilər. Dənizdə ölən
müxtəlif heyvanların cəsədlərinin də dərhal təmizlənməsi vacibdir.
Çünki burda çox qorxulu mikroorqanizmlər inkişaf edir. Bunlar
dənizdə də, dənizdən kənarda da insanın həzm orqanlarına
daxil ola bilər. Bunlar nəzər alınaraq təmizliyə ciddi şəkildə
nəzarət olunmalıdır".
Səhiyyə Nazirliyinin
Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov da
pulsuz çimərliklərdə antisanitar vəziyyətin olmasını təsdiqlədi.
Şöbə müdiri deyir ki, biz dəfələrlə əhaliyə xəbərdarlıq etmişik ki,
dəniz kənarına tullantılar atmaq olmaz: "Bu, bütün yoluxucu
xəstəliklərin yaradıcısı ola bilər. Ərazilər üzrə təmizliyə müvafiq
icra hakimiyyəti orqanları nəzarət edir ki, biz artıq bir neçə
çimərliklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə geniş arayış
göndərmişik. Arayışda bu çimərliklərlə bağlı konkret işlər
görülməsi ilə bağlı məsələ qaldırılıb".
Qeyd edək ki, aparılan yoxlamalar da bəzi çimərliklrin yararsız olduğunu üzə çıxarır. Qeyd edək ki, elə bugünlərdə çimərlik mövsümünün başlanması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti ilə birlikdə Bakı və Abşeron yarımadasında yerləşən çimərliklərdə reydlərə başlayıb.
Araşdırmalar əsasən vətəndaşların sağlamlığı üçün ciddi təhlükə törədən, əhali arasında yoluxucu xəstəliklərin yayılması, ətraf mühitə qanunsuz istehsalat və məişət tullantılarının atılması hallarının aşkar edilməsi və qarşısının alınması istiqamətində aparılıb. Reydlər zamanı paytaxtın Binəqədi, Qaradağ, Səbail, Xətai və Suraxanı rayonlarının, eyni zamanda, Sumqayıt şəhərinin ərazilərindəki bəzi çimərliklərdə çirkab suların axıdılması, məişət tullantılarının əraziyə atılması və antisanitariya şəraitinin yaradılması kimi neqativ hallar müəyyən edilib.