Əlaqə Arxiv
news Image
2014.07.15
08:33
| A A A
Azərbaycanda pullu telekanallar olacaq?!
Qulu Məhərrəmli: " Azərbaycanda pullu televiziya kanallarına əslində, tələbat müəyyən qədər var" Azər Həsrət: "Bunun üçün Azərbaycan televiziya kanalları Qərb, Rusiya və Türkiyədəki təcrübədən öyrənməlidirlər"

Bu gün dünya efir məkanında çoxsaylı televiziya kanalları fəaliyyət göstərir. Onların arasında pullu televiziya kanalları da geniş yayılıb. Hazırda Qərb dünyasında, qonşularımızdan Türkiyə və Rusiyada pullu televiziya kanalları geniş yayılıb. Bu kanalların hər biri müxtəlif mövzular üzrə ixtisaslaşaraq, əhalinin maariflənməsi, informasiya əldə etməsi, istirahətini əyləncəli keçirməsində özünəməxsus rola malikdirlər. Hətta elə pullu olmayan kanallar var ki, onun bazası əsasında müxtəlif mövzuları əhatə edən çoxsaylı pullu kanallar da formalaşıb. Məsələn, Rusiyanın məhşur NTV kanalının bazası əsasında, NTV+ formalaşıb ki, burada da ən müxtəlif filmlər, uşazqlar üçün verilişlər, idmana, təhsilə, təbiətə, heyvanat aləminə və s. aid kanallar mövcuddur. Bir sözlə, pullu kanallar vasitəsilə əhalinin geniş çeşidli maraqları təmin edilir. Azərbaycana gəldikdə, burada hələ də pullu kanallar fəaliyyət göstərmir. Yalnız kabel televiziyaları var ki, insanıların ödəniş müqabilində xidmətindədir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, pullu televiziya kanalları Azərbaycanda yoxdur. Görəsən, ekspertlər nə fikirdədir, Azərbaycanda da pullu televiziyalardan istifadə mümkündürmü?

Media üzrə ekspert Qulu Məhərrəmli düşünür ki, hazırda pullu televiziya kanalı açmaq iqtisadi və maliyyə baxımından əlverişli deyil: "Azərbaycanda pullu televiziya kanallarına əslində, tələbat müəyyən qədər var. Amma bu kanalların otraya çıxması üçün əlverişli kommersiya bazar mühiti yoxdur. Bu cür kanalların meydana çıxaraq tamaşaçını maarifləndirməsinə, onları zəruri məlumatlarla təmin etməsinə sözsüz ki, tələbat mövcuddur. Lakin təəssüf ki, Azərbaycanda hələlik bu kimi pullu televiziya kanalları təşəkkül tapmayıb, inkişaf etməyib. Bunun səbəbi birbaşa maddi problemlərlə bağlıdır. Məsələn, ölkəmizdə kommersiya kanalları bu cür televiziya şəbəkələri yarada bilər. Misal üçün ANS-in, Lider telekanalının pullu telekanal yaratması mümkündür. Lakin təəssüf ki, ölkəmizdəki televiziyalar hələlik ancaq müəyyən reklam və sponsor hesabına pullu verilişlər təşkil edir. Hələlik məsələ rüşeym formasında bu şəkildə görünür. Rusiyada, Türkiyə və Almaniyada olan səviyyədə bizim imkanlarımız yoxdur ki, pullu televiziyalar yaradılsın. Ona görə də indiki halda ölkəmizdə pullu televiziya kanalların açılması mümkünsüzdür. Bu mümkünsüzlük də Azərbaycan tamaşaçısı və izləyicisinin o cür imkanının olmamasından qaynaqlanır. Geniş kütlə üçün bu addım hələlik əlçatan deyil. Bu baxımdan hazırda pullu kanallar yaratmaq, iqtisadi və maliyyə baxımından əlverişsizdir".

Digər ekspert Azər Həsrət isə bu qənaətdədir ki, Azərbaycanda da dünyanın əksər ölkələrində olduğu kimi, pullu televiziya kanallarının açılması mümkündür: "Ölkədə buna rəsmi yasaq yoxdur. İstənilən televiziya kanalı özünün pullu xidmətini, pullu yayımını təklif edə bilər. Bunun üçün Azərbaycan televiziya kanalları Qərb ölkələrindəki, yaxud Rusiya və Türkiyədəki təcrübədən bəhrələnməli, onu öyrənməlidirlər. Onlar buradan daha çox para qazana biləcəklərini qət etməli və bundan sonra da tamaşaçıya həmin xidməti təklif edə bilər. Pullu kanalların bir üstünlüyü var ki, tamaşaçının bu halda seçim və sifariş etmək imkanları olur. Sifariş etmək imkanında olanların da düşünürəm ki, sayı az olmamalıdır. O qədər çoxlu televiziya kanalı olsa da, onu kabel televiziyası, çanaq antenasından alsa da, insan bəzən nəyisə televiziya vasitəsi ilə sufariş edib baxmaq istəyir. Bu cür xidmətin göstərilməsinə Azərbaycanda da imkanlar var. Azərbaycanın televiziya kanalları indi olmasa da, yəqin yaxın gələcəkdə bu istiqamətdə addım atar. Amma buna ciddi zərurətin olduğu barədə də fikir söyləyə bilmərəm. Çünki, ən azından bu sahədə ictimai rəyi öyrənən bir fəaliyyətə rast gəlməmişəm. Onu da deyim ki, bu xidmətin yayılması o qədər də baha başa gələn iş deyil. İnternet vasitəsi ilə də çoxlu xidmətlər təklif olunur. Rəqəmli yayım da bu sahədə əlverişli vəziyyət yaradıb. Bu baxımdan pullu telekanalların fəaliyyətə başlaması bu sahədə gerçək durumun nə olduğunu ortaya çıxara bilər. Bir müddətdən sonra həmin xidmətin faydalı olduğu üzə çıxacaq. Televiziya kanalları əlavə pul qazanmaq imkanı əldə edəcək. Bu pulun hesabına həm öz bizneslərini genişləndirəcək, həm də keyfiyyət məsələsində irəliyə doğru addım atacaqlar".

Sizin Reklam Yeriniz