Əlaqə Arxiv
news Image
2014.07.15
12:00
| A A A
Şagirdlərin yay tətili üçün yenidən düşərgələr təşkil olunacaq
Məlahət Mürşüdli: «Artıq bu məsələ ilə bağlı müzakirələr gedir» Təhsil Nazirliyi: «Bu gün məktəblilər üçün yay məktəblərinin və geniş şəbəkəyə malik olan istirahət düşərgələrinin təşkili ehtiyac duyulan məsələlərdəndir»

Şagirdlərin bütün il boyu həvəslə gözlədikləri yay tətili onların istirahətlərini necə keçirməsi baxımından da hər zaman əsas müzakirə mövzularından biri olub. Hər şagird  bu tətili bir cür keçirir. Kimi rayon yerlərində qohum-əqrabalarının ziyarət etməklə, kimi başqa ölkələrə səyahətlə, kimi hansısa düşərgələrdə dincəlməklə və s. Bir qisim isə, evdə, televizor, indiki halda isə ən çox kompüter qarşısında tətilini keçirir. 

Əvvəllər isə məktəblər tərəfindən uşaqlar üçün yay düşərgələri təşkil olunurdu. Uşaqlar belə düşərgələrdə həm əylənir, həm ünsiyyətdə olur, həm də nələrsə öyrənirdilər. Vaxtlarını səmərəli şəkildə keçirirdilər. Bu məsələ yenidən aktuallaşıb. 

Azərbaycan Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdli deyir ki, artıq bu məsələ ilə bağlı müzakirələr gedir: "Müzakirələr şagirdlərin asudə vaxtlarının səmərəli şəkildə təşkili proqramı, qanun layihəsi ətrafındadır. Çoxsaylı təkliflər var. Biz də öz təkliflərimizi vermişik.  Bu yaxınlarda şagirdlərin asudə vaxtlarının səmərəli təşkili proqramı müzakirə olundu. Uşaq hüquqları üzrə QHT alyansı  çərçivəsində bu məsələ müzakirə olundu və təkliflər verildi. Bizim də təkliflərimiz  oldu. Bu qanun layihəsi ətrafında müzakirələr elədik. Düşünürəm ki, düşərələrin təşkili də burda öz əksini tapıb. Qərar komissiyaya göndərildi və təsdiq edildi. Bu il yeni düşərgələr salınmasa da, düşünürəm ki, gələn il üçün bu, diqqətdə saxlanılacaq". 

Təhsil eksperti hər bir nazirliyin özünün öz işçilərinin övladları üçün düşərgələr təşkil etməsini təklif edir: "Qeyd edək ki, hazırda ölkədə bir neçə  düşərgə var. Məsələn, Daxili İşlər Nazirliyinin Çingiz Mustafayev adına yay düşərgəsi mövcuddur. Amma burda yalnız nazirliyin öz işçilərinin övladlarının istirahəti nəzərdə tutulub. Düşünürəm ki, hər bir nazirliyin, hər bir iri müəssisənin özünün belə düşərgələri olmalıdır. Əslində, bunun üçün baza var. Binalar var, ərazi var. Qalır yerlərdə bunu təşkil eləmək". 

Təhsil Nazirliyinə göndərdiyimiz sorğu əsasında onların da bu məsələyə münasibətini öyrəndik: "Şagirdlərin sağlam həyat tərzi və asudə vaxtlarının səmərəli təşkili məktəbin təlim-tərbiyə sisteminin prioritet istiqamətlərindən biridir. Məktəblilərin asudə vaxtının illik həcminin əhəmiyyətli hissəsini yay tətili təşkil edir. Tədris ili boyunca dərs oxuyan, imtahan və digər sınaqlardan keçən şagirdlər psixoloji və zehni yoğunluqdan qurtarmaq üçün yay istirahətinə ehtiyac duyurlar. Ona görə də, uşaqların asudə vaxtının, xüsusilə də yay istirahətinin rasional təşkili üçün yay düşərgələri mühüm əhəmiyyət kəsb edir. Uşaqların asudə vaxtının səmərəli təşkil etmək mümkün olsa, onlar zərərli vərdişlərdən də daha çox uzaq olarlar.

Bu yöndə müxtəlif qurumlar tərəfindən ayrı-ayrılıqda iş görülsə də, müvafiq mərkəzləşmiş fəaliyyətə ehtiyac duyulur. Uşaqların fiziki və mənəvi sağlamlığı və bu əsasda onların yaradıcılıq qabiliyyətlərinin inkişafı məsələləri həm valideynləri, həm müəllimləri narahat edən məsələlərdəndir. Bununla əlaqədar həm tədris prosesində, həm də tədrisdənkənar müstəvidə əlverişli mühitin yaradılmasına ciddi ehtiyac var".

Nazirlikdən bildirildi ki, təhsilalanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəki fəaliyyət azlığının uşaqların sağlamlığına zərəri və digər müvafiq məsələlərin yaratdığı problemlər Təhsil Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılır: "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda və Azərbaycan Respublikası təhsil nazirinin "Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında" əmrində qarşıya qoyulan məqsədlərə uyğun olaraq, bir sıra tədbirlər həyata keçirilməkdədir.

Bu gün yalnız Bakı şəhərində bir neçə internat məktəbi yay dövründə düşərgə rejimində fəaliyyət göstərir. Həmin dövrdə bu müəssisələrdə qalan uşaqlar üçün müxtəlif mədəni-kütləvi proqramlar həyata keçirilir. Respublikanın müxtəlif bölgələrində yay-istirahət düşərgələrinin təşkili müxtəlif qurumların öz sahə Həmkarlar İttifaqı qurumlarının və ya işçilərin təşəbbüsü ilə həmin sahədə çalışan valideynlərin övladları üçün öz vəsaitləri hesabına təşkil olunur.Təcrübəyə nəzər saldıqda da görürük ki, keçmiş sovetlər dönəmində məktəblilərin yay istirahətinin təşkili məsələsi ilə Həmkarlar İttifaqı məşğul olurdu. Odur ki, yay istirahət düşərgələri Həmkarlar İttifaqının balansında idi. Sadəcə, Həmkarlar İttifaqı məktəblilərin yay istirahətinin təşkili işində Təhsil Nazirliyinin köməyindən istifadə edirdi.

Bu gün də məktəblilər üçün yay məktəblərinin və geniş şəbəkəyə malik olan istirahət düşərgələrinin təşkili ehtiyac duyulan məsələlərdəndir".


Sizin Reklam Yeriniz