Bəzi mağazalarda, satış məntəqələrində rastlaşdığımız xoşagəlməz vəziyyətlərdən biri şirniyyat məhsullarının gigiyenik olmayan şəkildə saxlanılmasıdır. İri marketlərdə olmasa da, xırda dükanlarda bəzi hallarda şirniyyatlar üstü açıq şəkildə saxlanılır, bəzən onların üzərində xeyli sayda milçəyin və digər həşəratların olması halına da rast gəlmək mümkündür. Nəzərə alınmalıdır ki, qidanın saxlanma qaydasına əməl olunmadığına görə, bu sağlamlıq cəhətdən də fəsadlar törədə bilər.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə
müdiri İmran Abdullayev Mövqe.az-a açıqlamasında deyir ki, bu cür
məhsullar 20-25 dərəcə otaq tempraturunda və xüsusi qablarda
saxlanılmalıdır: "Yaxşı olar ki, mağazalarda çəki ilə satılan
şirniyyatlar üçün xüsusi şöbə, hissə olsun. Onların saxlanması üçün
qaydalara orda əməl olunsun. Lakin təəssüf ki, bu qaydalara bizim
bütün dükanlarımızda əməl olunmur. Bəzən gigiyenik olmayan hallarla
qarşılaşırıq".
İmran Abdullayev dükanlardakı sözügedən vəziyyətə görə, sahibkarların məsuliyyət daşıdığını bildirir: "Belə halların qarşısını yalnız sahibkar ala bilər. Bizim yoxlamalarımız əsasında hansısa obyektdə gigiyena qaydalarına uyğun olmayan vəziyyət aşkarlanarsa, sahibkar 200 manatdan 700 manata qədər cərimələnə bilər".
Azad İstehlakçılar Birliyinin
sədri Eyyub Hüseynov isə hesab edir ki, burda istehlakçıların
günahı var. Əgər insanlar belə yerlərdən heç nə almasalar, onda
mağaza sahibləri də satmazlar: "Əhali gərək belə mallara tələbt
yaratmasın. Onlar bilmirlər ki, şirniyyatın üstünə qonan milçək ora
öz yumurtasını qoyur. İnsan da şirniyyatla bərabər milçəyin
yumurtalarını yeyir. Bu, çox ciddi fəsadlar yarada bilər. Ona görə,
məsləhət görərdim ki, vətəndaşlar özləri diqqətli olsunlar. Belə
mağazalarda aparılan yoxlama, monitorinq işlərinin lazımi səviyyədə
olmaması da mövcud vəziyyəti şərtlndirən amillərdəndir".