Əlaqə Arxiv
news Image
2014.07.18
11:28
| A A A
Köhnə liftlərdən şikayət və narazılıqlar səngimir
Rövşən Talıbzadə: «Bütün binaların yeni liftlə əvəz olunmasında hansısa ciddi problem yoxdur» Lift Xidməti İdarəsi: «Paytaxtda hələ ki, 1981, 1982-ci illərdə tikilən binaların liftləri yenilənib»

Artıq xeyli müddətdir ki, yaşayış binalarında köhnə liftlərin yeniləri ilə əvəz olunmasına başlanılıb. Bir çox bina sakinləri yeni liftlərdən istifadə edirlər də. Lakin yenə də sakinlərdən şikayətlər gəlir ki, bütün binalarda təzə liftlər yoxdur. Köhnə liftlər isə təhlükə mənbəyidir.

Belə liftlərinin ya istismar müddəti bitib, ya da ki, əsaslı təmirə ehtiyacı var. Problemin aradan qaldırılması üçün dövlət büdcəsində lift təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi üçün lazımi miqdarda vəsait ayrılıb. Amma vətəndaşları yarı yolda qoyan liftlərin hamısının dəyişdirilməsinə tam əncam çəkilməyib. Belə liftlərin mühərriki və trosu uzun illərdir işlədiyindən artıq öz funksiyasını itirib. Sovet dövründən qalmış, istismar müddəti bitən və sakinlər üçün daima təhlükə mənbəyi sayılan bu liftlərə hələ də rast gəlinməsi ciddi narahatlıq predmetidir.

Ekspert Rövşən Talıbzadə bildirir ki, əslində, bütün binaların yeni liftlə əvəz olunmasında hansısa ciddi problem yoxdur: "Bizdə bununla bağlı kifayət qədər kadr da var, resurs da. Xaricdən gətirməyə ehtiyac qalmayıb. Artıq Qəbələdə yerləşən "Gilan-Lift" zavodu öz liftlərimizi istehsal edir. Yəni, nədənsə asılacağımız qalmayıb. Yalnız müəyyən detallar xaricdən gətirilir. Liftin yığılması isə zavodun özündə aparılır. Prosesin ləngiməsi sadəcə olaraq işin planı ilə bağlı ola bilər".

Lift Xidməti İdarəsindən Movqe.az-a verilən məlumata görə, paytaxtda hələ ki, 1981, 1982-ci illərdə tikilən binaların liftləri yenilənib. Qalanlar da zamanla olacaq. Sadəcə olaraq iş siyahı üzrə, illər üzrə aparılır.

Məlumat üçün bildirək ki, tipik layihəli sovet binalarında liftlər kütləvi şəkildə yalnız doqquz mərtəbəli panel evlərə qoyulmağa başlanıb və bu binaların gur tikintisi 1970-ci illərə təsadüf edib. Bakıda isə belə binalar 1970-ci illərin sonlarında -1980-ci illərin əvvəllərində tikilib. O vaxt binalara qoyulan sovet liftlərinin yararlılıq müddəti təxminən 25 ilə hesablanmışdı və artıq bir çox liftlərin çoxu 30 ildən artıqdır ki, istifadə edilir. Yəni nə qədər təmir edilməsinə, tros, mühərrik sarğısı, rele və s. dəyişdirilməsinə baxmayaraq, liftlərin fəaliyyəti sona çatır. Bu səbəbdən onların dəyişdirilməsi mütləqdir.


Sizin Reklam Yeriniz