Əlaqə Arxiv
news Image
2014.07.22
08:09
| A A A
İctimai nəqliyyatda insan sıxlığının yarartdığı böyük fəsadlar
Azər Allahverənov: “Hər gün dövriyyəyə yeni marşrut buraxılsa da, sərnişinlər çox sıx şəkildə daşınır” Şəmsiyyə Namazova: “Belə hallar mövsümə uyğun problemlər yaradır”

Araşdırmalar göstərir ki, bu gün ictimai nəqliyyatda insan sıxlığı pik saatlarında normadan dəfələrlə çoxdur. Bütün növ nəqliyyat vasitələrinin texniki göstəricilərində daşınacaq sərnişinlərin sayı göstərilsə də, sürücülərin heç biri buna əməl etmir. Oxşar vəziyyət yerüstü və yeraltı nəqliyyat vasitələrini hamısı üçün xarakterikdir. İnsanların sıx halda hərəkət etməsi isə bir sıra problemlərlə yanaşı, öz növbəsində yolxucu xəstəliklərin daha rahat yayılmasına şərait yaradır. Bundan başqa, sıxlıq həm də oğurluq və qəza zamanı xəsarətin çox olmasına gətirib çıxara bilər. Normadan artıq sıxlıq isə müxtəlif səbəblərlə izah olunur.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov "Mövqe"yə açıqlamasında bildirdi ki, Bakı şəhərinin yüklənməsi, əsas müəssisələrin məhz Bakı şəhərində olması burada əhalinin sıxlığına səbəb olan bir haldır: "1 milyon yarımlıq şəhər bu gün 2.5-3 milyon əhali ilə yüklənirsə, iş yerlərinin çox olması insanların bura axınına təsir edirsə, bu, ictimai nəqliyyatdan istifadə edənlərin sayının artmasına gətirib çıxarır. Təkcə Bakı Metropolitenindən gün ərazində bir milyon yarım insan istifadə edir. Bu da kifayət qədər yüksək göstəricidir. Yay vaxtından başqa digər fəsillərdə metroda boş gedən qatarlara rast gəlmək olmur. Avtobus nəqliyyatında da eyni vəziyyətdir. Hər gün dövriyyəyə yeni marşrut buraxılsa da, sərnişinlər çox sıx şəkildə daşınır. Bu, ilkin olaraq bilvasitə qanun pozuntusudur. Çünki, avtobusların istismarı qaydalarına görə, sərnişinlər sıx formada daşınıla bilməz. Əgər hansısa qəza baş verərsə, fiziki zədələr qaçılmazdır. Qəbul olunmuş normalar var. Bizim normalar isə çoxdan həddini keçib. Amma burada istehlakçıların da maraqları var. Avtobusda sıxlıq olsa belə, ona minirlər. Bir tərəfdən bu da qınalınası deyil. Çünki, iş saatları var. Bəzi yerlərdə isə ictimai nəqliyyatın sayı kifayət etmir. Faktiki olaraq, avtobusların dislokasiyasında problemlər olur. Məsələn, Bakı ətrafında avtobuslar çox gec intervalda işləyirlər. Nəticə etibarı ilə bu da avtobusların içində sıxlığa səbəb olur. Amma şəhərin mərkəzi hissəsində də ictimai nəqliyyatda sıxlıq müşahidə olunur. Baxmayaraq ki, burada marşurutların sayı kifayət qədərdir. Buna da səbəb Bakının mərkəzi iş yerləri ilə yükləndiyi, iş saatlarının təxmini eyni olmasıdır".

Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova bildirdi ki, belə hallar mövsümə uyğun problemlər yaradır: "Qış aylarında çox sıxlıq olanda yuxarı tənəffüs yolları xəstəliklərinə daha tez-tez rast gəlirik. Yay vaxtı isə havanın nəmliyi daha çox olduğuna görə viruslar 1-2 metrdən yayıla bilirlər. Bundan başqa, insanlar ictimai nəqliyyatda tutacaqlardan tuturlar. Buna görə də yayda insanlarda daha çox bağırsaq çöplərinə rast gəlinir. Həmçinin, yayda gözdən, burundan su axma halları sıxlıq mühitdə özünü daha çox büruzə verir. Çünki, həmin mühitdə hava dövriyyəsi yaxşı getmədiyi üçün viruslar orada daha çox qala bilir. Xroniki formada bu xəstəliklərin daşıyıcıları daha çox əziyyət çəkirlər. Yaxşı olar ki, ictimai nəqliyyat dezinfeksiya olunsun. Bu, mümkün deyilsə, insanlar hər dəfə tez-tez əllərini sabunla yumaları məsləhətdir. Yaxud da dezinfeksiyaedici nəmli salfetlərdən istifadə edilsin. Xüsusi ilə də uşaqlar qorunmalıdır. Tüpürcək olan yerlərdə isə xəstəliklərin yayılma ehtimalı daha çoxdur. Çünki, elə mikroblar var ki, çox uzun müddətdə özünün keçiricilik qabiliyyətini saxlayır. Yəni, həm insanlar özləri sanitar gigiyenik qaydalara riayət etməlidir, həm də ictimai nəqliyyatın dezinfeksiya edilməsi mütləq lazımdır".

Sizin Reklam Yeriniz