Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bir neçə gün əvvəl I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən, hər iki qrupun keçid ballarını aşağı salıb. Qurumdan verilən məlumata görə, bu qruplar üzrə ödənişli ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd fənnin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişli ixtisasların müsabiqəsində I qrup üzrə ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər qatıla bilər. IV qrup dövlət sifarişli ixtisasların müsabiqəsində isə ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edəcək.
Keçid ballarının aşağı salınması təcrübəsiən ötən illər ərzində
də rast gəlinib və səslənən fikirlərə görə, Azərbaycan təhsili üçün
ciddi təhlükələr törədə bilər. Buna görə artıq cəmiyyətdə ciddi
narahatlıq yaranıb. Məsələ ilə bağlı təhsil
üzrə ekspert Məhərrəm Zülfüqarlı Movqe.az-a bildirib:
"Azərbaycanda ali məktəblərə qəbulun universitetlərdən alınıb
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına verilməsi 1992-ci ildən
başlanılmışdı. Bu addım zərurətdən yaranmışdı. Ona görə ki,
qəbul dövründə ali məktəblərdə çoxlu neqativ hallar yaşanırdı.
Bunların aradan qaldırılması məqsədilə bu qurum yaradıldı və 22
ildir ki, fəaliyyət göstərir. Son illər TQDK-nın keçid ballarını
aşağı salması müşahidə olunur. Bu, birincisi, ondan irəli gəlir ki,
orta məktəblərdə təhsilin səviyyəsi aşağıdır. Tələbələr TQDK-nın
qoyduğu çətin test suallarına cavab verməkdə çətinlik çəkirlər.
Lakin balın aşağı salınması bununla əlaqədar deyil. Çünki, başqa
ölkələr də Azərbaycanda olan indiki vəziyyəti izləyirlər.
Məsələn, Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan kimi ölkələr, bu
boşluqdan istifadə edib xeyir əldə edirlər. Radio, televiziya,
qəzetlərdə belə elanlar verilir ki, məsələn, Türkiyənin, yaxud
Ukraynanın filan univerisiteti attestatla tələbə qəbulu həyata
keçirir. Azərbaycan gənci də burda ali məktəbə qəbul olmayanda,
gedib başqa ölkənin universitetlərinə pul köçürməklə imtahana qəbul
olunur. Bununla da Azərbaycan ailəsinin qazandığı pul başqa ölkənin
iqtisadiyyatına gedir. TQDK bunu nisbətən azaltmaq üçün balları
şağı salır".
Ekspert Azərbaycanda ali məktəblərə qəbulun sadələşdirilməsini təklif edir: "Amma fikrimcə, ümumiyyətlə, Azərbaycanda universitetlərə qəbul daha da sadələşdirilməlidir ki, digər ölkələrə tələbə axını olmasın. Xarici universitetlərə verəcəkləri vəsaiti elə bizim ali məktəblərə ödəsinlər. Sadəcə olaraq, universitetlərdə təhsilin keyfiyyəti məsələsi də var. Başqa ölkələrdə universitetə qəbul olmaq asandır, amma oxumaq çətin. Bizdə də bu sistemə keçilməli, qəbul sadələşdirilməlidir".
Azad Müəllimlər Birliyinin
sədri, təhsil eksperti Məlahət Mürşüdlü bildirdi ki, ən zəif nəticə
Azərbaycan dili və ədəbiyyat, kimya fənləri üzrə müşahidə ollunub:
"Ali məktəblərə qəbul üçün minimum 150 balın müəyyənləşdirilməsi
artıq 2-3 ildir ki, müşahidə olunur. Bu, məzunlarımızın qəbul
imtahanında göstərdikləri nəticələrin aşağı olmasıyla əlaqədardır.
Bu da birbaşa orta məktəblərdən təlim səviyyəsinin yüksək
olmamasıyla bağlıdır. Ən aşağı nəticələr də Azərbaycan dili
və ədəbiyyatı, kimya fənnindən müşahidə elədik".
Ekspert hesab edir ki, Təhsil Nazirliyi tərəfindən mövcud vəziyyətin aradan qaldırlması istiqamətində görülən tədbirlər sayəsində, yaxın gələcəkdə təhsildə vəziyyət müsbətə doğru dəyişəcək: "Sözsüz ki, təhsil sistemində bu vəziyyətin düzəldilməsi, yəni orta məktəbdə təlimin keyfiyyətinin qaldırılması, yüksəldilməsi Təhsil Nazirliyinin, bütövlükdə cəmiyyətin qarşısında duran bir nömrəli vəzifələrdəndir. Təhsil Nazirliyi bu istiqamətdə tədbirlər həyata keçirir. Dərslikləri yeni Qiymətləndirmə Şurasının yaradılması, müəllimlərin peşə səviyyəsinin müəyyənləşdirilməsi, bunun üçün aparılan sınaq qiymətləndirmə bu tədbirlər sırasındadır. Düşünürəm ki, gələn il olmasa da, yaxın gələcəkdə artıq bu görülən tədbirlər öz nəticəsini verəcək. Ən başlıcası, müəllimlərin peşə səviyyəsinin yüksəldilməsindən sonra müəyyən tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bundan əlavə, məktəb direktorlarının təyinatında müsabiqələrin keçirilməsi də planlaşdırılır və artıq həyata keçirilib. Eyni zamanda dərsliklərin məzmunu çox vacib amillərdən biridir ki, bu, şagirdlərin bilik səviyyəsinin aşağı düşməsinə təsir edir. Bu istiqamətdə də müəyyən tədbirlər həyata keçirilir. Bunların müsbət nəticələri 2-3 ilə görünəcək".