Əlaqə Arxiv
news Image
2014.07.23
11:22
| A A A
Narkotik aludəçiliyi ilə bağlı problem böyüyür
Leyla Yolçiyeva: «Bu aludəçilik sırf insanların məlumatsızlığından irəli gəlir» Adil Qeybulla: «Nəzarətdən çıxan uşaqlar qısa müddətdə narkomaniyaya qurşana bilir»

"Ağ ölüm" dəhşət saçmağa davam edir. Müşahidələr göstərir ki, Azərbaycanda narkotik maddələrdən istifadə edənlərin sayı zəif də olsa, artan xətt üzrə inkişaf edir. Düzdür, ölkədə həm vətəndaş cəmiyyəti, həm ayrı-ayrı yerli və beynəlxalq təşkilatlar,  dövlət orqanları qabaqlayıcı tədbirlər görməyə çalışır, bu sahədə işlər görülür. Lakin real vəziyyət göstərir ki, Azərbaycana hələ də xaricdən narkotik maddələrin gətirilməsi cəhdi davam edir, eyni zamanda narkotik bəlasına mübtəla olanların sayı artır. 

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbər müavini Leyla Yolçiyeva Movqe.az-a bildirib ki, aparılan son araşdırma zamanı Lənkəran və Salyanda 13 yaşlı məktəblilər arasında narkotikdən istifadə halı aşkarlanıb. Ümumiyyətlə, əvvəllər narkotikdən istifadə edənlər adətən 25-30 yaşlardan başlayırdılarsa, indi gündən-günə bu yaş  cavanlaşır. 

Leyla Yolçiyeva aludəçiliyin artmasının sırf insanların məlumatsızlığı ilə əlaqədar olduğunu bildirib: "Bu aludəçilik sırf insanların məlumatsızlığından irəli gəlir. Birincisi, narkotiklər ilkin olaraq insanlara pulsuz təklif olunur. İnsanlar ilk dəfə bunun dadına baxanda düşünürlər ki, asılılq yaranmaz bir dəfədən. İkinci dəfə təklif olunur, sonra yenə, yenə.. Bir müddətdən sonra insanda asılılıq yaranır. Sonra həmin bu insanlar artıq narkotik maddə almaq üçün pul təklif edirlər. Əgər uzun müddətli  istifadəçisidirsə, narkomanın sağalmağı demək olar ki, mümkün deyil,  əgər sağalması mümkünsə də, bunun üçün kifayət qədər pul sərf olunmalıdır. İnsanlar bunu əvvəlcədən bilsələr, düşünürəm ki, narkotik vasitələrdən istifadə etməzlər, narkotikdən pul qazananlar  tərəfindən də aldadılmazlar". 

Leyla Yolçiyeva narkomaniyaya qarşı mübarizədə müxtəlif qurumların  səyi ilə vahid konsepsiya, mexanizm hazırlanmasını təklif edir: "Maarifləndirmə tədbirləri gücləndirilməlidir. Bir təşkilat olaraq bu il biz bölgələrdə, Göyçay, Lənkəran, Şabran, Xaçmaz kimi rayonlarda görüşlər keçirdik. Burda hər yaşda insan, tələbələr də, şagirdlər var idi. Biz geniş maarifləndirmə işi apardıq. Narkotikin zərərlərindən, törədə biləcəyi fəsadlardan danışdıq. Düşünürük ki, təkcə qeyri-hökümət təşkilatları deyil, dövlət səviyyəsində də, istər ailə, uşaq, qadın institutları, istər təhsil, istər səhiyyə, istər Ədliyyə Nazirliyi və s. buna aid olan qurumlar birləşərək vahid konsepsiya hazırlamalıdırlar və bu konsepsiya təklif olunmalı, işə salınmalıdır. Yəni, bu sahədə xüsusi bir mexanizm olmalıdır". 

 Leyla Yolçiyeva onu da qeyd edib ki, təşkilat Təhsil Nazirliyi ilə birlikdə kurrikulum hazırlayıb. Bu sırf məktəblilər və müəllimlər üçün nəzərdə tutulmuş dərs kitabçasıdır. Artıq çapdan  da çıxıbdır. Çox güman ki, yaxın zamanlarda məktəblərdə də narkotikin zərərləri ilə bağlı dərslər keçiriləcək. 

Həkim Adil Qeybulla isə aludəçilyini artmasını, uşaqlar arasında da yayılmasını valideyn nəzarətsizliyi ilə əlaqələndirir: "Elə məsələlər var ki, onun üçün həm ictimai nəzarət, həm dövlət nəzarəti olmalıdır. Çox təəssüflər olsun ki, bu məsələ daha çox başlı-başına buraxılıb. Bu gün bəzi ailələrdə maddi problemlər o səviyyəyə çatıb ki,  uşaqların tərbiyəsinə  ayrılan vaxt xeyli qısalıb. Nəticədə bir çox hallarda uşaqlar məcburiyyətdən küçələrə düşürlər, onların əməyi müxtəlif formalarda istismar olunur. Onlar bir növ valideyn və müəllim nəzarətindən çıxırlar. Belə uşaqlar tezliklə narkomaniyaya da qurşana bilir, digər zərərli adətlərə də. Burada ailə tərbiyəsi mühüm rol oynayır. Uşaq müəyyən yaş dövrünə qədər müəyyən formada nəzarətdə olmalıdır, ona yol göstərilməlidir. Bunun üçün çoxsaylı sınanmış praktikala, pedoqoji üsullar var ki, biz də bundan yaralanmalıyıq. Azərbaycanda bu sahədə boşluqlar çoxdur". 

Aparılan araşdırmalara görə, son 5 ildə narkotiklərdən istifadədə yaş senzi 30-dan 17-ə düşüb, habelə məktəb şagirdləri arasında da narkotikdən istifadə hallarına rast gəlinir. 


Sizin Reklam Yeriniz