Əlaqə Arxiv
news Image
2014.07.25
11:25
| A A A
İqlim dəyişikliyi Azərbaycan florasına təsir göstərməyə başlayır
Telman Zeynalov: «Azərbaycanda ola bilər ki, 5-6 il quraqlıq keçsin» Vahid Məhərrəmov: «. Nəzərə almaq lazımdır ki, Azərbaycanın torpaq, iqlim şəraiti də, coğrafi mövqeyi də digər ölkələrdən tamamilə fərqlidir»

Son illər bütün dünyada müşahidə olunan iqlim dəyişiklikləri Azərbaycanda da öz təsirini göstərməkdədir. Belə fikirlər səslənir ki, bu dəyişiklik nəticəsində Azərbaycanda bitki örtüyündə də tədricən dəyişikliklər gedir. Vəziyyət belə davam edərsə, istisna deyil ki, quraqlığa dözümsüz olan bitki örtüyü məhv ola bilər. 

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov bununla bağlı Mövqe.az saytına münasibət bildirib. Ekoloq hesab edir ki, iqlim dəyişikliyi sadəcə, Birləşmiş Millətlər Təşkilatının və bir sıra beynəlxalq qurumların yaydığı şayiələrdir: "İqlim dəyişmələri hər zaman olub. Yer kürəsində baş verən iqlim dəyişmələrinə heç kim müdaxilə edə bilməz. Düzdür, Azərbaycanda quraqlıq müşahidə olunur. Amma adətən quraqlıqdan sonrakı illər nəmişlik keçir. Bunu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi də bilir, yerlərdə ayrı-ayrı təsərrüfatçılar da bilir. Hər bir hala qarşı hazırlıqlı olurlar. Dünya Bankı və BMT deyir ki, su filtrləri yaradaq. Bizim bəzi mütəxəssislərimiz də buna qol çəkirlər. Bilmirlər ki, 11 iqlim qurşağından 9-u Azərbaycanda yerləşir. Azərbaycan su qıtlığı ilə üzləşməyəcək. Əgər 9 iqlim qurşağı varsa, su qıtlığı necə yarana bilər? Belə deyil. Çox yanlış fikrilərdir bunlar. Azərbaycanda ola bilər ki, 5-6 il quraqlıq keçsin".   

Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun da fikirlərini öyrəndik. Ekspert iqlim dəyişikliyinin nəinki mənfi, hətta müsbət təsiri ola biləcəyini deyir: "Qlobal iqlim dəyişikliyinin həm müsbət, həm mənfi təsiri var. Yalnız mənfi təsirindən danışmaq doğru deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycanın torpaq iqlim şəraiti də,  

coğrafi mövqeyi də digər ölkələrdən tamamilə fərqlidir. Ölkmizi bir tərəfdən Böyük Qafqaz dağları, bir tərəfdən Kiçik Qafqaz dağları əhatə edir. O cümlədən Xəzər dənizi bizi qlobal iqlim dəyişikliklərinin ciddi fəsadlarından qoruyur. Əgər deyirlərsə ki, Azərbaycanda taxılçılıq bu il quraqlıq səbəbindən zəif olub, bunun heç bir əsası yoxdur. Bu il əsl taxıl ilidir. Necə olur ki, qonşu Rusiyada bu il daha az əkin sahəsindən daha çox məhsul əldə ediblər? Eləcə də Gürcüstanda və digər qonşu ölkələrdə. Biz qlobal iqlim dəyişikliyi sahəsində tədqiqat aparmışıq. Onun müsbət, həm də mənfi təsiri haqda hökümətə təkliflərimizi də vermişik. Sadəcə, elə yol seçmək lazımdır ki, bunun müsbət təsirindən yaxşıca bəhrələnək və risklərin də qarşısını alaq. Azərbaycanda bu prosesi tam olaraq idarə etmək mümükündür. Azərbaycan kiçik bir ölkədir. Dediyim kimi, Böyük və Kiçik Qafqaz dağları, o cümlədən Xəzər dənizinin çox müsbət təsiri var. Burda insan amili də xüsusi rol oynayır. Lazımi tədbirləri həyata keçirməklə biz həm  düşən buz parçalarının qarşısını ala, neytrallaşdırıb yağış formasında düşməsini təmin edə bilərik, həm də dəyişən iqlim şəraitinə uyğun bitkiçiliyimizi yaxşı inkişaf etdirə bilərik. Düşünürəm ki, Azərbaycanda həm quraqlığa dözümlü kifayət qədər bitkilər yetişdirilə bilər, həm də mövcud bitkiləri qoruya bilərik. 

Dünyada Azərbaycandan da quraqlıq ölkələr var. Məsələn, Misir hər hektardan 70 sentner məhsul götürür. Azərbaycan isə münbit şəraiti olduğu halda, bu il hər hektardan 23 sentner taxıl götürəcəyini elan edib. Halbuki, bizim həm potensialımız, həm də iqlim şəraitimiz daha yüksək məhsul götürməyə imkan verir".

İqlim dəyişikiyinin müsbət təsirinə gəlincə isə ekspert bildirib: "Nəzərə almaq lazımdır ki, qlobal iqlim dəyişikliyi son bir neçə ildə havanın tempraturunun artması nəticəsində baş verir. Yəni, qlobal istiləşmə nəticəsində baş verir. Biz bundan istifadə edərək istiyə dözümlü olan, isti sevən bitkilərin geniş əkinini həyata keçirə bilərik. Digər ölkələrdən fərqli olaraq bu, bizə üstünlük verər. O baxımdan ki, isti sevən bitkilərin əkini ilə bəzi ölkələr məşğul ola bilmir. Məsələn, Rusiyada hava şəraiti bizdən fərqli olaraq soyuq keçdiyi üçün onlar belə bitkilərin geniş formada istehsalını həyata kçirə bilmirlər. Biz bu fürsətdən yararlana bilərik. Çünki günəşli günlərin bolluğu, havanın isti keçməsi bitkinin normal inkişafı üçün vacib elemntlərdən biri sayılır. Bu baxımdan da yaranmış şəraitdən istifadə edərək isti sevən bitkilərin geniş istehsalı ilə məşğul ola və bununla ətraf ölkələrin bazarlarını təmin edə bilərik. "


Sizin Reklam Yeriniz