Azərbaycan gənclərinin dövlət xətti ilə də xaricdə təhsil almağa göndərilməsi ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacının ödənilməsində mühüm rol oynayır. Artıq illərdir ki, ölkəmizdə bununla bağlı aparılan tədbirlər nəticəsində minlərlə gənc dünyanın ən inkişaf etmiş ölkələrində təhsil almaq hüququ qazanıb. Nəzərə çatdıraq ki, bu sahədə işlər "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində görülüb. Elə bu günlərdə təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş tələbələrlə görüşüb. Görüşdə M. Cabbarov diqqətə çatdırıb ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacının ödənilməsinə xidmət edir.
Xarici ölkələrə göndərilən tələbələrin böyük nailiyyətlərlə, bilik və savadla, təcrübə ilə geri dönməsi görülən işlərin uğurlu nəticəsidir. Bu baxımdan xaricdə oxumaq şansının daha çox gəncə verilməsi arzuolunandır. Artıq 2007-2015-ci illər üçün nəzərdə tutulan dövlət proqramı gələn il başa çatır. Maraqlıdır ki, belə bir vaxtda dövlət proqramın müddətinin uzadılması gözlənilirmi?
Təhsil sahəsi üzrə ekspert
Məhərrəm Zülfüqarlı məsələ ilə bağlı fikirlərini Mövqe.az-la
bölüşüb. Ekspert tələbələrin xaricdə təhsil almağa dövlət xətti ilə
göndərilməsini Azərbaycan hökümətinin apardığı siyasətin ən uğurlu
nəticələrindən biri sayır: "Hələ Azərbaycan Xalq Cumhuriyyəti
dövründə hər il 100 tələbəyə bu şans verilirdi. 70-ci illərdə
ümummilli lider Heydər Əliyev keçmiş SSRİ imperiyasının qabaqcıl
ölkələrinə gəncləri təhsil almaq üçün göndərirdi. İndi də dünyanın
aparıcı ölkələrinə, Amerika, Kanada, İngiltərə, Almaniya, Türkiyə
kimi ölkələrə dövlət xətti ilə xeyli gənc göndərilir. Bu, çox
müsbət haldır. Mən inanıram ki, bu proqram 2015-ci ildən sonra da
daha uğurla və daha çox gəncin göndərilməsi ilə davam edəcək.
Çünki, bu, Azərbaycan dövlətinin gələcəyi ilə bağlı
məsələdir. Düşünürəm ki, dövlət başçısı da bu məsələyə əvvəlki
illərdə olduğu kimi dəstək verəcək".
Mövzu ilə bağlı Azərbayca
Respublikasının Təhsil Nazirliyinə göndərdiyimiz sorğu əsasında
bildirildi ki, bu məsələyə "Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyası çərçivəsində baxılması gözlənilir. Ona görə
də, görüləcək tək iş gənclərin özlərini inkişaf etdirməsi, dövlət
tərəfindən xarici ölkələrə təhsil almaq üçün göndərilmək şansını
əldə etmək yolunda çalışmaqdır. Hər halda məsələyə növbəti ilə kimi
aydınlıq gətrilməsi istisna deyil.