Əlaqə Arxiv
news Image
2014.07.26
08:23
| A A A
Məmurlar yerli avtomobillərdə gəzəcək?!
Seymur Yunusov: “Gələcəkdə avtomobil zavodumuz təkmilləşsə, buna baxmaq olar” Ərşad Hüseynov: “Daxili məhsul olduğuna görə gəlir Azərbaycana qalacaq”

Xəbər verildiyi kimi, Rusiyanın baş naziri Dmitri Medvedyev dövlət və bələdiyyə ehtiyacları üçün xarici markalı avtomobillər alınmasını xeyli dərəcədə məhdudlaşdıran sərəncam imzalayıb. Rusiyanın baş naziri bildirib ki, o, bu sərəncamın bazarda zəruri balans yaradacağına ümid edir: "Federal büdcənin xərclərinin çox hissəsi mal-məhsul almağa və xidmətlərə gedir. Əgər bu pullar xarici istehsalçıların yox, yerli şirkətlərin cibinə getsə, bundan ölkə qazanar. Bu halda yerli iqtisadiyyat da güclənər və yerli şirkətlərin rəqabət qabiliyyəti artar".

Bildirək ki, bu qadağa təkcə məmurların xidməti maşınlarına yox, həm də ictimai nəqliyyat sektoruna, büdcə təşkilatlarına, təcili sosial xidmət və kommunikasiya şəbəkəsinə aiddir. Məqsəd yerli istehsalı stimullaşdırmaq və büdcəyə qənaətdir. Oxşar təcrübənin tədricən ölkəmiz üçün də tətbii zəruri sayılır. Azərbaycanın artıq maşın istehsalçısı olduğunu nəzərə alsaq, bu fikrin tərəfdarları getdikcə artır.

Lakin ekspert Seymur Yunusov məmurların hamısının mütləq şəkildə yerli maşından istifadə etməsinin tərəfdarı deyil: " Naxçıvanda istehsal olunan "Lifan" tam yerli maşın deyil. Çinin yığma maşındır. Tam yerli maşın olsa, bu məsələyə baxmaq olar. Yəni, Azərbaycanı dünyada tanıtdıran brend olmalıdır. Brendə əhalidə inamı artırmaq üçün məmurların onu sürməsi məqsəduyğun olardı. "Lifan" isə bizim brend deyil. Ona görə də hazırda tam keçidin tərəfdarı deyiləm. Amma gələcəkdə avtomobil zavodumuz təkmilləşsə, buna baxmaq olar. Çünki, zavodun proqramında bir neçə ehtiyat hissəsini ölkədə yığılması planı var. İndiki halda məmurlarımızın xarici brend maşını sürməkləri daha düzgündür. Çünki bu, ölkənin imicini, müasirliyini, zənginliyini göstərir. "Lifan" isə hələlik bu standartlara cavab vermir".

Seymur Yuyunsov qeyd etdi ki, "Lifan" məmur üçün yığılmayıb: "Gələcəkdə isə yığa bilərlər. Amma "Lifan" ın Çində xüsusi olaraq Çin rəsmiləri üçün modelləri mövcuddur.

Lakin yerli istehsala dəstək vemək baxımından bunu etmək olar. Hətta Naxçıvanda yerli avtomobillərin faizsiz kreditlə satışına başlanılıb. Hazırda dövlət əlillərə "Lifan" maşını verir. "Lifan" ilin 6 ayı ərzində 1300 ədəd istehsal edilib. İlin sonuna qədər isə 2000 min avtomobil istehsalı planlaşdırırlar. Halbuki, zavodun istehsal gücü ildə 5 min avtomobildir. Yəni, 50%-ni dövlət əlillərə verir. Bu da böyük reklamdır. Amma bunu məmur avtomobili səviyyəsinə çatdırmaq indiki halda imic və texniki göstəriciləri baxımından məqsədəuyğun deyil".

Nəqliyayt məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, Rusiyada atılan addımın məqsədi avtomobil sənayesini inkişaf etdirməkdir: "1980-si illərdə SSRİ dünyada avtomobil istehsalına görə ilk beşlikdə idi. SSRİ dağıldıqdan sonra avtomobil sənayesi də zəiflədi.

Məmur yerli maşında gəzirsə, bu, əhalidə həvəs yarada bilər. Buna görə yaxşı təşəbbüsdür. Tam Azərbaycanın özünü markası olan avtomobil yoxdur. "Lifan" Çinin modelidir, gətirib Naxçıvanda yığırlar. Ancaq yığım prosesindəki heç bir detal Azərbaycanda istehsal olunmur. Hər bir halda bu təşəbbüsü dəstəkləmək olar. Daxili məhsul olduğuna görə gəlir Azərbaycana qalacaq. Həm də dövlət büdcəsinə qənaət edilir. Məmur 100 minlik maşınla gəzincə, 15 minlik "Lifan"da gəzməklə büdcəyə qənaət edər. Büdcəyə qənaət və yerli sənayenin inkişafı baxımından dəstəklənəsi təşəbbüsdür. Eyni zamanda "Lifan" tələblərə cavab verir. Yüksək təchizatlı olmasa da, təchizat, müsair texnologiyalar baxımından orta səviyyəli avtomobildir".

Sizin Reklam Yeriniz