Əlaqə Arxiv
news Image
2012.07.10
08:30
| A A A
Qeyri-leqal məşğulluqla büdcədən milyonlar yayındırılır
Sahib Məmmədov: «Vətəndaşların əksəriyyəti işlədikləri halda işsiz kimi ünvanlı sosial yardım almağa çalışırlar»

Yoxsulluğun aradan qaldırılmasının başlıca yollarından biri işsizliyin aradan ləğvidir. Bunun üçün yeni iş yerləri yaradılmalıdır. Rəsmi rəqəmlərə inansaq, Azərbaycanda iş yerlərinin sayı kifayət qədərdi. Son 8 ildə ölkədə nə az, nə çox 1 milyondan çox yeni iş yerləri açılıb.

Bu da orta hesabla hər il üçün 130 min iş yerinin açılması deməkdir. Lakin təəssüf ki, bu qədər işlə təmin olunanların heç də hamısı büdcəyə vergisini ödəmir.

Xatırladaq ki, işə götürülən hər bir şəxs (muzdlu işçilər istisna olmaqla) fiziki şəxs olaraq gəlir vergisindən dövlətə ödəmələr etməlidir. Qanunla şəxs, azı 3 gün hansısa müəssisədə, təşkilatda işlədikdə adına Şəxsi Uçot Kartı (və ya, sosial yığım kartı) açılır və dövlətə vergi ödəyir. Amma 8 ildə nə fiziki şəxslərin gəlir vergisi, nə də Sosial Müdafiə Fondunun topladığı vəsaitlərdə ciddi artım olmayıb.

Ekspertlər hesab edir ki, bunun əsas səbəbi bəzi müəssisələrin işçilərlə əmək müqaviləsi bağlamamasıdır. Belə ki, müəssisələr təsis edilərkən rəhbərlik dövlət qurumlarına müəyyən imtiyazlar almaq üçün işçilərin sayını artıq göstərir. Müəssisə işə başlayandan sonra məlum olur ki, orada iki-üç nəfər çalışır. Qeyd edək ki, oxşar vəziyyət bəzi zavod, fabriklərdə, fermer təsərrüfatlarında, ictimai sektorda da hökm sürür.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, qeyri-leqal əmək fəaliyyətinin kökündə işçi ilə işəgötürənən sövdələşməsi nəticəsində meydana çıxan vergidən yayınma məqsədi durur: "Azərbaycanda bəzi şəxslərin pensiya yaşına qədər yaşayacaqlarına inam yoxdu. Ona görə də, əmək müqaviləsinin bağlanmasında, fərdi elektron hesaba pul köçürmədə maraqlı olmurlar. Digər tərəfdən maaşlar aşağı olduğu üçün qeyri-leqal məşğulluğun səviyyəsi artır. Ölkədə fərdi məşğulluq və sahibkarlıqla bağlı rəqəmlər arasında ziddiyyətlər də mövcuddu. Bildirilir ki, ölkədə aktiv əhalinin 65 faizi özünü işlə təmin edən fərdi məşğul insanlar, 35 faizi muzdlu işçilərdir. Həmin 35 faizin məşğulluğu gizlədilir. Digər tərəfdən hökumət Azərbaycanda nə qədər şəxsin işlədiyini dəqiq bilmir. Ölkədə ünvanlı sosial yardım alanların sayı hər il 10-20, bəzən 30 min artır. Bütün bunların kökündə qeyri-leqal məşğulluq durur. Vətəndaşların əksəriyyəti işlədikləri halda işsiz kimi ünvanlı sosial yardım almağa çalışırlar. Ona görə də, son hesablamada qeyri-dəqiqliklər üzə çıxır".

S.Məmmədov hesab edir ki, əmək müqaviləsi olmadan fəaliyyət göstərən qurumlara qarşı cəza tədbirləri sərtləşdirilməlidir: "Belə fəaliyyət həm vətəndaşın gələcək taleyini sual altında qoyur, həm də dövlətin sosial siyasətini alt-üst edir: "Azərbaycanda vətəndaşlar iş yerlərini gizlətmək, vergidən yayınmaq, əmək müqaviləsi olmadan çalışmaq üzrə hətta MDB ölkələrini geridə qoyurlar. Bunun qarşısını yalnız nəzarəti gücləndirmək və sərt cəza tədbirləri tətbiq etməklə almaq olar". Nəticədə, qeyri-leqal məşğulluqla büdcədən milyonlar yayındırılır.

Sizin Reklam Yeriniz