Əlaqə Arxiv
news Image
2014.08.22
08:01
| A A A
Şəfasını qürbətdə axtaranlar
Adil Qeybulla: “Azərbaycan səhiyyəsində struktur islahatları sona çatmadığından belə problemlər yaşamaqdayıq”

Vaxtı ilə televiziya ekranlarını bürüyən şadlıq saraylarının reklamı artıq öz yerini klinika reklamlarına verib desək, yanılmarıq. Ancaq özəl və dövlət tibb müəssisələrinin sayında müşahidə edilən artım xidmət səviyyəsində də özünü tam şəkildə göstərə bilmir. Yenə də əsasən qonşu ölkələrin xəstəxanalarında kifayət sayda azərbaycanlını görmək mümkündür. Müxbirimizin Gürcüstan səfəri bunu deməyə əsas verir. Əməkdaşımızın bildirdiyinə görə, Gürcüstanın Mərkəzi Urologiya Xəstəxanasında günün istənilən vaxtında pasiyentlərin yarısını burdan ora getmiş azərbaycanlılar təşkil edir. Bu vəziyyət tək sözügedən xəstəxanada yaşanmır. Demək olar ki, Gürcüstanın bütün xəstəxanalarında pasiyentlər arasında yerli əhalidən sonra azərabycanlılar çoxluq təşkil edir. Bunu oranın həkimləri də təsdiq edir. Xaricə müalicə məqsdədi ilə gedənlərin rəsmi sayı dəqiq bilinmsə də, Türkiyə və İran xəstəxanaları da həmyerlilərimizin güvəndiyi yerlərdəndir. Problemlə bağlı Səhiyyə Nazirliyinin mövqeyini öyrənə bilmədik. Mütəxəssislər isə həmişə kimi səbəbi əsasən səhiyyəmizin qüsurlarında axtarırlar.

Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, bunu sırf bizim təbabətin qüsurları ilə bağlamaq düzgün olmazdı: "Amma bu fakt da var. Azərbaycanda həkimlərin peşəkarlığı ilə bağlı problemlər mövcuddur. Bəzən pasiyent istədiyi mütəxəssisi tapa bilmir və ya müalicənin nəticələrindən narazı qalır. Bununla da xarici ölkələrə üz tutur. Bundan başqa, burada qiymət amili də rol oynayır. Məsələn, Gürcüstan və İranda müalicə bizə nisbətən ucuz başa gəlir. Bu da əsas faktorlardan biri hesab edilir. Digər mühüm əlamət isə bir millət olaraq bizim xaricə üstünlük verməyimizdir. Ancaq dünyanın əksər yerində öz ölkəsindən kənara meyl var. Hətta Türkiyədən Almaniyaya, Almaniyadan ABŞ-a gedənlər olur. Amma bunlar kütləvi deyil".

Professor bildirdi ki, müalicə üçün xaricə axının qarşısını almaq məqsədilə Azərbaycanda səhiyyənin peşəkarlığı artırılmalıdır: "Ölkəmiz tam Qərb təbabətinin standartlarına keçilməlidir. Bu gün bəzi sahələrimiz var ki, Qərb təbabətinin prinsiplərinə hələ keçməyib. Baxmayaraq ki, biz rezidenturaya keçmişik, Qərb təbabətinin bəzi strukturlarını artıq qəbul etmişik. Ancaq bütövlükdə Qərb təbabətinin standartlarına cavab vermək, yəni, konkret hər bir şəxsin öz sahəsi ilə məşğul olması, Ümumdünya Səhiyyə Təşkilatının kliniki protokolları əsasında müalicənin aparılması vacibdir. Bütün bunlar təşəkkül taplamlıdır. Peşəkar kadrlar hazırlanmalıdır. Bunlardan başqa, səhiyyədə sığorta təbabətinin tətbiqi önəmlidir. Bütün bunlardan sonra Azərbaycan səhiyyəsi də nümunəvi səhiyyəyə çevriləcək".

Ekspert qeyd etdi ki, vətəndaşlarımız daha çox İran və Gürcüstana üz tuturlar: "Çünki, həmin ölkələrdə səhiyyə xidmətləri nisbətən ucuzdur. Türkiyəyə gedənlər də az deyil. Türkiyəyə isə daha çox əhalinin imkanlı təbəqəsi üz tutur. Ancaq Türkiyədə təbabət İran və Gürcüstandan qat-qat yüksəkdədir. Türkiyə demək olar ki, Avropanın bir hissəsidir. Hesab etmək olar ki, Avropanın təbabətini qurublar. Elə İranın özündə də əsas kadrlar Qərb təhsilli kadrlardır".

Adil Qeybulla hesab edir ki, Azərbaycanda kifayət qədər tibbi texnika var: "Azərbaycan təbabətinin maddi-texniki bazası yetərlidir. Bu baxımdan demək olar ki, səhiyyəyə diqqət var. O istiqamətdə kifayət qədər maliyyə ayrılır. Amma Azərbaycan səhiyyəsində struktur islahatları sona çatmadığından belə problemlər yaşamaqdayıq".

Sizin Reklam Yeriniz