Əlaqə Arxiv
news Image
2014.09.04
08:11
| A A A
Azərbaycanlı miqrantların Rusiyanı tərk etməsi gözlənir
Samir Əliyev: “Rusiyada qazanılan rublu manata çevirəndə həmin insanların gəlirləri ən azından 10% azalacaq” Azər Allahverənov: “Sanksiyalar əməkçi miqrantların Rusiyadan uzaqlaşmasına səbəb ola bilər”

Şimal qonşumuzun valyutası hələ də sürətlə dəyər itirməkdədir. Son məlumatlara görə, Moskva Birjasında ABŞ valyutası tarixi maksimum həddinə çatıb. Belə ki, Moskva Birjasında 1 ABŞ dolları 37,3 rubla dəyişdirilib. 1 avro isə 49 rubla bərabər olub. Avro sonuncu dəfə bu ilin may ayında göstərilən həddə qalxıb. Qeyd edək ki, Rusiya valyutası Ukrayna hakimiyyətinin Rusiya qoşunlarının Ukraynanın şərqinə daxil olması ilə bağlı bəyanatından sonra dəyərini sürətlə itirməyə başlayıb. Artıq Rusiya Mərkəzi Bankı rubl-dollar kursunun müəyyən edilməsi dəhlizinin yuxarı həddini də qaldırıb. İndi bu hədd 1 dollar üçün 44 rubl müəyyən edilib. Yəni, rubl bu həddə kimi ucuzlaşa bilər. Belə vəziyyət isə Rusiyada çalışan miqrantlar, o cümlədən azərbaycanlılar üçün də sərf etmir. Həmçinin, bu hal Rusiyadan Azərbaycaan göndərilən pulların dəyərinin və həcminin azalmasını da şərtləndirir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev hesab edir ki, rus rublunun ucuzlaşmasının davam etməsi gözləniləndir: "Çünki, qarşıda Rusiyaya qarşı daha bir sanksiyanın tətbiq edilməsi nəzərdə tutulub. Bu sanksiyalar ilk növbədə Azərbaycan Dövlət Neft Fondunun vəsaitlətinə də mənfi təsir göstərəcək. Söhbət Rusiyada yerləşdirilən 1 milyard həcmindəki aktivlərdən gedir. Həmin vəsaitlər 15% dəyərini itirəcək. İkinci istiqamət isə təbii ki, azərbaycanlıların orada qazandıqları puldur. Rublun məzənnəsinin aşağı düşməsi qazanılmş həmin pulların dəyərinin ən azından 10% itməsinə gətirib çıxaracaq. Çünki, həmin pullar rubl ilə qazanılır. Azərbaycana göndəriləndə isə Azərbaycan manatına çevrilir. 2014-cü ildə rubl manata nisbətən dəyərini 10% itirib. Bu da o deməkdir ki, Rusiyada qazanılan rublu manata çevirəndə həmin insanların gəlirləri ən azından 10% azalacaq. Bu, yalnız məzənnəyə görə baş verən itkidir. Amma zərərlərin başqa tərəfi də var. Sanksiyalar iş yerlərini bağlanma təhlükəsi ilə üz-üzə qoya bilər. Bundan başqa, biznes mühiti pisləşir, gəlir azalır. Bu amilləri nəzərə alsaq, tətbiq edilən sanksiyaların azərbaycanlılara mənfi təsirinin olduğunu söyləyə bilərik. Getdikcə sanksiyalar nə qədər çox dərinləşsə, onun Azərbaycana təsiri bir o qədər çox olacaq".

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov isə hesab edir ki, sanksiyalar əməkçi miqrantların Rusiyadan uzaqlaşmasına səbəb ola bilər: "Rusiyanın siyasi və iqtisadi müstəvisində baş verən hadisələr bu və ya digər formada orada əmək fəaliyyəti ilə məşğul olan miqrantların işinə mənfi təsir edir: "İqtisadi, hümanitar böhran, siyasi gərginliklər, millətlərarası münasibətlər bilvasitə miqrantların vəziyyətinə təsir edən hallardır. Onların mənfi məcaraya doğru inkişaf etməsi miqrantların ya sayının azalmasına, ölkəni tərk etməsinə, ya da müəyyən istiqamətlərdə fəaliyyətlərinin latent şəklə keçməsinə səbəb olur. Xüsusi ilə iqtisadi tənəzzül elementləri birmənalı olaraq orada əmək fəaliyyəti ilə məşğul olan miqrantların vəziyyətinə təsir edir. Bu da miqrantların ya əmək fəaliyyətlərinin spektrının dəyişməsinə, ya da ölkəni tərk etməsinə səbəb olan haldır".

Ekspert qeyd etdi ki, vaxtı ilə Rusiyada əmək fəaliyyəti məhdudlaşdırılmış insanlar daha çox Ukrayna Azərbaycan və Türkiyəyə istiqamət alırdılar: "Son illər isə tendensiya xüsusilə də Özbəkistan olmaqla Orta Asiya ölkələri istiqamətini alıb. Amma indi nəzərə alaq ki, Ukraynada vəziyyət yaxşı deyil. Türkiyədə də biznes əlaqələrini geniş şəkildə qurulması imkanları bir qədər məhduddur. Orada mümkün imkanlar artıq müəyyən biznes dairələri tərəfindən tutulub. Miqrantın mütəşəkkil yox, yalnız fərdi şəkildə əmək əmək fəaliyyəti ilə məşğul olmasına şərait var. Özbəkistana isə gedənlər artıq gedib. Deməli, bir yer qalır. Əgər Rusiyada iqtisadi böhran dərinləşsə, miqrantların müəyyən qisminin Azərbaycana qayıtması istisna edilmir. İnsanlar əllərində olan kapitalları qoruyub saxlaya bilsələr, Azərbaycana gəldiyi halda səmərəli şəkildə istifadə edəcəklər. Bu kapital olmadığı halda isə vəziyyət daha çətinləşəcək".

Sizin Reklam Yeriniz