Əlaqə Arxiv
news Image
2014.09.04
08:52
| A A A
Qorxunc virusla bağlı dəhşətli məqamlar üzə çıxır
Adil Qeybulla: " Ebola çayından götürülən tədqiqatlar da virusun yeni olduğunu təsdiqlədi " Aydın Əliyev: "Hesab edirəm ki, bu kimi virus tipli xəstəliklər daha çox məqsədyönlü şəkildə yayılır"

Son dövrlər dünyada yayılan müxtəlif təhlükəli viruslar bu məsələyə daha çox diqqət yetrilməsinə rəvac verib. Hazırda bu viruslar arasında son zamanlar Ebola virusu daha geniş səpkidə tuğyan edir. Artıq bu virus Afrikanın bir sıra ölkələrini caynağına alıb. Həmin ölkələrdə minlərlə insan bu xəstəliyə tutulub. Çoxsaylı ölənlər də var. Hətta Afrikada səyahətdə olan bir sıra Avropa ölkələri vətəndaşları da bu virusa yoluxublar. Hələlik Ebola virusuna qarşı mübarizənin tam effektiv mübarizə yolu tapılmayıb. Ona görə də təhlükə qalmaqla yanaşı, həm də onun daha dəhşətli xarakter alması ehtimalı da aradan qalxmayıb.

Maraq doğuran isə odur ki, belə virusların meydana gələrək çoxalmasına nələr səbəb olur? Bu ekoloji dəyişiklik nəticəsində baş verib, yoxsa qəsdən edilir?

Tibb elmləri doktoru Adil Qeybulla bu barədə konkret cavab verməyin indilikdə çətin olduğunu dedi: "Hazırda yayılan ebola virusunun mənşəyinin nə olduğunu konkret demək çətindir. Ümumiyyətlə, bu haqda mətbuatda iki istiqamətdə informasiyalar səslənir. Bir versiyaya görə, virus başqa bir virus növündən peyda olub. Digər bir versiyada isə göstərilir ki, bu virus laboratoriyalarda hazırlanaraq müəyyən məqsədlər naminə bir təxribat olaraq istifadə olunmaq üçün ərsəyə gətrilib. Bu versiya ittihamdır, ona görə də, bu faktı təsdiq edə bilmərik. Helsinki Deklorasiyasının prinsiplərinə görə, belə olarsa, bu cinayət tərkiblidir. Ebola virusu yeni meydana çıxanda onu paradik qızdırmanın növü kimi qeyd edirdilər. Hətta sarı qızdırma olduğunu düşünürdülər. Sarı qızdırma 4 karantin infeksiyalarından biridir. Ebola virusundan ilk ölən Belçika vətəndaşından alınan qan analizlər göstərdi ki, bu virus yenidir. Ebola çayından götürülən sonrakı tədqiqatlar da virusun yeni olduğunu təsdiqlədi. Xassə etibarı ilə bu qızdırma törədən viruslara aiddir. Ona görə də ona kəskin emorodik qızdırma virusu deyilir. Virus orqanizmə qanla daxil olur. Hava damcı yolla yoluxma isə sübut olunmayıb. Orqanizmdə xəstəliyin əlamətləri başladıqda, onun müalicə olunması mümkün olmur. Ona görə də bu virus artıq bütün dünyanı narahat etməyə başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının müvafiq qurumları virusun yayılmasının qarşısını almaq, onu yerindəcə lokallaşdırmaq və preventiv tədbirlər görmək istiqamətində ciddi iş aparır. Virusun artıq bir neçə ölkədə epizodik də olsa peyda olması artıq dünyanı narahat edir. Çünki, belə bir təhlükəli virusun xassəsi dəyişib hava damcı yolu ilə yayılmağa başlasa, böyük insan tələfatı ilə müşayiət olunan epidemiyaya gətirib çıxara bilər. Hesab edirəm ki, bu məsələyə ciddi yanaşmaq gərəkdir".

Həkim Aydın Əliyev isə bu qənaətdədir ki, ebola virusu qəsdən ortaya atılıb: "Ebola virusunun yaranmasında təbii ki, ekoloji mühitin dəyişməsinin də mühüm rolu vardır. Dünyada sistemlərin dəyişməsinin də burada rolunun olduğunu deyə bilərik. Fikrimcə , hazırda Afrika ölkələrinə bazar və bir eksperiment kimi yanaşma mövcuddur. Hesab edirəm ki, bu kimi virus tipli xəstəliklər daha çox məqsədyönlü şəkildə yayılır. Dünyada ayrı-ayrı qüvvələr var ki, onlar da həqiqətən də insanların məhvi haqqında düşünür və belədə Ebola tipli xəstəliklərin yayılmasında maraqlı olurlar. Maraqlı bir məqam var, xəstəlik ortaya çıxan kimi onun dərmanı da tapılır. Bu da bir qədər şübhə yaradır. Amma ümumi şəkildə ekoloji mühitin pis formada dəyişməsi, insanla təbiət arasında münasibətlərin həddən artıq tarazlıqdan çıxması, təbiətin flora, faunası pozulduğundan müxtəlif xəstəliklərin yayılması da çoxalıb. Belə xəstəliklər hətta insanların düşüncəsini poza bilər. Təəssüf ki, insanlar flora və fauna aləminə lazımi diqqət yetirmir. Belə xəstəliklərdən silah kimi istifadə olunması, eksperiment aparılması haqqında da fikir söyləmək olar. Dünyada gedən müharibələrdən biri də dərman, xəstəliklər müharibəsidir. İnsanlar əksər hallarda bu kimi virusların yayılmasını həkimlərin peşəkarlığının zəifliyində görür. Amma bu xəstəliklərə dünyanı düzgün idarə edə bilməyən insanlar səbəb olur, ona görə də ebola kimi viruslar da meydana çıxaraq yayılır".

Sizin Reklam Yeriniz