Əlaqə Arxiv
news Image
2014.09.08
18:00
| A A A
Uçqun altında qalan ailə başçısının meyidi çıxarıldı-REPORTAJ+FOTOLAR

-Baxın görün sağ salamdır, yoxsa ölüb?

-Deyəsən sağdır, deyirlər səsi gəlir.

-Can, torpağın altından gələn səsinə qurban.

-Təmkinli ol, inşallah salamat çıxardarlar.

Ağlaşma səsindən, fəryad,ah-nalədən qulaq tutulurdu. Polis əməkdaşları nə qədər sakitləşdirməyə çalışsalar da, Qardaşının uçqun altında qalan ailəsindən bir xəbər almaq üçün uçan binaya tərəf dartınan Kifayəti sakitləşdirmək mümkün deyildi. Qubadlıdan məcburi köçkün olan ailənin naməlum taleyinə işıq salacaq xəbəri səbirsizliklə gözləyirdilər. Bu gün səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində baş verən güclü partlayışdan sonra dağıntılar altında qalan yaxınları barədə məlumat almaq üçün hər kəs bu ünvana yığışmışdı. Hamı gözünü bir nöqtəyə dikib Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin içəridən çıxmasını gözləyirdi. Movqe.az-ın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, bir ailədədn üç nəfərin hələ də dağıntılar altında qalması həyəcanı artırırdı. İntizarla, gözüyaşlı qardaşının uçqun atında qalan ailəsindən xəbər gözləyən Kifayətlə söhbət zamanı öyrəndik ki, hələki, ailənin 5-ci sinfə gedən qızının ölüsündən-dirisindən bir xəbər yoxdur: "Qardaşım, qardaşımın balası, bir də bacım uçqun altındadır. Onların öldüsündən, qaldısından hələki bir xəbər yoxdur.

Elə bu an Əhmədov Məharətin cəsədinin dağıntılar altından çıxarılması onun yaxınlarının ah-nalə səsini ərşə qaldırdı.

Hadisə yerindəki Təcili Təxirəsalınmaz Tibbi Yardım əməkdaşlarının köməyi ilə vəziyyəti pisləşən ailənin yaxınlarına tibbi yardım göstərildi. Hələ də uçqun altında qalan İnayət və 5-ci sinif şagirdi olan Aydanın sağ çıxarılacağına ümid edən ailə binanın 3-cü blokunun qarşısından çəkilmirdi. Hadisə yerinə giriş-çıxışı tənzimləmək üçün təhlükəsizlik zolağına FHN və polis əməkdaşlarından ibarət sədd çəkildi. Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı binada yaşayan sakinlərlə söhbət zamanı öyrəndik ki, bina qəzalı olduğu üçün dəfələrlə aidiyyatı qurumlara müraciət olunub: "Biz dəfələrlə müraciət etmişik ki, bu bina qəzalıdır. Binada ümumiyyətlə qaz işlətmək təhlükəlidir. Amma gətirib sayğac da qoydular. Burada qaz xətləri necə gəldi çəkilib. Hər an partlayış ola bilər. Amma bizə dedilər ki, hələ iki il gözləməlisiniz".

Qeyd edək ki, binada baş verən partlayış zamanı digər bloklardakı mənzillərə də ciddi ziyan dəyib. Odur ki, binanın sakinləri evakuasiya olunub. Axşamı harada gecələyəcəklərini bilməyən məcburi köçkünlər hələki onlara bu barədə bir məlumat verilmədiyini söylədilər: "Biz hələki gözləyirik. Binada yaşamaq təhlükəlidir. Biz ölsək də içəri keçməyəcəyik. Başqa yerdə evimizdə yoxdur ki, gecələyək".

Biz hadisə yerindən çıxdıqda FHN-nin xilasediciləri xilasetmə tədbirlərini davam etdirirdilər. Son məlumata görə, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 8 nəfəri xilas ediblər. Onlar - 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı, 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı, 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlu və 9 yaşında Ayxan adlı uşaqdır. 1 nəfərin, Əhmədov Məharətin isə uçqunlar altından cəsədi çıxarılıb.



Sizin Reklam Yeriniz