Əlaqə Arxiv
news Image
2014.09.09
08:41
| A A A
İsraf olunan çörək
Azər Mehtiyev: «Artıq qalan çörəkləri atmaq yerinə, onları evdə müxtəlif cür dəyərləndirmək olar» Əhməd Qəşəmoğlu: «Çörəyin keyfiyyətini görəndə əhalini günahlandırmaq olmur»

İnsanlıq tarixi qədər keçmişi olan çörək xalqımız üçün hər zaman bolluq və bərəkətin simvolu olub. Yerə bir parça çörək düşdüsə, o saat götürüb yüksək yerə qoyan, "çörək bol olarsa basılmaz vətən", "çörək kimi əziz ol" ifadələrini işlədən neçə millət var ki? Bu müqəddəs qida həm də Azərbaycan xalqının ən çox istifadə etdiyi qidalar cərgəsindədir. Çörəkdən istifadəyə görə Azərbaycan dünya ölkələri arasında liderlər sırasındadır. Bəli, çörək bizim qida rasionumuzun əsasını təşkil edir. Çörəyi bu qədər çox istifadə edən və qiymət verən xalq olmağımıza baxmayaraq, zibil qabları ətrafında, yol kənarlarında tez-tez çörək parçaları görməyimiz, olduqca təəssüfləndirici haldır. Bəs bu qədər dəyər verdiyimiz qidaya qarşı biganə yanaşmağımızın, israf etməyimizin səbəbləri nədir?

Mütəxəssislər bu israfın səbəbini müxtəlif amillərdə görürlər. İqdisadçı ekspert Azər Mehtiyev hesab edir ki, burada əsas məsələ bəzi insanların öz zəhmətinə hörmət etməməsidir: "Hər dəfə haradasa çörək parçası görəndə düşünürəm ki, xalqımız öz qazancına hörmət etmir. Artıq qalan çörəkləri atmaq yerinə, onları evdə müxtəlif cür dəyərləndirmək olar". Müsahibimiz bu sahədə dövlət səviyyəsində addımlar atılmasını da vacib görur: "Əhalinin çörəkdən düzgün istifadəsi ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. Bununla yanaşı, artıq çörəkləri toplayıb müxtəlif cür dəyərləndirən sənaye mərkəzlərinin olması da məsələnin həllində rol oynaya bilər".

Sosioloq Əhməd Qəşəmoğlu isə əsas səbəbi çörəyin keyfiyyətsizliyində görür: "Çörəyə qarşı bu biganəlik təbii ki, olduqca mənfi haldır. Lakin çörəyin keyfiyyətini görəndə əhalini günahlandırmaq olmur. Əgər fikir versəniz, görərsiniz ki, atılan çörəklərin əksəriyyəti xarab olmuş çörəklərdir. Azərbaycanda istehsal olunan çörəkləri 1 gündən artıq saxlamaq olmur". Sosioloqun sözlərinə görə, bu hal insan sağlamlığına da zərər vurur: "Bununla yanaşı, çörək istehsalı zamanı çörəyə vurulan qatdı maddələrini də unutmaq olmaz. Bu yolverilməzdir". Müsahibimiz bu məsələdən çıxış yolunu insanları marifləndirməkdə görür: "Burada əsas yük Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin üstünə düşür. Onlar çörək istehsalına ciddi nəzarət etməlidirlər. Əhali arasında maarifləndirmə işlərində isə din xadimləri və kütləvi informasiya vasitələri aktiv olmalıdır".

Hər şeydən əvvəl unutmayaq ki, bu bolluğun nə vaxtsa qıtlığı da ola bilər və bu gün israf etdiyimiz bir tikə çörəyin möhtacı ola bilərik. Buna görə də gəlin çörəyin qədrini bilək və israf etmədən istifadə etməyi öyrənək.

Sizin Reklam Yeriniz