Əlaqə Arxiv
news Image
2014.09.09
12:23
| A A A
Azərbaycanın mədəni sərvətlərin müvəqqəti ixrac müddəti və siyahısı müəyyənləşib


 Nazirlər Kabineti "Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası"nı təsdiq edib.

 

APA-nın məlumatına görə, bu qayda mülkiyyət formasından asılı olmayaraq, sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar müvəqqəti ixrac olunan Azərbaycan milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş bütün mədəni sərvətlərə şamil olunur.

 

Mədəni sərvətlərin müvəqqəti ixracı dedikdə, Azərbaycan ərazisində olan mədəni sərvətlərin 36  ay ərzində geri qaytarılması öhdəliyinin götürülərək Azərbaycan Respublikasının ərazisindən aparılması başa düşülür. Bu mədəni sərvətlərə təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravüralar, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajlar,  kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, fotoəsərlər və fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri, əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları, avtoqraflar, markalar, açıqcalar, mədəniyyət və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər, tətbiqi-sənət əsərləri - xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, qiymətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatları, səhnə və ekran geyimləri, dekorları, butaforiya və rekvizitləri, qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.), şifahi xalq yaradıcılığı nümunələri, arxeoloji və numizmatik xarakterli əşyalar, flora və fauna, mineralogiya, anatomiya nümunələri və paleontologiya baxımından maraqlı muzey əşyaları daxildir.

 

Mədəni sərvətlərin müvəqqəti ixracı Azərbaycan Respublikasının rezidenti olan bütün hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilə bilər. Mədəni sərvətlərin müvəqqəti ixracının mümkünlüyü barədə Mədəniyyət və Turizm Nazirliyi qərar qəbul edir. Mədəni sərvətlərin müvəqqəti ixracı mülkiyyətçinin və ya onun səlahiyyətli nümayəndəsinin Mədəniyyət və Turizm Nazirliyinə ərizə ilə müraciəti əsasında həyata keçirilir.  Müvəqqəti ixrac olunan dövlət və ya bələdiyyə muzeylərində, arxivlərində, kitabxanalarında və ya digər təşkilatlarında olan mədəni sərvətlər öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi istifadə oluna bilməz. Mədəni sərvətin müvəqqəti ixracının mümkünlüyü müəyyən edildikdə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəni sərvətin mühafizə şəhadətnaməsi verilir.

 

 Müvəqqəti ixrac olunan mədəni sərvətlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mühafizə şəhadətnaməsində göstərilmiş vaxtda geri qaytarıldıqda, onların mülkiyyətçisi və ya onun səlahiyyətli nümayəndəsi bu barədə dərhal Mədəniyyət və Turizm Nazirliyinə məlumat verir və  həmin əşyaları 3 gün müddətində Mədəniyyət və Turizm Nazirliyinə ekspertiza üçün təqdim edir. Əşyaların təqdim edildiyi tarixdən 10 gün müddətində ekspertizası həyata keçirilir.  Müvəqqəti ixrac olunan mədəni sərvətlər geri qaytarıldıqdan sonra tərtib olunan ekspertizanın nəticələrində mədəni sərvətin müvəqqəti ixrac olunduqdan sonra saxlanılması vəziyyəti barədə nəticələr göstərilməlidir. Əgər müvəqqəti ixrac olunan mədəni sərvətin vəziyyətində dəyişikliklər olarsa, Mədəniyyət və Turizm Nazirliyi onun müvəqqəti ixrac olunmazdan əvvəlki vəziyyətinin bərpa edilməsi üçün bütün lazımi tədbirlərin həyata keçirilməsini təmin etməli və şəxsin qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunması üçün dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

Sizin Reklam Yeriniz