Əlaqə Arxiv
news Image
2014.09.10
13:30
| A A A
Deputatdan Təzəpir məscidinə-"Kabab və araq sifariş versəydilər..."

Millət vəkili Təzəpir məscidində ehsan qadağasının pozulmasını qəti şəkildə pisləyib. Bu barədə Movqe.az-a danışan millət vəkili, Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev, Təzəpir məscidinin ehsan qadağasını pozmasının pis bir nümunə olduğunu bildirib: "Yas məclislərində israfçılığın qarşısının alınması barədə təklif çox gözəl bir təklifdir. Mənim fikrimcə, məscidlər bu məsələdə öndə getməli, nümunə olmalıdırlar. Çox təəssüf ki, bəzi məscidlər bu məsələdə nəinki öndə gedir, əksinə, qaydanı pozmaqla məşğuldurlar. Mətbuatda Təzəpir məscidində ehsan qadağasının pozulması xəbərini mən də oxudum. Məsciddən özlərinə haqq qazandırmağa çalışaraq sifarişçinin sifarişini yerinə yetirdiklərini bildiriblər. Maraqlıdır, bəlkə sifarişçi yas məclisində süfrəyə kabab, araq sifariş versəydi Təzəpir məscidi sifarişçinin bu sifarişini də yerinə yetirəcəkdimi? Çox təəssüf ki, məscidlər bu məsələdə nümunə olmaqdansa, israfçılığa şərait yaradırlar".

Xatırladaq ki, məlum olduğu kimi son günlər Azərbaycanda israfçılığın qarşısını almaq məqsədilə dövlət hüzr mərasimlərində ehsan verilməsini xüsusi nəzarətə götürüb. Yeni qərar cəmiyyətin müxtəlif təbəqələri tərəfindən dəstəklənib və rayon icra hakimiyyətlərində də hüzrdə ancaq çay, halva və xurma verilməsinə nəzarət etmək üçün xüsusi komissiyalar yaradılıb. Təzəpir məscidinin mərasim zallarından birində baş tutan hüzr mərasimində iştirak edən millət vəkillərimizdən biri Qafqazinfo-ya maraqlı informasiya verib.

O bildirib ki, Təzəpirdə Dəmiryolu İdarəsinin rəis müavini Əlirza Süleymanovun qardaşının 40 mərasimində iştirak edib və təqdirəlayiq haldır ki, mərasimdə yeni qaydalara əməl olunub. Yəni, mərasim iştirakçılarına halva, çay və xurma verilib. Adının çəkilməsini istəməyən deputatımız həmin gün Təzəpirdə keçirilən başqa bir hüzr mərasimində başsağlığı vermək üçün iştirak etdiyini əlavə edib. Onun sözlərinə görə, tanınmış bir ailənin, Səfərbərlik xidmətinin sabiq rəis müavini Ramiz Məmmədovun il mərasimi idi. Hüzrdə 500 qadın və kişiyə ehsan verilib. Qaydalara zidd olaraq, süfrəyə salat, plov və sair qoyulub. Bundan xəbər tutan televiziya jurnalistləri çəkiliş aparmaq üçün məscidə gəlsələr də mühafizəçilər çəkilişə qadağa qoyublar:

"Həmin gün məsciddə baş tutan bir neçə məclisdə eyni hal müşahidə olundu. Yeni qaydaları xatırlatdıqda isə bizə bildirdilər ki, buna qarışa bilmərik".


Sizin Reklam Yeriniz