Avtobus qəzalarının çoxaldığı bir vaxtda gündəmə gələn məsələlərdən biri sürücüləri avtobusu dayanacaqdan kənar harada gəldi saxlamasıdır. Bu işdə sürücülər sərnişinləri, sərnişinlər də sürücüləri günahlandırır. Bəzi sərnişinlər öz rahatlığı üçün, sürücülər isə müştəriləri razı salmaq üçün onlara etiraz etmir və daynacaqdan kənar ola belə avtobusları saxlamaqda davam edirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad
Hüseynov Mövqe.az-a bildirir ki, sürücüləri buna sövq edən günlük
plandır. Əgər sürücünün konkret aylıq maaşı olsa, o da avtobusu
normalara uyğun idarə edər: "Məsələ ondan ibarətdir ki, sürücü
çalışır plan sisteminə uyğun olaraq daha çox pul qazansın.
Çalışır planı ödədikdən sonra ona da pul qalsın. Bundan ötrü
də 20 qəpik artıq da onun üçün önəmli olur. Hər bir sərnişin
uğrunda mübarizə aparır. Ona görə də sərnişinin istəyinə uyğun
hərəkət edir. Harada kim istədi, avtobusu saxlayır ki, sərnişin
narazı qalmasın. Bunun qarşısını almaq üçün ilk növbədə
sərnişindaşımaya məsul olan şəxslər diqqətli olmalı, məsələyə
həssas yanaşmalıdırlar. Sərnişin daşıyan şirkətlərlə danışıqlar
aparılmalıdır ki, insanların həyatı ilə oynamasınlar. Dövlət Yol
Polisi bu məsələ ilə məşğul olmalıdır. Nəzərinizə çatdırıram ki,
qanunvericiliklə avtobusun dayanacaqdan kənar saxlamasına görə 60
manat cərimə var. DYP bunu hər bir halda tətbiq eləməlidir. Yol
boyu kameralar var. Görüntüləmək olar ki, hansı avtobus
dayanacaqdan kənarda dayandı. Səbəbdən asılı olmayaraq, cərimə
tətbiq olunmalıdır. Burda sərnişinin istəyi varsa, o, sürücünü
məcbur edirsə, sürücü sərnişini polisə şikayət edə bilər. Polisin
sərnişinlə lazımi tədbir görmək səlahiyyəti var. Əgər sərnişin
sürücünün nəqliyyat vasitəsini idarə etməsinə mane olursa, 30 manat
dəyərində cərimə nəzərdə tutulur. Bunu tətbiq eləmək olar.
Eyni zamanda sərnişinlər arasında maarifləndirmə işləri aparmaq
lazımdır ki, yalnız dayanacaqda avtobusa minib düşmək olar. Bu,
bütün dünyada yayılan bir mədəniyyətdir. İşlər kompleks şəkildə
görülməlidir. Tək çarəsi bu işlə fərdi şəkildə məşğul olmaqdır.
Əgər məsələyə dərindən yanaşılmasa, belə də qalacaq. Hər avtobusun
üzərində onun hara getdiyi, hansı ərazilərdə dayanacağı olduğu
haqda məlumat lövhələri yazılır. Sərnişin avtobusa minərkən bunu
bilir. Buna uyğun da hərəkət eləməli, düzgün olmayan yerə avtobusu
saxlamağı sürücüdən istəməməlidir. Sürücü növbəti dayanacağını élan
edir, qapıları açır. Burda da bir qayda olaraq düşənlər arxa
qapıdan çıxmalı, minənlər ön qapıdan avtobusa daxil olmalıdırlar.
Bütün bu qaydalar gözlənilməlidir".
Müşahidə edilən hallardan biri də
avtobusların dayanacaqda ard-arda düzülməsidir. Yola çıxan
avtobuslardan biri gecikirsə də həngamə qopur. Ekspert Azər
Allahverənov bildirir ki, mövcud qaydalara görə dayanacağa yalnız
bir avtobus daxil ola bilər: "Əgər eyni zamanda dayanacağa bir neçə
avtobus daxil olursa, bu, birincisi, dayanacaq ətrafında sıxlığa
səbəb olan bir haldır. İkincisi, sərnişinlərin təhlükəsizliyi sual
altındadır. Üçüncü bir məsələ dayanacaqlar ətrafında qəza şəraiti
yaranmasıdır. Çünki dayanacağın yerləşdiyi ərazidəm digər
avtomobillər də keçir. Bir avtobusun arxasından digər avtobus
çıxırsa, bu, qəza şəraitini yaradır. Bu üç şərt zəruri edir ki,
dayanacaqda yalnız bir avtobus dayansın. Amma bizdə heç də belə
olmur. Sərnişinlərin həyatı çox vaxt təhlükəyə atılır. Qərb
ölkələrində əgər dayanacaqda bir avtobus varsa, arxadan gələn digər
avtobus dayanacağa çatmamış sürəti azaldır, ya da dayandırır ki,
dayanacaqdakı avtobus oranı tərk eləsin. Bizdə də belə
olmalıdır.
Problemin qarşısını almaq üçün geniş təbliğat işləri aparılmalıdır. İlk olaraq sərnişindaşıma şirkətləri ilə, sürücülərlə bu qayda pozuntusuna görə cərimə tədbirləri haqda məlumatlandırma işləri aparılmalıdır. Sərnişinlər avtobusların bu cür xidmətlərindən yararlanmaq istəməsələr, imtina etsələr, sürücü məcbur olacaq daha ehtiyatlı olsun".
Azər Allahverənov da sürücülər üçün konkret aylıq əmək haqqının tətbiqinin vacibliyindən danışdı: "Beləliklə, iki məsələ, bir tərəfdən cərimə sanksiyaları, ikinci tərəfdən əhali arasında maarifləndirmə işinin aparılması, üçüncü tərəfdən son vaxtlar gündəmdə olan bir məsələ, avtobuslarda məvacib sisteminin təbiq olunması çox vacibdir. Çünki sürücü ona görə tələsir, ona görə avtobusu harda gəldi saxlayır ki, gündəlik plan var. O, həmin planı doldurmaqdan ötrü 20 qəpik üstündə mübarizə aparır. Nəticədə xoşa gəlməyən nəticələrə gətirib çıxarır. Əgər məvacib sistemi tətbiq olunsa, sürücülərə əmək haqqı verilsə, onlar biləcəklər ki, ayın sonunda konkret ödəniş alacaqlar. O zaman ümumi qaydalara uyğun olaraq davranış normalarına əməl edəcəklər. Bu olmadığı halda 20 qəpik uğrunda mübarizə yol terroruna səbəb olacaq amillərə yol aça bilər".