Son bir neçə aydır ki, bir çox çaylar kimi Kürün də suyunda azalma müşahidə edilməkdədir. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Bankədə 8, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb. Beləliklə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunur.
Ekoloq Telman Zeynalov bunun son vaxtlar ölkəmizdə yaşanan
quraqlığın təsirlərindən biri olduğunu deyir. Ekoloq Mövqe.az saytına verdiyi açıqlamada
bildirib ki, son 3 aydır ki, nə Kür çayının başlanğıcını götürdüyü
Türkiyədə, Gürcüstanda, nə də Azərbaycanda sululuq yüksək səviyyədə
deyil: "Səbəb isə odur ki, bu 3 ayda demək olar ki, həmin ərazilərə
yağıntı düşmür. Buxarlanma həddən artıq çox olduğundan suyun
miqdarı azalır. Bir hissəsi də suvarmaya ayrıldığından, suyun
səviyyəsi lap azalır".
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin
Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev
də Mövqe.az-a verdiyi açıqlamada məsələyə münasibət bildirdi: "Bu
il qış dövründə qar ehtiyatı normadan aşağı olub. Həmçinin, cari il
böyük çaylarda gursululuğun normadan aşağı olacağı gözlənilir.
Yağıntının az olması ilə əlaqədar hazırda ölkənin çaylarında azalma
müşahidə edilməkdədir. Son dövrlər Kür çayının aşağı hissəsində ən
aşağı səviyyələr müşahidə olunur. Ancaq 2000-2001-ci illərdə bundan
da aşağı səviyyə müşahidə olunub. Kür çayının Salyan məntəqəsində
son vaxtlarda azalma müşahidə olunmuşdu. Ancaq son 2 gündə orada
səviyyədə artım var".
Baş hidroloq bildirdi ki, yay dövrü üçün respublikanın dağ, həm də ən böyük çaylarda gözlənilən proqnoz iyun ayının sonlarında tərtib olunacaq: "Gürcüstan əraizində, Kiçk Qafqaz ərazilərdə 2-3 gün əvvəl yağan yağıntılarla əlaqədar Kürün səviyyəsində artımlar qeydə alınıb. Ancaq ümumilikdə hazırda Kür çayında sululuq normadan aşağıdır".