Əlaqə Arxiv
news Image
2014.09.16
08:48
| A A A
Azərbaycana sırınmaq istəyən dini cərəyanlar
Əhməd Qəşəmoğlu: "Dini idarələrin dünyəvi elmlər sahəsində bilikləri artmalıdır"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sözlərinə görə, kənardan vəhhabiliyi, onun qollarını, nurçuluğu gətirib, təşviq edib Azərbaycanda yaymaq istəyən qüvvələr var. Düzdür, bu qüvvələr vaxtında zərərsizləşdirilir və onların fəaliyyəti hansısa ciddi nəticə verməyib. Mübariz Qurbanlı bu xüsusda bildirir: "Bunları yaymaq istəyənlər özlərinə tərəfdar toplaya bilmir. Çünki Azərbaycan xalqı özünün milli adət -ənənəsindən tarixən formalaşmış qaydalardan uzaqlaşmaq niyyətində deyil. Azərbaycanlı gənc vəhhabinin geyindiyi geyimi və onun zahiri görkəmindəki dəyişikliyi qəbul etmir. Belə olan halda onun qəbul etdiyi, təşviq etdiyi xətti də qəbul etmir. Azərbaycanda məscidlərdə insanlar rahat şəkildə dini ayinlərini həyata keçirir və namaz qılır. Qadınları geyimlərində sərbəst şəkidlə dini elemtlərdən istifadə var. Heç kim buna qadağa qoymur. Mən yerlərdə görüşlər keçirirəm, müxtəlif dini qrupların nümayəndələri ilə də görüşürəm. Onlarla dini baxımdan da fikir mübadilələri edirik. Mən onlara da açıq şəkildə demişəm ki, sizin Azərbaycanda təbliğ etdiyiniz xətt özünə yer tapmayacaq. Birincisi, xalq istəməyəcək. İkincisi isə, biz buna imkan vermərik. Biz hansısa ölkə deyilik ki, kimsə gəlib burada missionerlik edib nəsə yaymaq istəsin. Azərbaycan dini cəhətdən oturuşmuş ölkədir. Burada missonerlik etmək istəyən peşman olub qayıdacaq". Lakin kənardan vəhhabiliyi, onun qollarını, nurçuluğu gətirib, təşviq etmək cəhdlərinin səngimədiyi də müşahidə olunur.

Görəsən, xaricilərin dini məsələdə bu canfəşanlığı nədən qaynaqlanır və onun qarşısı necə alınmalıdır?

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, kənardan gəlib burada vəhhabilik, nurçuluq kimi dini cərəyanları yaymaq istəyənlərin olması, vaxtilə ölkəmizdə dini sahədə yaranmış boşluqlarla bağlıdır: "Kənardan Azərbaycana vəhhabi, nurçuluq kimi təriqətləri gətirib yaymaq istəyənlərin olması amili ilk öncə bu sahədə konkret platformamızın olmamasından qaynaqlanır. Dini məsələlərlə bağlı olaraq, konkret lazımi mexanizmlər də yoxdur. Boşluqlar da çoxdur. Dini sistem mükəmməl olsa, insanlara həqiqi islamı doğru şəkildə təbliğ etsələr, bu istiqamətdə maarifləndirmə işləri həyata keçirilsə, bu halda mövcud boşluqlar da yaranmaz. Təbii ki, ölkəmizdə hazırda mövcud olan sistemdə bu alınmır. Hələ bir dəfə də olsun eşitməmişik ki, dini idarələr kimi isə oxumağa göndərsin, kiminsə problemlərinin həllinə yardımçı olsun. Dini qurumlar xalqın dini məsələdə, habelə vətənpərvərliklə bağlı maarifləndirilməsi işində aktiv olmalıdır. Amma bunu da görmürük. Əksinə, burada daha çox nəzarətə çarpan cəhalətlə bağlı fəaliyyətləri görürük. Yəni mövcud dini sistem, bu sahədə platforma mükəmməl olmadığından burada boşluqlar var". Həmsöhbətimiz bütün bunlarla yanaşı qeyd etdi ki, sözügedən boşluqların qarşısını alınması yolunda ümidlidir: "Belə ki, bu yaxınlarda professor Kamal Abdullanın dini sahə üzrə dövlət müşavirliyi vəzifəsinə dəvət olunması və həmin istiqamətdə başlayan işlər düşünürəm ki, problemin aradn qaldırılmasında mühüm addım olacaq. Zənn edirəm ki, yuxarıda sadaladığım boşluqlar olmasa və yaxud aradan qaldırılarsa, xaricilər də ölkəmizə gəlib burada vəhhabi, nurçu və s. bu kimi dini qurumların təbligatını aparmaq məqsədi ilə bura gələ bilməzlər. Bundan başqa, dini idarələrin dünyəvi elmlər sahəsində də bilikləri artmalıdır. Bu istiqamətdə onlara təsirimiz olmalıdır. Çünki, həyat təcrübəsi göstərir ki, inamın yanında idrak olan yerdə tərəqqi başlayır. İnamın yanından idrak çəkiləndə isə cəhalət başlayır. Çalışmalıyıq ki, din sahəsində işləyən mollalarımızın da idrakı inkişaf etsin. Həmçinin, bu istiqamətdə əhalinin maariflənməsi də düzgün yolla getməlidir. Bütün bunlar baş verərsə, qeyd olunan dini təriqətlərin ölkəmizdə yayılması da baş verməz. Bu sahə üzrə qanunvericilik, təbliğat və maariflənmə istiqamətində nələrin çatışmadığını da araşdırmalıyıq. Belədə məsələ ilə bağlı elmi əsaslarla hazırlanan fəaliyyət proqramı olmalıdır".

Sizin Reklam Yeriniz