Ölkəmizdə ictimai nəqliyyatda 2013-cü ildən nağdsız ödəniş sisteminin tətbiq edilməsinə baxmayaraq, hələ ki çox az avtobusda kartla ödəniş sistemi qurulub. Bəzi avtobuslarda belə ödəniş sistemi olsa belə, istifadəsiz qalıb. Halbuki, sistem qurulanda gözlənilən nəticə bu deyildi. Bəs problem nədədir? Niyə kart sistemi istifadəsiz qalıb?
Nəqliyyat məsələləri üzrə ekspert
Ərşad Hüseynov Mövqe.az-a açıqlamasında problemi sərnişindaşıma
şirkətlərində görür. Onun sözlərinə görə, nağd ödəniş sistemi
onlara daha çox sərf edir: "O baxımdan ki, onlar bu formada
gəlirləri haqda hesabat vermirlər, müəyyən formada vergidən
yayınırlar. Eyni zamanda işçilərə əmək haqqı da vermirlər. Plan
sistemi tətbiq olunur. Bu səbəblərdən onlar bu halı davam
etdirməkdə maraqlıdırlar. Bir müddət əvvəl kart sistemini
pilot layihə kimi tətbiq eləmək istədilər. Amma bu zaman
təklif elədilər ki, hər şirkətin öz kartı olsun. Bu o
deməkdir ki, sərnişin özüylə bir torba kart gəzdirməlidir. Hansı
şirkətin avtobusu olsa, ona uyğun kartı çıxarıb istifadə
eləməlidir. Burda Nəqliyyat Nazirliyinin üzərinə
böyük məsuliyyət düşür. İnzibati qaydada məcbur eləmək
lazımdır ki, Bakıda ən az vahid kart sistemi tətbiq olunsun.
Şirkətdən asılı olmayaraq, bütün avtobuslarda eyni kart olsun. Bu
gün bütün dünyada Bakı kimi şəhərlərdə nəinki avtobuslarda, ictimai
nəqliyyatın bütün növlərində vahid kart var. Burada metro,
trolleybus, tramvay, avtobus və şəhərdaxili qatarlar nəzərdə
tutulur. Bu 5 nəqliyyat növünün hamısında eyni kart istifadə
olunur. Bizdə isə hər avtobus şirkəti ayrı kart işlətməyi təklif
edir. Bu nə dərəcədə doğrudur? Bu problemi həll
etdikdən sonra inzibati qaydada məcbur etmək lazımdır ki, bizdə də
sistem dünyanın çox yerində olduğu kimi olsun. Bu vətəndaşlar üçün
də sərfəli və rahat olacaq".
İqtisadi və Sosial İnkişaf
Mərkəzinin eksperti Rəşad Həsənov isə sistemin geniş şəkil
almamasının bir neçə səbəbinin olduğunu bildirir: "Bu sistemin
tətbiq edilməsinə mane olan bir neçə səbəb var. Belə ki, sistemin
tətbiqi üçün sürücülərin normal əmək haqqı ilə təmin edilməsi, eyni
zamanda nəqliyyat sektorunda gəlirlərə mərkəzləşdirilmiş nəzarət və
bu gəlirlərdən dövlət büdcəsinə vergi ödənişləri qaydasına
düşməlidir. Əslində, ölkədə görülən işlər də buna yönəlib. Lakin
həqiqətən də son dörlərdə bu sahədə ciddi passivləşmə hiss
edilməkdədir. Səbəblər isə müxtəlifdir. Birinci növbədə təklif
edilən əmək haqqı sürücünü qane etmir. Digər tərəfdən marşrut
sahibləri öz gəlirlərini tamamilə göstərərək vergiyə cəlb olunmaq
istəmirlər. Eyni zamanda əhalinin əlində kütləvi şəkildə kartlar
yoxdur. Kart olsa belə, çox az nəqliyyat vasitəsində bu aparatlar
quraşdırılıb. Hazırki şəraitdə görünən odur ki, şirkət sahibləri
prosesdə maraqsız görünürlər".
Ekspert bildirdi ki, kart sisteminin tətbiqi nəqliyyat sektorunda bir çox problemlərin həllinə gətirib çıxara bilər: "Özü də hazırkı dövrdə bu mütləqdir. Kart sistemi həm nağdsız ödənişlərin dövriyyəsinin genişlənməsinə, həm vergilərin həcminin artmasına, həm də Azərbaycanda kütləvi sərnişindaşımada bir mədəniyyətin formalaşmasına gətirib çıxara bilər. Bütün bunlardan əlavə, nəqliyyatın intervalı da tənzimlənə bilər. Beləliklə, sadəcə, bu problemi həll etməklə nəqliyyat sektorunda ciddi nəticələr əldə etmək olar. Lakin bugünkü qeyd etdiyimiz səbəblərdən əslində, maraqlı olmalı olan tərəflərin bu istiqamətdə maraqlı olmadıqlarını görürük".