Əlaqə Arxiv
news Image
2014.09.18
08:11
| A A A
Şoranlaşmaya və erroziyanın sıradan çıxardığı torpaqlar
Nizami Qarayev: " Şoranlaşmaya və erroziyaya qarşı mübarizə fermer və sahibkarın görə biləcəyi iş deyil"

Əhalinin sayının çoxalması fonunda Azərbaycanda təbii olaraq ərzaq məhsullarına tələbatın həcmi də artır. Belə vəziyyət ölkədə məhsuldarlığı artırmağı, əkinə yararlı sahələri genişləndirməyi vacib edir. Lakin təəssüf ki, Azərbaycanda əkinə yararlı torpaqların bir qismi şoranlaşmaya və erroziyaya uğrayıb. Aqrotexniki qaydalara tam əməl olunmaması, meşələrin sistemsiz qırılması, suvarma suyundan qənaətlə və səmərəli istifadə edilməməsi və s. erroziya və şoranlaşma prosesini sürətləndirən amillərdəndir.

Bildirək ki, ölkə ərazisində eroziyaya 3,7 milyon, şoranlaşmaya isə 1,2 milyon hektara qədər torpaq məruz qalıb. Təxminən 300 kv. km ərazi sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşüb.

Ölkədə ən çox şoranlaşan torpaqlar Kür-Araz ovalığında müşahidə edilir, bu ərazinin 2,3 milyon hektarlıq sahəsinin 30 faizi şoranlaşmaya məruz qalıb. Ümumiyyətlə, Azərbaycanda əkin altında olan 1,6 milyon hektar torpağın 1 milyon hektarı müxtəlif dərəcədə şoranlaşıb, 400 min hektara yaxın torpaq isə şorakətləşib. Bu fonda maraqlıdır ki, şoranlaşmış və erroziyaya uğrayan əraziləri necə yararlı hala gətirmək olar?

Kənd təsərrüfatı eksperti Nizami Qarayev məsələnin həlli üçün proqram yanaşma tələb olunduğunu bildirdi: "Şoranlaşmış və erroziyaya uğrayan torpağın bərpası üçün proqram işlənib hazırlana bilər. Elə bir proqram ki, onun vasitəsilə uzunmüddətli investisiyalar qoyulsun. Həmin torpaqlar rekultvasiya olunsun, melorativ tədbirlər həyata keçirilsin ki, bu ərazilər əkinə yararlı hala gətirilsin. Bu istiqamətdə hazırda hökumətin müəyyən fəaliyyəti var. İri təsərrüfatlar yaradılır və onlara şoranlaşmış torpaqları melorativ cəhətdən yaxşılaşdırmaq istiqamətində dəstək göstərilir. Amma bu proqram daha böyük həcmdə həyata keçirilə bilər ki, ölkədə şoranlaşmış, əkin dövriyyəsindən kənarda qalan torpaqları da yararlı hala salmaq mümkün olsun və son nəticə olaraq ölkənin kənd təsərrüfatı potensialı inkişaf etdirilsin. Bu istiqamətdə də işlər gedir. Şoranlaşmaya və erroziyaya qarşı mübarizə fermer və sahibkarın görə biləcəyi iş deyil. Həmin torpaqların yararlı hala qaytarılması üçün ciddi investisiya layihələri olmalıdır ki, bunu da ancaq hökumət səviyyəsində etmək mümkündür. Belə işlər sahibkar və fermerlərin gücü xaricindədir. Çünki, torpağın münbit hala gətirilməsi baha başa gələn, ciddi xərc tələb edən işlərdəndir. Bu səbəbdən də deyirəm ki, problemin həllinə proqram yanaşma olmalıdır".

Araşdırmalar göstərir ki, şoranlaşmış torpaqlarda asan həll olunan duzlar var ki, bunlar tez həll olunduğuna görə torpaqların münbitliyi azalır. Bunun da nəticəsində bitkilərin məhsuldarlığı aşağı düşür. Həmçinin, suvarma erroziyası və ya başqa adla meliorasiya erroziyası prosesi yerin mailliyindən asılı olaraq torpağın üst qatında, mailliyi aşağı olan hissədə gedir. Ona görə də, münbitlik azaldığından məhsuldarlıq aşağı düşür. Torpaqda eroziyanın qarşısını alınması üçün, ekspertlərə görə, birincisi, əkin altında olan torpaqlarda hamarlama işləri aparılmalıdır ki, mikroçökəkliklər doldurulsun. Yəni, yerin səthi düz olsun. Suvarma zamanı səthdə bərabər nəmlənmə aparılsın. Beləliklə, suyun çökək hissələrə yığılmasının qarşısı alınır. Bütün qatlarda eyni nəmlənmə gedir. İkincisi, hər bitkiyə öz tələbatına uyğun su verilməlidir. Normaya uyğun su vermek lazımdır ki, həm bitkinin tələbatını ödəsin, həm də torpaqda su toplanıb qalmasın. Şoranlaşmaya qarşı isə melorasiya sistemlerinin təmizlənməsi, təmir-bərpa, rekonstruksiya işləri də müntəzəm olaraq aparılmalıdır.

Sizin Reklam Yeriniz