Əlaqə Arxiv
news Image
2014.09.18
19:30
| A A A
Azərbaycanda payız yağışları quraqlığın fəsadlarını aradan qaldıra biləcəkmi?

Azərbaycanda payız aylarında düşən yağıntıların miqdarı çox olarsa və ya çoxillik normaya uyğun gələrsə, quraqlığın yaratdığı bəzi fəsadlar aradan qalxa bilər.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev Trend-ə bildirib ki, payız aylarında ölkə ərazisinə düşən yağıntıların quraqlıq dövrünün fəsadlarını aradan qaldıra bilib-bilməyəcəyi ilk növbədə düşən yağıntının miqdarından asılı olacaq.

Quraqlıq nəticəsində torpaqın həddindən artıq çox quruduğunu və torpaqda çoxlu çatların əmələ gəldiyini deyən alimin sözlərinə görə, torpağın əvvəlki rütubətlilik səviyyəsinə çatması üçün düşən yağıntıların miqdarı çox olmalıdır: "Torpaq əvvəlcə sudan doymalıdır, sonra onun səthlərindən su axıb getməlidir. Hələ bilmək olmaz ki, yağıntılar bundan sonra azalacaq, yoxsa çoxalacaq. Amma yüzillik, onillik müşahidələr göstərir ki, quraqlıq illərində çoxillik norma az fərqlənir".

Ə.Əliyev deyib ki, gələn ilin yanvarına qədər ölkə ərazisinə düşən yağıntıların miqdarı çox olarsa, onda yağıntının ümumi miqdarı əvvəlki illərin normasına yaxınlaşar. Bu halda torpağın nəmliyi də bərpa oluna bilər. Yarıqurumuş vəziyyətdə olan ağaclar isə tədricən öz əvvəlki vəziyyətlərinə qayıda bilərlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, çoxillik meteoroloji müşahidələrə görə, payızda yağıntıların miqdarı artır: "Buna görə builki payızda da yağıntıların normadan az olacağını güman etmirəm".

Artıq son iki sutka ərzində bəzi ərazilərə düşən yağıntıların çoxaldığını deyən U.Tağıyeva bildirib ki, sentyabrın 17-də gecə qərb bölgəsinə düşən yağıntının miqdarı aylıq normanın 87 faizini, sentyabrın 18-də gecə Nabranda 9 saat ərzində düşən yağıntının miqdarı isə aylıq normanın 116 faizini təşkil edib: "Hələ payızın ilk ayıdır və yağıntılar qeydə alınıb. Oktyabr, noyabr aylarında da bu cür intensiv proseslər müşahidə olunacaq. Buna görə də quraqlıq ilinin davam edəcəyi fikri ilə razılaşa bilmərəm".

Qeyd edək ki, bu il Azərbaycanda quraqlıq müşahidə edilib. Bunun nəticəsində bəzi çayların suyu quruyub, bəzi çayların sululuğu azalıb, bəzi ərazilərdə isə ağaclar quruyub.

Sizin Reklam Yeriniz