Əlaqə Arxiv
news Image
2014.09.22
10:58
| A A A
Çala-çökək yollara görə sürücülərə kompensasiya veriləcək?!
Ərşad Hüseynov: «Sürücüyə ziyan dəyibsə, həmin ziyanı yolun saxlanmasına məsul olan qurum ödəməlidir» Azər Allahverənov: «Konkret mexanizm olmalıdır ki, cavabdeh tərəf məsuliyyətə cəlb olunsun»

Paytaxtın mərkəzdən kənar bəzi yollarının keyfiyəti ilə bağlı narazılıqlar hər zaman olub, hazırda da davam edir. Xüsusən də çala-çuxur üzündən keçilməsi müşkül olan yollardan narazılıq böyükdür. Məsələ bundadır ki, çala-çuxur yollar sürücülərin bir tərəfdən əsəblərinin korlanmasına gətirib çıxarırsa, digər tərəfdən maddi cəhətdən də zərər görməsinə səbəb olur. Belə yollar səbəbindən ordan keçən avtomobillərin hansısa detalı xarab olur, sıradan çxır. Xüsusilə də bu yollardan mütəmadi olaraq istifadə etdikdə zərərin miqdarı getdikcə artır. Bu hal faktiki olaraq, sürücülərin hüquqlarının pozulması kimi də dəyərləndirilə bilər. 

Əslində, qanunvericiliyə görə, yolun keyfiyyətinə görə məsuliyyət daşıyan qurumlar sürücüyə məhz onların cavabdeh olduqları ərazidən keçərkən yolun keyfiyyətsizliyi üzündən dəyən ziyanı ödəməlidirlər. Bunu nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Movqe.az-a açıqlamasında deyib. Ekspertin sözlərinə görə, yolların çala-çuxur olması bir tərədən avtomobillərin detallarını sıradan çıxarırsa, digər tərəfdən həm də tıxac probleminin artmasına səbəb olur: "Burada iki məqam var. Əvvəla, yolların çala-çuxur olması Bakıdakı tıxacların əsas səbəblərindən biridir. Çünki, sürücülər çala-çuxurlu küçələrdən qaçırlar, rahat küçələrə üz tuturlar. Nəticədə kənar küçələr boş qala-qala mərkəzdə tıxac yaranır.  Və yaxud da, yol çala-çuxurdur deyə, sürücü çalışır ki, yavaş sürsün, maşın əzilməsin. Ona görə də ləngimə yaranır, tıxac əmələ gəlir. 

Qaldı ki, digər məsələ, əgər sürücü çala-çuxura düşərsə, avtomobil bundan zədələnərsə, qanunda öz əksini tapıb ki,  yol hərəkətinin təşkilində yolların lazımi səviyyədə olmaması səbəbindən problemlər olarsa, bunun nəticəsində yol hərəkəti iştirakçısına zərər dəyərsə, həmin zərəri yol hərəkətinin hərəkətini tənzimləməyə məsul olan qurumlar ödəməlidirlər. 

İkincisi də yolun hərəkətinin təşkilində Dövlət Yol Polisinin də səlahiyyətləri var. Yol polisi nəzarət eləməlidir ki, yolda hansısa qüsur çxan zaman bu haqda dərhal Nəqliyyat Nazirliyinə, İcra Hakimiyyətinə, bələdiyyəyə məlumat vesin ki, problem tezliklə aradan  qaldırılsın. Digər halda, sürücüyə ziyan dəyibsə,  dediyimiz kimi, həmin ziyanı yolun saxlanmasına məsul olan qurum ödəməlidir. Bu, yol hərəkəti haqqında qanunla bərabər, həm də istehlakçıların hüquqları haqda qanunda da öz əksini tapıb. Əgər vətəndaşın istifadə etdiyi yolda xidmət  lazımi səviyyədə deyilsə, xidmətdən məsul olan şəxs buna görə vətəndaşa dəyən ziyanı ödəməlidir. Belə hal baş verəndə hər bir sürücü  hadisə ilə bağlı Dövlət Yol Polisinə müraciət eləməlidir. Polis onu yol nəqliyyat hadisəsi kimi qeydə almalıdır ki, hadisə nə səbəbdən baş verib. Bu səbəblərlə çıxış edərək vətəndaş məhkəmədə iddia qaldıra bilər. Və itirdiyi zərəri geri ala bilər. Yaxud məhkəmə olmadan, birbaşa Nəqliyyat Nazirliyinin bu işə məsul olan qurumuna müraciət etməklə, tələb qaldıra bilər".  

Ekspert Azər Allahverənov isə bildirir ki, sıradan çıxan yollar həm də qəza şəraitinin yaranması üçün şərait yaradır: "Yolların bərbad vəziyyətdə olması bir tərəfdən bilavasitə istifadə olunan nəqliyyat vasitələrinin ehtiyat hissələrinin tez zamanda sıradan çıxamasına səbəb olursa, digər tərəfdən bu yollar qəza şəraitinin yaranması üçün çox əlverişli bir mühitdir. Biz dəfələrlə şahidi olmuşuq ki, istər kanalizasiya, istər elektrik, ya su xətti quyularının qapaqlarının açıq olması, həmçinin, yollarda çala-çuxurun olması orda hərəkət edən nəqliyyat vasitələrinin qəzaya düşməsinə səbəb olub. Təəssüflər olsun ki, xüsusilə də Bakı ətrafı kəndlərdə belə vəziyyətin hökm sürdüyünün şahidi oluruq". 

Azər Allahverənovun sözlərinə görə, yollarla bağlı qəza şəraiti yarananda burada günahkar tərəfi aydınlaşıdrmaq bir çox səbəblərdən çətin olur. Lakin işlək bir mexanizm qurularsa, məsələni həll etmək olar: "Belə olan halda günahı həmin yolları o vəziyyətə salan səbəblərdə, bu yolların  yararlı halda saxlanmasına cavabdeh olan qurumlarda axtarmaq lazımdır. Əgər hər hansı qəza baş veribsə, araşdırmalar aparmaqla müəyyən etmək olar ki, hadisə kimin səhvi ucbatından yaşanıb. Bununla ən azından məhkəmə dinləmələrində cavabdeh tərəfi məsuliyyətə cəlb etmək olar. Amma çox zaman bu baş vermir. Məsuliyyətli tərəfin günahını sübuta yetirmək bir qədər çətin olur. Xüsusilə o zaman ki, nəqliyyat vasitələri uzun zaman o yollardan istifadə edirlər və onun sıradan çıxması həmin uzun illər baş verən bir prosesdir. Bu zaman nəqliyyat vasitələrinin sahibləri öz maliyyələri hesabına avtomobillərinin zərər görmüş ehtiyat hissəsini dəyişdirirlər. Burda tərəflər arasında məsuliyyət dərk olunan və bəllidir. Sadəcə olaraq, bizim qanunvericilikdə elə nüanslar var ki, həmin nüanslar ucbatından cavabdeh tərəfi məsuliyyətə cəlb etmək çətin olur. Məsələn, hansısa yolda oğru gəlib kanalizaya quyusunun qapağını götürüb harasa təhvil verib. Burda qapağı götürən oğru məsuliyyət daşıyır. Lakin bu şəxsi tapmaq özü çətin məsələdir. Lakin əgər cinayət işi açılsa, çox məsələlər ortaya çıxar. Digər tərəfdən də həmin yolların yararlı vəziyyətdə saxlanmasına cavabdeh olan qurumlar var. Onlara da bu barədə informasiyalar gec çatır. Yolda hansısa nasazlığı aradan qaldırmaq üçün onların vaxtı çatmır. Nəticədə də xoşagəlməz hallar baş verir. Düşünürəm ki, hər bir tərəfin qarşılıqlı sürətdə məsuliyyəti nəinki dəqiq müəyyən edilməli, eyni zamanda konkret mexanizm olmalıdır ki, cavabdeh tərəf məsuliyyətə cəlb olunsun. Və bu mexanizm işlək olmalıdır". 


Sizin Reklam Yeriniz