Əlaqə Arxiv
news Image
2014.09.23
10:25
| A A A
İçməli su ilə bağlı böyük problem
Gülmalı Süleymanov: "İçməli su çatışmamazlığı problemindən xilas olmağın başlıca yolu meşə ərazilərinin artırılmasından keçir" Sevil Yüzbaşova: "Ətraf mühitdə baş verən dəyişikliklər faktiki olaraq öz təsirini içməli su ehtiyatlarının qurumasına da göstərib"

ABŞ kəşfiyyatı dünyanın üzləşdiyi qlobal problemlərin və təhdidlərin sırasına daha birini əlavə edib. Kəşfiyyat iqlim dəyişikliklərinin beynəlxalq münasibətlərə təsirinin getdikcə artdığı haqda xəbərdarlıq edir. Burada bildirilir ki, bu gün dünyanın 39 ölkəsi içməli suyun böyük hissəsini ölkə xaricindəki mənbələrdən alır. Bu ölkələrə Azərbaycan, Latviya, Slovakiya, Özbəkistan, Ukrayna və s. daxildir. Qeyd edək ki, yer kürəsi su ehtiyatının 97,5 faizi şor, yalnız 2,5 faizi içməli sudan ibarətdir.

Maraqlıdır, iqlim dəyişikliyi Azərbaycanda içməli su sahəsində problem yarada bilərmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişikliyi və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov düşünür ki, iqlim dəyişikliyi ölkəmizdə içməli su sahəsində müəyyən problemlər yarada bilər: "Çaylarda su azalır, bulaqlar quruyur. Bu proseslərin baş verməsi isə aydındır ki, birbaşa olaraq içməli su sahəsində problem yaradan məqamlardır. Ümumiyyətlə, Azərbaycan içməli su baxımdan onsuz da qıtlıq çəkir. Proqnozlar da göstərir ki, hardasa 2050-ci ilə qədər yağıntıların miqdarı azalacaq. Başqa bir tərəfdən, ölkəmizdə meşə sahələri də çox deyil ki, suyu saxlaya bilsin. Ona görə də bu sahədə hələ də problem qalacaq. İçməli su çatışmamazlığı problemindən xilas olmağın başlıca yolu meşə ərazilərinin artırılmasından keçir. Kür çayı sahili kəndlərində içməli təmiz su qurğuları qurulur. Artezian quyuları da qazılmalı, yeraltı su ehtiyatları axtarılıb tapılmalıdır. Həmçinin, yaxşı olar ki, bulaqlar olan yerdə meşələr də sıx olsun. Xəzər dənizinin suyunun şirinləşdirilməsi məsələsi isə gələcək layihələr üçün nəzərdə tutulub. Amma bu suyu ancaq suvarma üçün istifadə etmək olar, çünki içməli su üçün o qədər də yararlı deyil. Eyni zamanda, sudan qənaətlə istifadə etməyi də öyrənməliyik. Düşünürəm ki, suyun qiyməti qaldırılsa və sayğaclar quraşdırılsa, insanlar da sudan qənaətlə istifadə etməyə başlayacaqlar".

Ekoloq Sevil Yüzbaşova da bu məsələdə həyəcan təbili çaldı: "Bu il istilər quraqlıqla müşayiət olundu və bu proses uzun müddət çəkdi. Uzun müddət yağış yağmadı. Bütün bunlar da təbii ki, ətraf mühit amillərinə təsir edir. İşməli su ehtiyatının formalaşması və qorunmasında yaşıllıq və meşələrin böyük əhəmiyyəti vardır. Meşələrin yanacaq probleminn həlli üçün qırılması, heyvanların meşə ərazisinə buraxılması son nəticədə meşə massivinin məhvinə gətirib çıxardı. Ətraf mühitin belə dəyişməsi faktiki olaraq, öz təsirini içməli su ehtiyatlarının qurumasında da göstərib. Ətraf mühitə göstərilən bu təsirlər nəticəsində artıq ekoloji hədd keçilib. Problemdən xilas olmaq üçün hər bir insan ətraf mühit haqqında geniş biliyə sahib olmalıdır. Təbiət və onun nemətlərindən istifadə və davranış qaydalarını bilməliyik. Su hövzələri və yaşıllıqları qorumalıyıq. Ən vacibi kənardan gələn və bizim iqlimə uyğunlaşmayan bitkilərin yayılmasının qarşısı alınmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi böyük bir ərazidə yaşıllaşdırma işləri aparır. Bu müsbət haldır. Lakin kifayət deyil. Bir sözlə, insanlar təbiətə nəzarət etməyi, onu qorumağı bacarmlıdır. Bu il baş verən quraqlığın gətirdiyi fəsadların təsirini, iqlim şəraiti 5 il müddətində normal keçsə də, hələ hiss edəcəyik. Artıq təbiətdə insan əli ilə o qədər mənfi dəyişikliklər gedib ki, onun qorunması çətin məsələyə çevrilib. Amma yenə də təbiət və işməli su ehtiyatlarının qorunması, ondan ənaətlə istifadə edilməsinə xüsusi diqqət yetirməkdə davam etməliyik. Bu sahədə ictimai təşkilatların əhali arasında maarifləndirmə işləri aparması, onu gücləndirməsi də lazımdır. Lakin görülən bu tədbirlər azdır, iqlimin qorunması üçün hər kəsin bu sahəyə müsbət töhvə verməsi lazımdır. Bu problemin həllinə nail olmaq üçün qlobal anlamda düşnmək gərəkdir. Hələlik gec deyil, insanlar ətraf mühitin, içməli su ehtiyatlarının qorunub artırılması istiqamətində hələ də nəsə edə bilərlər. Bunun da əsas yolu maariflənmədən keçir".

Sizin Reklam Yeriniz