Əlaqə Arxiv
news Image
2014.09.27
08:48
| A A A
Yeni binaların bitməyən problemləri
İlqar Hüseynli: “Qeydiyyat vəsiqəsi olmayan mənzillərdəki problemin kökündə dayanan odur ki…” Ramil Osmanlı: “Bu gün yeni binaların əksəriyyətinin sənədləşməsində problemlər var”

Təxmini rəqəmlərə görə, ölkə üzrə istifadəyə verilən yeni binaların cəmi 30%-də sənədləşmə ilə bağlı işlər tam şəkildə həyata keçrilib. Qalanlarında isə mənzil sənədləri ilə bağlı problem hələ də həllini tapmayıb. Bu da insanlar üçün çox problemlər yaradır. Məsələn, mənzillərin texniki pasportunun olmaması, evlərin mülkiyyət hüququndan çıxarışın yoxluğu sakinlərə ciddi çətinliklər yaradır. Sakinlər pul verib aldıqları evlərində qeydiyyata düşə bilmirlər. Eyni zamanda həmin binaların ən problemli tərəfi onlarda qazın olmamasıdır. Binalar dövlət qəbulundan keçmədiyinə görə, onlara qaz verilmir. Nəticədə qazanxanası olmayan binaların sakinləri mənzilləri elektriklə qızdırırlar ki, belə mənzillərdə yaşayanlar qış aylarında kifayət qədər yüksək məbləğdə işıq pulu verir. Bundan başqa, çoxmərtəbəli binaların mənzillərinə "kupça" verilməməsi dövlət büdcəsinə də zərərsiz ötüşmür. Evinə mülkiyyət sənədi ala bilməyən vətəndaş əmlak vergisi ödəmir. Həmçinin, mənzillərin sənədinin olmaması onların müxtəlif müqavilə formaları ilə eyni vaxtda bir neçə alıcıya satılmasına imkan yaradır.

Tikinti məsələləri üzrə ekspert İlqar Hüseynli bildirdi ki, tikilən binalar tam sənədləşməni keçməlidirlər: "Çünki, tikili sonda yerli icra hakimyyətinin balansına təhvil verilir. İlkin olaraq tikintiyə icazə alınarkən xeyli dövlət orqanlarından icazə sənədləri tələb olunur. Əksər şirkətlər həmin icazə sənədlərini almadan birbaşa tikintiyə başlayırlar. Tikinti sona çatanda məlum olur ki, xeyli sayda orqanlardan tikintinin icazəsi ilə bağlı tələb olunan sənədlər yerində deyil. Həmin binaların qazlaşma, elektriklə təchizat prosesi başa çatdırılmalıdır ki, aidiyyatı qurumlar tikintinin başa çatdırılması ilə bağlı şirkətə icazə versin. Bu olmayanda tikinti natamam hesab olunur. Odur ki, bu gün əksər binalarda qazlaşma prosesi başa çatdırılmayıb. Fasad problemləri ilə yanaşı, daxili divarların tamamlama işləri yarımçıq qalıb. Bu da bəzi şirkətlərin iflas olması, bəzilərinin işə məsuliyyətsiz yanaşması ilə bağlıdır. İstənilən halda qeydiyyat vəsiqəsi olmayan mənzillərdəki problemin kökündə dayanan odur ki, tikintini tam başa çatması ilə bağlı müvafiq sənədləşmə işləri başa çatdırılmayıb və yerli icra hakimiyyətinin sərəncamına verilməyib".

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı bildirir ki, bu gün tikintidə müxtəlif problemlər mövcuddur: "Onlardan ən əsası da tikinti işinin başlaması dövründə müvafiq sənədləşdirmə işinin qaydasında olmamasıdır. Bu gün yeni binaların əksəriyyətinin sənədləşməsində problemlər var. Bəzilərinin torpaq sahələri mülkiyyətdə deyil. Yaxud da təyinatı üzrə istifadə olunmayıb. Bəzilərində inşaat pasportu var, tikintiyə icazə yoxdur, bəzilərində əksinə. Yəni, bu məsələlərə müxtəlif kontekstdən yanaşmaq olar. Bu problemin həlli üçün dövlət tərəfindən konsepsiya hazırlanmalıdır. Kütləvi şəkildə binaların qeydiyyata alınması prosesi həyata keçirilməlidir".

Sizin Reklam Yeriniz