Əlaqə Arxiv
news Image
2012.07.17
09:35
| A A A
Xankəndi hava limanı ermənilərin yeni təxribat predmetinə çevrilir
Beynəlxalq hüquqa görə, Azərbaycanın işğal olunmuş ərazilərində uçuşların keçirilməsi qanunsuzdur və sərnişinlərin təhlükəsizliyinə heç kimi təminat verə bilməz

Məlum olduğu kimi ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən sonra işğal altındakı Azərbaycan ərazilərində ermənilərin inşa etdikləri hava limanı məsələsi ilə bağlı ziddiyyətli vəziyyət yaranıb. Belə ki, həmsədrlərin regiona səfərinin yekunlarına dair bəyanatında Xankəndindəki hava limanı ilə bağlı məsələ də yer alıb.

Bəyanatda bildirilr ki, Dağlıq Qarabağda aeroportun nəzərdə tutulan açılışına dair məlumatlarla bağlı tərəflər, həmsədrləri yenidən əmin ediblər ki, mülki hava nəqliyyatı vasitələrinə hədə və güc tətbiqindən imtina edəcək, məsələni diplomatik vasitələrlə dəqqətdə saxlayacaq, mövzunu siyasiləşdirməyəcəklər. Şübhə yoxdur ki, "tərəflər" dedikdə məhz Azərbaycan nəzərdə tutulur. Çünkü Azərbaycan tərəfi əvvələr də xəbərdarlıq etmişdi ki, ermənilərin işğal altındakı ərazilərdə uçuşların təşkil etməsinə yol verilməyəcək və Xankəndinə uçan təyyarələr vurulacaq.

Azərbaycan Mülki Aviasiya adminstrasiyasının direktoru Arif Məmmədov "Lider" televiziyasına müsahibəsində bildirib ki, beynəlxalq hüquqa görə, Azərbaycanın işğal olunmuş ərazilərində uçuşların keçirilməsi qanunsuzdur və sərnişinlərin təhlükəsizliyinə heç kim təminat verə bilməz. Onun sözlərinə görə, işğal altındakı ərazidə inşa olunan aeroportun avadanlıqları Fransadan alınıb və bununla da bağlı Azərbaycan tərəfi beynəlxalq aviasiya təşkilatına müraciət edib. Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev də ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ hava limanı ilə bağlı bəyanatını şərh edərkən bildirib ki, işğal olunmuş ərazilərin üzərindən uçuşların keçirilməsi qadağandır. Belə ki, işğal olunmuş Azərbaycan ərazisi, Xankəndində ermənilərin inşa etdikləri aeroport rəsmi Bakının icazəsi olmadan fəaliyyət göstərə bilməz.

Tanınmamış "Dağlıq Qarabağ Respublikasının Mülki Aviasiya İdarəsinin rəisi" Dmitri Atbaşyan "Xocalı" hava limanı yerində tikilmiş Xankəndi aeroportunun işə salınması üzrə işlərin yekun mərhələyə daxil olduğunu deyib. Daha əvvəl bu hava limanının 2011-ci il mayın 9-da işə buraxılacağı bəyan edilmişdi, lakin daha sonra açılış tarixi sentyabradək təxirə salınıb, bu yaxınlarda isə aeroportun cari ilin yazında işə buraxılacağı bəyan olundu. Lakin yenə proses sentyabra kimi təxirə salındı.

Yeni hava limanının açılışı ətrafında mübahisələrlə əlaqədar Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupunun həmsədrləri beynəlxalq konvensiyalara riayət etməyə çağırıblar. Həmsədrlər xəbərdar ediblər ki, hava limanının işə buraxılması Dağlıq Qarabağın statusunun dəyişdirilməsi məqsədilə istifadə edilməməlidir.

Ekspertlərə əsasən isə, Azərbaycanın işğalda olan Xankəndi şəhərində hava limanı ilə bağlı çox ciddi və vacib məqamlar var. Belə ki, Minsk Qrupunun həmsədrləri də təsdiqləyir ki, hava limanının fəaliyyəti Dağlıq Qarabağın statusunun dəyişilməsi istiqamətində istifadə oluna bilməz. Bununla yanaşı, onlar beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərməyə çağırır. Buradan bu nəticəyə gəlmək olar ki, beynəlxalq hüquq normalarına və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qanunlarına riayət edilərsə, işğaldakı ərazilərdə bu cür uçuşlar mümkün deyil. İCAO bu hava limanını, həmçinin orada baş tutmuş hər hansı uçuşu qanuni hesab etmədiyini bildirib.

Politoloqların sözlərinə görə, bu halda texniki təminat, aviadispetçer xidməti, hava dəhlizlərinin əldə olunması kimi məsələlər meydana çıxır. O da qeyd olunur ki, rəsmi Bakının icazəsi olmadan Azərbaycan Respublikasının hava məkanında hər hansı hava gəmisinin uçuş cəhdi hava məkanından istifadə qaydasının pozulması kimi qiymətləndiriləcək, hava gəmisi isə qaydaları pozan hava gəmisi sayılacaq və belə hava gəmisinə münasibətdə hansı tədbirlərin görüləcəyi məsələsi qanunvericiliklə müəyyən edilmiş qaydada həllini tapacaq. İCAO və ECAC kimi beynəlxalq təşkilatların üzvü olan ölkələr bu təşkilatlarda nüfuzunu qoruyub saxlamaq üçün kifayət qədər məntiqli olacaq sərnişin və mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə təhdidin yaranmasına yol verməmək məqsədilə qadağan olunmuş hava məkanına, qanunsuz tikilmiş aerodroma hər hansı uçuşa heç bir zaman yol verməyəcək.

Hər halda hadisələrin inkişafı ermənilərin burada növbəti dəfə Azərbaycana qarşı ciddi təxribat niyyətini ortaya qoyur.
Sizin Reklam Yeriniz