Əlaqə Arxiv
news Image
2014.09.30
08:03
| A A A
Avtobus qəzalarında sərnişinlərə çatacaq pullar kimin cibinə gedir?!
Ərşad Hüseynov: “Yol-nəqliyyat hadisəsində təqsirli olan nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış sığorta şirkəti sərnişinə dəymiş zərəri ödəməlidir” Xəyal Məmmədxanlı: “Gediş haqlarında kart sisteminə keçid olarsa, sığortanı da tətbiq etmək mümkündür”

Bilindiyi kimi, ölkəmizdə "İcbari sığortalar haqqında" qanunda sərnişinlərin icbari fərdi qəza sığortası nəzərdə tutulub. Sərnişinlərin icbari fərdi qəza sığortası sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir. Ancaq maraqlısı budur ki, bütün bu deyilənlər hələ də şəhərdaxili maşurutlarda tətbiq edilmir. Heç sərnişinlərin sığortalanması haqqında ictimaiyyətin özündə dəqiq məlumatı yoxdur. Bir sıra xarici ölkələrdə isə bütün növ ictimai nəqliyyat vasitələrinin gediş haqqının tərkibində sığorta məbləği mütləq yer alır. Məsələn, Rusiyada gediş haqqı üçün ödənilən məbləğin 14 qəpiyi sığortaya çıxılır. Ölkəmizdə isə vəziyyət fərqlidir. Mütəxəssislər bunu bir sıra amillərlə izah edirlər. Ancaq bu, şəhərdaxili ictimai nəqliyyatın mütləq sığortasız anlamına da gəlmir.

Nəqliyyat məsələlər üzrə hüquqşünas Ərşad Hüseynov bildirir ki, "İcbari sığortalar haqqında" qanuna əsasən, icbari sığorta növlərindən biri də sərnişinlərin fərdi qəza sığortasıdır: "Fərdi qəza sığortası qəsəbə, şəhərdaxili daşımalarla məşğul olan ictimai nəqliyyata aid deyil. Hətta bu, metroya da aid deyil. Yəni, burada sərnişin üçün sığorta yoxdur. Amma yol-nəqliyyat hadisəsi baş verərsə və yol-hərəkət iştirakçısı olan sərnişinə zərbə dəyərsə, həmin sərnişinin sağlamlığı və həyatı "İcbari sığortalar haqqında" qanunda nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortasına düşür. Yəni, yol-nəqliyyat hadisəsində təqsirli olan nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış sığorta şirkəti sərnişinə dəymiş zərəri ödəməlidir. Fərdi qəza sığortası yol-nəqliyyat hadisəsi ilə bağlı deyil. Amma nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası yalnız yol-nəqliyyat hadisələri baş verəndə dəymiş zərərin ödənilməsini nəzərdə tutur".

Hüquqşünasın fikrincə, ödəniş sistemi ilə ictimai nəqliyyatda sığortanın heç bir bağlılığı yoxdur: "Gərək onda "İcbari sığortalar haqqında" qanuna dəyişiklik edilsin. Bu da çətin məsələdir. İcbari sığortanın şəhərdaxili nəqliyyatda tətbiq olunmamasının səbəbi sərnişin axının həddindən artıq çox olmasıdır. Həm də burada sığorta şirkətlərinin marağı yoxdur. Çünki, onlara faydalı deyil".

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı bildirdi ki, "Sərnişinlərin icbari sığortası" haqqında qanun var: "Həmin qanuna əsasən, hava daşımaları, dəmiryolu nəqliyyatı, şəhərlərarası avtobus daşımalarında sərnişinlər sığortalanırlar. Amma şəhəriçi nəqliyyatda bu nəzərdə tutulmayıb. Bunun da əsas səbəbi, tənzimləmə mexanizminin olmamasıdır. Çünki, şəhərlərarası daşımada gedişat biletlədir. Şəhər daxilində bunun tariflərdə nəzərə alınması mümkün olmadığına, həm də sərnişinlərin minib-düşmə intensivliyi yüksək olduğuna görə mümkün deyil. Ancaq fiziki şəxslərin məsuliyyət sığortası var. Burada proses məsuliyyət sığortası ilə tənzimlənir. Yəni, avtobusda sərnişinə nəsə olarsa, sürücünün məsuliyyət sığortası vasitəsi ilə həmin zərər ödənilir"

Xəyal Məmmədxanlı hesab edir ki, gediş haqlarında kart sisteminə keçid olarsa, sığortanı da tətbiq etmək mümkündür: "Amma bu da tariflərdə müəyyən addımlara gətirib çıxara bilər. Çünki, indiki nəqliyyat daşıma tarifləri ilə sığortanı həyata keçirmək çox çətin məsələdir. Düzdür, adətən şəhər daxilində sərnişinlərə az zərər dəyir. Lakin bütün hallarda kart sisteminə keçilsə, sığortanın da tətbiqi mümkün olacaq".

Hələlik isə avtobuslarda qəzaya düşən sərnişinlərə yol-nəqliyyat hadisəsində təqsirli olan nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış sığorta şirkəti dəymiş zərəri ödəməli olsa da, praktikada bu həyata keçrilmir. Sərnişinlərin iəs buna görə kompensasiya tələb etməməsi sonda onlara çatacaq vəsaitin belə demək mümkünsə, batıb getməsinə səbəb olur.

Sizin Reklam Yeriniz