Əlaqə Arxiv
news Image
2014.10.01
09:13
| A A A
Səs siqnalları əhalini narahat etməyə davam edir
Vaqif Əsədov: «İctimai qınaq metodundan istifadə edərək bu kimi halların qarşısını almaq mümkündür»

Səs siqnallarının yerli-yersiz istifadəsi, yəqin ki, Bakı əhalisinin ən yaralı yeridir. Bu siqnallar bizi narahat etməklə yanaşı, sağlamlığımıza da mənfi təsir göstərir. Belə ki, çoxavazlı və yüksəktonlu siqnallar nevroloji xəstəliklərin yaranmasına şərait yaradır. Səs siqnallarından düzgün istifadə olunmadıqda müxtəlif cərimə tədbirləri görülsə də, məsləni tam həll etmək mümkün olmur.

Hüquqşunas Ərşad Hüseynov "Mövqe"yə açıqlamasında bildirib ki, Azərbaycanda səs siqnallarından istifadə edilməsi haqqında qanunvericilik Avropa ölkələrinin qanunvericiliyinə uyğun olaraq hazırlanıb: "Müxtəlif səsli siqnallardan istifadə "Yol hərəkəti haqqında" qanunun 73-cü (sürücülər tərəfindən səs siqnallarından istifadə etmə), 74-cü (xüsusi siqnalların tətbiqi) maddələrin tələbi əsasında tənzimlənməlidir. Avtomobillərin istehsalçı zavod tərəfindən konstruksiyasında quraşdırılması nəzərdə tutulan səs siqnallarından istifadə edilməsinə yalnız 2 halda - yaşayış məntəqəsindən kənarda ötmə niyyəti aparmaq barədə başqa sürücüləri xəbərdar etmək üçün və yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün icazə verilir. Bu iki haldan başqa digər hallarda səs siqnallarından istifadə edildikdə 30 AZN cərimə tətbiq olunmalıdır. Qanunvericilikdə səs siqnalları haqqında qadağalardan digəri isə səs siqnallarının tipi və gücü ilə bağlıdır. Belə ki, yalnız monofonik (tək səsli) və səs gücü 105 desibeldən artıq olmayan siqnallardan istifadə etmək olar. Digər hallarda 115.7-ci maddəyə əsasən, sürücüyə 500 AZN-dən 800-dək cərimə tətbiq olunur və sürücünün siqnalı müsairə olunur".

Ərşad bəy qeyd etdi ki, mövcud qanunların tətbiqinə daha ciddi yanaşmaqla məsələni həll etmək mümkündür: "Bu sahədə kifayət qədər qayda-qanun və cərimə tədbirləri mövcuddur. Əsas məsələ isə, həmin qayda-qanunu tətbiq etməkdədir. Məsələyə biraz daha ciddi yanaşılsa problemin zamanla həll olacağını düşünürəm".

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə "Mövqe" qəzetinə açıqlamasında bildirib ki, məsələyə nəzarət kifayət qədər güclüdür: "İlin əvvəlindən bu günə kimi 1000-ə yaxın protokol hazırlanmış, müxtəlif avtomobil və avtobus sürücülərinə səs siqnalından istifadə qaydalarını pozduqları üçün cərimələr tədbiq olunmuşdur. Təkcə keçən ay 125 avtomobil sürücüsünə və 35 avtobus sürücüsünə İnzibati Xətalar Məcəlləsinin 155.7-ci maddəsinə əsasən, inzibati protokol tərtib olunaraq aidiyyatı üzrə məhkəmələrə göndərilib. Qanunvericilik və qanunların tətbiqi baxımından bir problem yoxdur. Əsas məsələ odur ki, biz səs siqnallarından istifadə etməyi adət halına gətirmişik"

Vaqif bəy məsələdən çıxış yolunu bu sahədə maarifləndirmə və təbliğat işlərini aparmaqda görür: "Burada əsas günahkar özümüzük. Birmənalı olaraq başa düşməliyik ki, başqalarını narahat etməyə haqqımız yoxdur. Məsələnin ciddiyətinin dərk edilməsi üçün maarifləndirmə işləri aparılmalı, səs siqnallarının insan sağlamlığına mənfi təsirləri haqqında əhaliyə məlumat verilməlidir. Bununla yanaşı, ictimai qınaq metodundan istifadə edərək bu kimi halların qarşısını almaq mümkündür". Vaqif Əsədov sürücülərdən səs siqnallarından yersiz istifadə edilməməsini, vətəndaşlardan isə bu hallar barədə yol polisi əməkdaşlarına məlumat vermələrini xahiş edir.

Sizin Reklam Yeriniz