Əlaqə Arxiv
news Image
2014.10.01
09:25
| A A A
Yağış yenə paytaxt yollarında böyük tıxaclar yaratdı
Azər Allahverənov: "Yağışın yağmasının hər dəfə tıxac probleminin böyüməsinə gətirib çıxarması bir çox amillərlə bağlıdır " Məzahir Rüstəmov: "Bunun yaranmasının başlıca səbəbi bütün yollarımızın istismara tam yararlı olmamasından qaynaqlanır"

Paytaxtda və ölkənin digər ərazilərində intensiv yağan yağış yenidən bəzi ənənəvi problemləri üzə çıxardı. Yağışın yağması hər dəfə olduğu kimi yenə də daha çox Bakıda bir sıra probemlərə rəvac verdi. Belə ki, bəzi yollar yenə də sakinlər və avtomobillər üçün keçilməz hala düşdü. Bundan başqa, ən vacib məqamlardan biri də odur ki, hər dəfə yağışın yağması ilə tıxac problemi də özünü daha kəskin formada göstərməyə başlayır. Bakı-Sumqayıt yolu, Badamdar, Bayıl qəsəbəsində vəziyyətə nəzər salmaqla bunu əyani formada görmək olar. Düzdür, əvvəlki günlərdə də tıxac özünü göstərirdi. Amma nədənsə, yağış yağandan sonra, bu hal daha qabarıq şəkildə üzə çıxır.

Məsələyə münasibət bildirən ekspert Azər Allahverənov düşünür k, yağışın yağmasının hər dəfə tıxac probleminin böyüməsinə gətirib çıxarması bir çox amillərlə bağlıdır. Onlardan biri həmsöhbətimizə görə, yağış yağan zaman sürücünün görmə məsafəsinin azalması və belədə avtomobili aşağı sürətlə idarə etməyə məcbur olmasından qaynaqlanır: "Təbii ki, yağış yağan zaman sürücünün görmə məsafəsi də azalır. Bunu sürücülər gözəl dərk edir. Amma həmin sürücülər arasında elələri də var ki, onlar yağışlı havaya da əhəmiyyət verməyərək, avtomobili sürətlə idarə edir, gözlənilməz halda hansısa bir manevr, dönmə əməliyyatı həyata keçirirlər. Bu da qəza vəziyyəti yaradır. Ona görə də, yağışın yağması ilə sükan arxasında əyləşənlərin əksəriyyəti avtomobili nisbətən aşağı sürətlə sürmək qərarına gəlir. Nəticə etibarı ilə maşını sürətlə idarə etmək üçün nəzərdə tutulan yollarda belə aşağı sürətlə idarə olunan nəqliyyat vasitələrinə rast gəlirik". Digər bir tərəfdən, ekspertə görə, yaşanan bu problem yağışlı havada yol örtüyünün tam olaraq görünməməsi ilə bağlıdır: "Ola bilsin, yolun bəzi yerlərində çala-çuxur, bəzi yerlərdə isə kanalizasiya qapaqlarının açıq olması halları olsun, hansı ki, bunlar da nəticə etibarı ilə qəzalara rəvac verə bilər. Sürücülərin əksəriyyəti bu amili gözəl başa düşdüklərindən, onlar gölməçələrlə dolu olan, asfalt örtüyü görünməyən yerlərdə nəqliyyat vasitələrini aşağı sürətlə idarə etmək niyyətində olurlar. Bu da nəticə etibarı ilə, onsuz da tıxacdan əziyyət çəkən paytaxt küçələrində nəqliyyat vasitələrinin intensivliyinin daha da artması və tıxaca düşən maşınların sayının çoxalmasına səbəb olur".

A. Allahverənov bildirdi ki, yaşanan bu problemin qismən həlli mümkündür: "Bununla bağlı yaranan problemi qismən həll etmək olar. Belə ki, yeni salınan yollarda axar sular üçün irriqasiya xətlərinin çəkilməsi faktiki olaraq, suyun üzərində asfaltın qalmaması üçün əlavə ötürücü və xətlərin çəkilməsi məsələsi ilə həll oluna bilər ki, asfalt su ilə bağlanmasın. Təbii ki, bunu hər yerdə etmək mümkün deyil. Çökəklik kimi yerlərdə suyun qalma ehtimalı yenə də yüksəkdir. Amma istər-istəməz bu səbəbi qismən aradan qaldırmaq mümkündür. Amma yağışdan irəli gələrək, görmə məsafəsini yaxşı görməyən sürücülərin yenə də sürətlə sürməsi kimi məsələnin qarşısı isə dövlət yol polis əməkdaşlarının reydləri ilə alına bilər. Bu da ümumi profilaktik tədbirlərin həyata keçirilməsi, maarifləndirmə işlərinin icra olunmasını tələb edən bir məsələdir".

Nəqliyyat eksperti Məzahir Rüstəmov isə problemin kökünü yolların heç də hamısının istismara tam yararlı olmamasında görür: "Yağışın yağması və bir balaca sərnişin sıxlığı ilə yollarda problemlər də artır. Hansısa bir təbiət və yaxud başqa hadisələr baş verən kimi paytaxt yollarında tıxaclar özünü daha kəskin surətdə göstərir. Bunun yaranmasının başlıca səbəbi yollarımızın istismara tam yararlı olmamasından qaynaqlanır. Yararsızlıq özünü hır zaman göstərir. Bu hal yağış və digər təbii hadisə zamanı əmələ gələndə isə, vəziyyət daha pis xarakter alır. Bir sıra yollarda hərəkət havanın normal vəziyyətində yaxşı halda olsa da, dediyimiz kimi yağışın yağması ilə məsələ qəlizləşir. Nəticədə belə yollarda hərəkətin sürəti, intensivliyi aşağı düşür. İntensivliyin aşağı düşməsi də digər yolların üzərinə əlavə yük salır. Belədə, tıxac amili daha qabarıq olaraq özünü göstərir. Problemin əsas səbəblərindən biri də Bakıda kanalizasiya sisteminin normal işləməməsi, yollarda yağış və qurunt sularının axıdılması üçün drenaj xətlərinin yetərincə olmamasıdır. Düşən yağıntı qısa zaman kəsiyində yollarda gölməçələr əmələ gətirir. Təbii ki, belə gölməçələri keçərkən, avtomobilin sürətini azaltmaq tələb olunur, nəticədə tıxaclar baş verir".

Sizin Reklam Yeriniz