Əlaqə Arxiv
news Image
2014.10.01
11:04
| A A A
Təhlükə yaradan iaşə obyektləri
Adil Qeybulla: «Antisanitariya vəziyyəti insanlarda qida zəhərlənmələrinə səbəb ola bilər» Rasif Bağırov: «Bəzən elə mərkəzdə yerləşən iaşə obyektlərində də gigiyena tələblərinin pozulması hallarına rast gəlinir»

Ölkəmizdə fəaliyyət göstərən bütün iaşə obyektlərinin heç də hamısının gigiyenik tələblərə cavab verdiyini iddia etmək mümkün deyil. Xüsusən də Bakıətrafı kafe və çayxanalarda qeyd olunan mənzərə ilə qarşılaşmaq mümkündür. Qidanın keyfiyyəti, təmizlik, xidmətdən tutmuş adi sanitariya qaydalarına qədər tələblərə əməl olunmaması isə bir sıra xəstəliklərinə yol aça bilər. 

Həkim Adil Qeybulla bu cür antisanitariya vəziyyətinin insanlarda qida zəhərlənmələrinə səbəb ola biləcəyini deyir. "İstənilən iaşə obyektinə lisenziya verilərkən sanitar epidemioloji normalara əməl olunması, ordakı havalandırma sistemi, qidaların hazırlanması texnologiyasına nəzarət və s. nəzərə   alınır. Bakı şəhərində qidaların keyfiyyətinə nəzarət birbaşa qida gigiyenasına məsul olan Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilir. Onlar bütün məhsulların, istər hazırlanmış, istər yarımfabrikat olsun, istər konservləşdirilmiş qidaların konkret müəyyənləşmiş parametrlərə cavab verib-verməməsi məsələsini müəyən edirlər. Ama bir sıra hallarda iaşə obyektlərində bu standartlar pozulur.  Ya yeməklərin hazırlanma mexanizmində yanlışlıqlar olur, ya qida üçün lazım olan xammalın keyfiyyətsiz olması burda rol oynayır, ya hazırlanmış qidanın saxlanma qaydasına riayət olunmur və s. Bütün bunlar zəhərlənmələrə, qida toksiki infeksiyalarına səbəb  ola bilər". 

Həkim Rasif Bağırov isə bildirir ki, yalnız mərkəzdən kənarda yox, bəzən elə mərkəzdə yerləşən iaşə obyektlərində də gigiyena tələblərinin pozulması hallarına rast gəlinir. Səbəb odur ki, bu obyektlərə lazımi qədər nəzarət olunmur: "Təmizliyə riayət olunan obyektlər isə bunu kommersiya məqsədilə edirlər". 

Həkim bildirib ki, çirkli, antisanitariya vəziyyəti hökm sürən mühitdə qida zəhərlənmələrindən tutmuş, bir sıra yoluxucu xəstəliklərə qədər yayıla bilər: "Botulizm, brüsellyoz, qarın yatalağı, mədə-bağırsaq, həzm sistemi ilə bağlı xəstəliklərə yol aça bilər. Bütün bunların qarşısını almaq üçün gərək nəzarətlə bağlı prinsiplər gücləndirilsin". 


Sizin Reklam Yeriniz