Payız mövsümü başlayandan artıq bir neçə gündür ki, ölkə ərazisində, xüsusən də regionlarda intensiv yağışlar yağır. Lakin hələ bu yağışlar bir neçə aydır ki ölkədə yaşanan quraqlığın təbiətə vurduğu ziyanın qarşısını ala bilmir. Quruyan çaylarda sululuq səviyyəsi hələ normal həddə çatmaması narahatlıq doğurur. Xatiırladaq ki, bu il yağıntının olmaması ilə əlaqədar Azərbaycanın bəzi çaylarının məcralarında quruma prosesi müşahidə edilmişdi. İndi isə intensiv yağışlar hələ də çaylardakı suyun səviyyəsini əvvəlki normaya qaytarmayıb. Məsələn, hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın çaylarında 10 faizini təşkil edir. Sentyabrın 29-da isə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 sm azalma müşahidə olunub. Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 24, Bankədə 13, Araz çayının Novruzlu məntəqəsində 30 sm azalma qeydə alınıb. Bütün bunlar yağışların çaylarda suyunartmasına hələ ciddi təsir göstərmədiyini deməyə əsas verir.
Azərbaycan Milli Elmlər Akademiyası
Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev
isə bu vəziyyətin normal olduğunu bildirdi. Ekoloqun sözlərinə
görə, yağışlar intensiv yağsa da, hələ torpağın, ağacların
nəmliyi normal deyil: "Çaylarda suyun normal səviyyəyə çatması üçün
bütün regionlarda intensiv yağışlar yağmalıdır. Çayların lazımi
suyu toplaması üçün gərək yağan yağışların əksəriyyəti çaylara
axsın. Amma hələ torpaq da, bitkilər də kifayət qədər suya
doymayıb. 6-8 aydır ki, bəzi yerlərə ümumiyyələ, yağış dəymirdi.
Torpaqlar qurumuşdu. Bunlar normal səviyyəyə düşəndən sonra yağış
suları daha çox çaylara gedəcək. O zaman vəziyyət
normallaşacaq".
Ekoloq Telman Zeynalov da bildirdi
ki, narahatçılığa heç bir əsas yoxdur. Bu yaşanan quraqlıq iqlim
dəyişmələrinin nəticəsi idi: "İqlim dəyişmələri hər 50-60 ildən bir
bir-birini əvəz edir. Bütün yay boyu 3 ay yağışsız keçirsə,
onun əvəzində payız bol yağışlı, qış isə qarlı keçir. Sadəcə
olaraq, bundan məharətlə istifadə etmək lazımdır. Bol yağışlı
vaxtlarda anbarlara su toplanmalı, yayda quraqlıq olanda istifadə
edilməlidir".
Çaylarda suyun hələ normal həddə çatmamasına gəlincə isə, ekoloq da bildirdi ki, bunun üçün tezdir: "Bir neçə gün yağıntı ilə bütün çaylar dola bilməz. Gərək ən az bir neçə ay yağıntı olsun ki, vəziyyət normallaşsın".