Əlaqə Arxiv
news Image
2014.10.02
11:25
| A A A
Ailə düşməninə çevrilən sosial şəbəkələr
Aynur Veysəlova: «Ümumiyyətlə, nəinki sosial şəbəkələrdə vaxtının çoxunu keçirən ana və atalar, eyni zamanda övladlar belə ailədən uzaqlaşırlar»

Məlumat verildiyi kimi, bu gün sosial şəbəkələrin yaratdığı böyük fəsadlardan biri də ailədaxili münasibətləri zədələməsi, bəzən isə bunun boşanma həddiən qədər gəlib çıxmasıdır. Məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova da münasibət bildirib. O, Mövqe.az-a açıqlamasında qeyd edir:  "Təkcə Azərbaycanda yox, ümumiyyətlə, bütün dünyada boşanmaların səbəbləri müxtəlifdir. Hər bir ailə özlüyündə fərdi individual xarakter daşıdığı, içində müxtəlif şəxsiyyətləri, temperamentləri birləşdirdiyi üçün burda boşanmaların səbəbləri də müxtəlif olur. Bu səbəblər içərisində son vaxtlar sosial şəbəkələr də yer alır. Ümumiyyətlə, nəinki sosial şəbəkələrdə vaxtının çoxunu keçirən ana və atalar, eyni zamanda övladlar belə ailədən uzaqlaşırlar. Onlar özlüyündə yaratdıqları virtual dünyalarına öyrəşib real həyatdan ayrılırlar. Sözsüz ki, real aləmdən ayrılan insanın duyğuları, hissləri, emosiyaları dəyişmiş olur. Onları zamanla nə mənəvi cəhətdən, nə qarşılıqlı anlaşma, nə hörmət baxımından heç nə bağlamır. Bu da son nöqtə kimi həmin ailələrin dağılmasına gətirib çıxarır". 

Aynur Veysəlova ailələrə bu kimi problemlərin qarşısını almaq üçün ailə üzvlərinə daha çox diqqət ayırmağı, onlarla daha çox vaxt keçirməyi məsləhət görür: "Biz bu gün informasiya əsrində yaşayırıq. Texnologiyanın inkişaf etdiyi bir dövrdə bunlarsız  həyatımızı təsəvvür eləmək mümkün deyil. Amma çox təəssüflər olsun ki, hər bir alətin, predmetin, vasitənin lazımından çox istifadəsi ifrata gətrib çıxarır. Bu da sonda ailədaxili münasibətlərə də öz mənfi təsirini  göstərir. Belə problemlərlə qarşılaşmamaq üçün daha az sosial şəbəkələrdə vaxt keçirmək, ailəyə, ailə üzvlərinə vaxt ayırmaq, diqqət göstərmək lazımdır. Bunun üçün də ailədaxili münasibətlər düzgün qurulmalıdır. İnsan dərk etməlidir ki, mən kiminlə ailə qurmuşam? Bu insan hansı tərəfləri ilə məni razı salır, hansı mənfi cəhətləri var? İnsan qarşısındakını yaxşı tanımalıdır. Çünki ər-arvad həyat yoldaşından, ana-ata olmaqdan əlavə tərəf müqabilidirlər. Tərəf müqabilləri bir-birlərini hər bir sahədə tamamlamalıdırlar. Buna görə insanlar istədiklərini tam olaraq qarşı tərəfdən ala bilməyəndə onu digər yerlərdə axtarmağa başlayırlar. Bu yerlərdən ən əsası sosial şəbəkələrdir. Çox təəssüflər olsun ki, bu gün ailələrin boşanma səbəblərindən biri budur". 

Komitə rəsmisi bildirir ki, bu məsələni hansısa inzibati yolla tənzimləmək mümkün deyil. Sadəcə olaraq, təbliğat, maarifləndirmə işləri aparılır: "Bunun hansısa bir qanunla qarşısını ala bilmərik. Bizdən asılı olmayan təbii prosesdir. Lakin apardığımız maarifləndirmə işləri ilə soial şəbəkələrin zərərləri tərəflərini, ailədaxili münasibətlərə mənfi təsirini müxtəlif yaş qruplarındakı şəxslərə başa salmağa çalışırıq. Amma biz yalnız tövsiyələr verə bilərik. Ciddi şəkildə kiməsə qadağalar qoymaq mümkün deyil".  




Sizin Reklam Yeriniz