Havaların soyuması fonunda daha bir ənənəvi problem yenidən gündəmə gəlir. Söhbət yeni tikilən binaların bir çoxuna hələ də qaz verilməməsindən gedir. Hər il payız-qış ayları yeni tikililən bir çox binalarda insanların şikayətləri başlayır. Bəzi belə bina sakinləri üçün bu problem artıq illərdir ki, davam edir. Amma hələ də bu problem həllini tapa bilmir.
Əmlak məsələləri üzrə ekspert Ramil
Osmanlı Mövqe.az-a açıqlamasında bildirir ki, bu ənənəvi problemin
arxasında daha çox qeydiyyatla, sənədləşmə ilə bağlı məsələlər
dayanır: "Söhbət ondan gedir ki, bəzi şirkətlər tikinti işləri
görərəkən sənədləşməni düzgün aparmayıblar, ona görə də bu
gün artıq onların qeydiyyatla bağlı ciddi problemləri var. Bunun
nəticəsində onlar lazımi texniki şərtləri almaqda çətinlik
çəkirlər".
Ramil Osmanlı hesab edir ki, bu problemin həlli bilavasitə dövlət rəhbərliyinin müdaxiləsindən keçir: "Çünki Azərbaycanda adətən, anoloji problemlər dövlət rəhbərliyi işə qarışandan sonra həll olur. Düşünürəm ki, bu məsələyə də eyni şəkildə yanaşılmalıdır. Əks halda hər il eyni məsələni təkrar-təkrar müzakirə edəcəyik".
"MBA LTD" şirkətinin rəhbəri Nüsrət
İbrahimov isə məsələyə fərqli yanaşır. O, yeni tikililərdə
mərkəzləşmiş istixana sistemlərinin qurulmasını təklif edir:
"Tikinti şirkətlərinin qarşısında belə bir məsələ qoymaq lazımdır
ki, binaların tikintisi lahiyələşdiriləndə orada mərkəzləşdirilmiş
istixana sistemi qurulsun. Bu tələb qoyulsa, binalara qaz
xətlərinin çəkilməsi, hər mənzilə qaz verilməsi problemi aradan
qalxar. Yəni, binalarda mərkəzləşmiş istixana sistemi qurulsa, hər
bir mənzil bütün soyuq aylar müddətində davamlı olaraq qızdırılar.
Əlavə qızdırılmağa isə ehtiyac qalmayacaq. Bu gün Avropa və ya
digər inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, orada
mənzillərdə qaz anlayışı, demək olar ki, yoxdur. Mətbəx elektriklə
işləyir. Mənzillər isə mərkəzləşmiş istixana sistemi hesabına
qızdırılır. Ona görə də, düşünürəm ki, bizdə də artıq mərkəzləşmiş
istixana sisteminə keçmək lazımdır. Həm qaza qənaət etmək, həm də
mənzillərin davamlı qızdırılmasının təmin etmək üçün bu yoldan
istifadə etmək olar. Bu sistemə keçsək, həm mənzillərin istiliklə
təminliliyini, həm də binanın fiziki yaşama müddətini uzatmış
olarıq".
Aysel HƏSƏNOVA