Əlaqə Arxiv
news Image
2014.10.03
08:15
| A A A
Gələn ildən ictimai nəqliyyatda güzəştlər bərpa olunur?!
Azər Allahverənov: "Əlil insanlar, kimsəsiz ailədən olan uşaqlar, tələbələrin müəyyən kateqoreyası, şəhid ailəsi gediş haqqı güzəştlərindən yararlana bilərlər" Musa Quliyev: " Güzəştlərin əvəzinə, bəzi kateqoriyadan olan insanlara ünvanlı pul kompensasiyasının verilməsi daha doğrudur "

Nəqliyyat Nazirliyi gələn ildən başlayaraq artıq ictimai nəqliyyatda nağd ödəniş sisteminin yığışdırılacağını bildirib. Həmin vaxtdan başlayaraq, sərnişinlərin hər biri kartla ödəniş edəcəklər. Qeyd edək ki, sərnişin nəqliyyatında kart sisteminin tətbiqi realalşsa da, ondan istfiadə edənlərin sayı elə də çox deyil.

Başqa bir tərəfdən, uzun müddətdir, belə fikirlər də səslənir ki, kart sisteminin tətbiqi ilə avtobuslarda əhalinin müəyyən təbəqəsinə tətbiq edilən güzəştlər yenidən bərpa oluna bilər. Ekspert Azər Allahverənovun fikrincə, kart sisteminin tətbiqindən sonra avtobuslardan istifadə edən əhalinin müəyyən təbəqəsinə güzəştlər edilməlidir, buna ehtiyac vardır: "İctimai nəqliyyatdan istifadə eyni zamanda, əhalinin müəyyən qrupları üçün güzəştlərin olmasını da nəzərdə tutur. Vaxtilə, bu praktika tətbiq olunub. Cəmiyyət və əhalinin müxtəlif təbəqələri bunun nəticəsində ictimai nəqliyyatda güzəştlərdən istifadə edə bilirdi. Azərbaycan hazırda kifayət qədər inkişaf etmiş ölkədir. Ölkəmizdə də artıq bir çox mütərəqqi təcrübə nümunələri tətbiq edilir. Eyni zamanda, əhalinin sosial rifahının yaxşılaşdırılması, insan kapitalının inkişafı, insan resurslarının sosial müdafiəsinin təminatı ilə bağlı dövlətin ciddi proqramları mövcuddur. Konkret olaraq, bu sahələr ən prioritet sahələrdən biri hesab olunur. Bu baxımdan düşünürəm ki, Azərbaycanda da əhalinin müəyyən hissəsi üçün həmin güzəştlər tətbiq olunmalıdır. İctimai nəqliyyatdan istifadə edən əlil insanlar, kimsəsiz ailədən olan uşaqlar, tələbələrin müəyyən kateqoriyası, şəhid ailəsindən olan insanlar bu güzəştlərdən yararlana bilərlər. Yəni proses əsasən cəmiyyətin az təminatlı ailə kateqoriyasını əhatə etməlidir. Hətta müəllimlərin, qaçqın, məcburi köçkünlərin də həmin imkandan yararlanması istiqamətində də müəyyən fikirlər səslənir. Düşünürəm ki, dövlət qurumları bu istiqamətdə hər hansı qərar qəbul edərkən təbii ki, ilk öncə ictimai nəqliyyatdan güzəştli əsasda istifadə etməyə ehtiyacı olan qrupları müəyyənləşdirməlidir. Çox güman həmin dövlət qrumları bununla bağlı təkliflər hazırlayarkən, məhz bu prinsipi nəzərdə tutacaq. Ola bilsin, bəzi hallarda ictimai nəqliyyatdan güzəştli istifadə elementi qismən olsun. Amma aylıq abunə deyilən element də var. Bu da xarici ölkələrin ictimai nəqliyyatında geniş tətbiq edilir. Hətta qonşu ölkələrin çoxunda bu prinsip tətbiq olunmaqdadır. Fikrimcə, aylıq abunə imkan verir ki, daha az məbləğlə ictimai nəqliyyatdan istifadə etmək mümkün olsun. Deməli, faktiki olaraq, bu da güzəştdir. Aylıq abunəni əhalinin geniş təbəqələrinə şamil etmək olar. Məsələn, bu gün park etmək üçün nəqliyyat vasitəsi 30 dəqiqəsinə 50 qəpik, 1 saata 1 manat, gün ərzində 4 saat saxlamaqla 4 manat ödəyir. Bu isə ay ərzində 120 manat deməkdir. Amma bu gün pullu parkinqlərdən aylıq abunə tətbiq edilir. Onun da məbləği 30 gün üçün 15 manatdır, bir şərtlə ki, ödənişi edən şəxs məhz parkinqin yerləşdiyi ərazidə qeydiyyatdadır. Yəni faktiki olaraq, güzəştin müxtəlif elementləri mövcuddur. İctimai nəqliyyatda aylıq abunənin tətbiqi daha az məsrəflər və belədə güzəştlər deməkdir. Deməli, bu addım da hər bir ailənin büdcəsinə uyğun gələn bir məsələdir. Məsələnin həlli üçün iqtisadi, sosial məqamlar, habelə ayrılan vəsaitlərin həcmi nəzərdən keçirilməlidir".

Millət vəkili Musa Quliyev isə əksinə, düşünür ki, ictimai nəqliyyatdan istifadəyə görə, belə bir güzəştlərə lüzum yoxdur: "Güzəştlər həmişə mümkündür, amma ictimai nəqliyyatdan istifadəyə görə əhalinin müəyyən kateqoriyasına güzəştlərin edilməsinə ehtiyac yoxdur. Güzəştlərin əvəzinə, bəzi kateqoriyadan olan insanlara ünvanlı pul kompensasiyasının verilməsi daha doğrudur. Çünki, pul kompensasiyası həm vətəndaş, həm də nəqliyyat üçün sərfəlidir. Ona görə ki, həmin pulu alan vətəndaş ola bilsin avtobusdan daha az istifadə etsin, yəni ondan özü bilən kimi istifadə edəcək. Avtonəqliyyat müəssisəsi üçün isə pul kompensasiyasının verilməsi ona görə sərfəlidir ki, konkret hər bir vətəndaşı daşıdığından, konkret pulunu da alır. Yəni əslində, dotasiyanı dövlət öz üzərinə götürür. Amma prinsipcə, kart sisteminə keçilməsi ilə bəzi kateqoriyadan olan insanlara gediş haqqının pulsuz elan edilməsi də mümkündür. Dünyanın inkişaf etmiş ölkələrində, tələbələrə, gənclərə belə güzəştlər edilir. Tələbələr üçün həqiqətən də güzəşt kartının verilməsi, pul kompensasiyasının verilməsinə nisbətən daha uyğundur. Azərbaycanda çoxlu özəl unuversitetlərin olduğunu, dövlət universitetlərinin bir çox fakültələrinin də pullu olduğunu və tələbəyə stipendiya verilmədiyini nəzərə alsaq, həmin kateqoreyalı insanlar üçün kart sistemi üzrə güzəştlərin tətbiqi zəruridir. Amma Dövlət Sosial Müdafiə Fondundan pensiya və müavinət alan vətəndaşlar yaxşı olar ki, ictimai nəqliyyatdan istifadə edərkən pul şəklində verilən kompensasiyalardan yararlansınlar".

Sizin Reklam Yeriniz