Əlaqə Arxiv
news Image
2014.10.03
16:08
| A A A
Qərb ölkələrindən Azərbaycana sirayət edən xəstəlik
Şəmsiyyə Namazova: «Piylənmə zamanla bir sıra xroniki xəstəliklərə yol aça bilər»

Azərbaycanda qadınların təxminən üçdə birində artıq çəki və piylənmə müşahidə olunur. Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən  verilən məlumata görə, bu nəticəyə Azərbaycanda əhali arasında qeyri-infeksion xəstəliklərin risk faktorları araşdırılarkən gəlinib. İndi artıq çəki və piylənmə Azərbaycan əhalisi arasında da getdikcə daha çox rast gəlinən böyük problemə çevrilir. Onu da qeyd ki, piylənmə həm kişilər, həm qadınlar arasında olsa da, bu faktor zərif cinsin nümayəndələri arasında daha çox yayılıb. 

Əvvəllər ən çox Qərb ölkələrində, xüsusən ABŞ-da rast  gəlinən bu problem hazırda bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılıb.  

Tibb və fəlsəfə elmləri doktoru, həkim-terapevt Şəmsiyyə Namazova Movqe.az-a piylənmənin səbəbləri, yol aça biləcəyi problemlər və buna qarşı mübarizə üsulları haqda danışıb: "Piylənmə hələ də bütün dünyada problem olaraq qalmaqdadır. Və böyüməkdə də davam edir. Xüsusilə də Amerikada bu problem daha ciddidir. Bu da həyat tərzindən asılıdır. Ayaqüstü qidalar, "fast-food"lar, duzlu, istiotlu yeməklər, həddən artıq natrium-xlordan istifadə olunması piylənmənin əsasında dayanır. Azərbaycana gələndə isə, qeyd etmək lazımdır ki, ümumən piylənmə iki səbəbdən ola bilir. Birincisi daxili orqanların fəaliyyətinin pozulması ilə bağlı ola bilər. Məsələn, ola bilər ki, qalxanvari vəzidə insulin çox olsun.   İnsulinə rezidentlik yarananda bu, hormonal disbalans yaradır və qidalanmadan asılı olmayaraq, piylənmə baş verir. İkinci bir hal isə daxili orqanlarda heç bir problem olmadan baş verən kökəlmədir. Bu da sırf həyat tərzi, yanlış qidalanma rejimi ilə bağlıdır. Şərq mətbəxinə məxsus yağlı yeməklər, çayla içilən şəkər, şokolad, şirniyyat məhsulları və üstəlik azhərəkətlilik bu cür piylənmə yaradan səbəblərdir.  Çünki hərəkətsizlik nəticəsində qəbul edilən qidalar enerji halında qalır, piyə çevrilir. Biz gün ərzində çoxlu karbohidrat, zülal, yağ və s.  mikroinqridentlər qəbul edirik.  Bu qidaların bir-birinə proporsional qaydada nisbəti olmalıdır. Məsələn, gün ərzində sakit həyat tərzi keçirən insanlara çörək və makaron məmulatları daxil olmaqla 400 qram karbohidrat yetərlidir. Ət və yumurta daxil olmaqla 70-80 qram zülal kifayətdir. Yağ günə 50 qram  olsa, bəsdir. Lakin bunlara əməl edirikmi?  Görün, gün ərzində nə qədər yağlı yeməklər yeyirik! Bunların hər biri kaloridir. Bir qram karbohidratın parçalanmasından 4.3 kkal ayrılır, amma 1 qram yağın parçalanmasından 9.1. Eyni zamanda da zülalın.   Əgər bu nisbəti pozuruqsa, orqanizmdə toplanan kalori sərf olunmursa, adinamiya varsa, aldığımız enerji qara ciyərdə qlükogen ehtiyatının artmasına, yağların parçalanmamasına, enerjinin sərf olunmamasına, nəticədə ehtiyat halında piyin toplanmasına gətirib çıxarır. Bu hal illər ərzində davam etdikcə, qadınların aşağı ətraflarında, qarın bölgələrinə  vokal şəkildə piy toplanması baş verir". 

Həkimin sözlərinə görə, piylənmə zamanla bir sıra xroniki xəstəliklərə yol aça bilər: "Nəzərə almaq lazımdır ki, piylənmə görünüş bir yana qalsın, bir çox xəstəliklərə də yol aça bilər. Belə ki, piylənmə afiliristrotik  xəstəliklərə, damarların ilkin qatlarının piylə yığılmasına, stenozlara, urealkal damarların sıxılmasına, arterial təzyiqin qalxmasına, qara ciyərin piylənməsinə, 1-ci, 2-ci, 3-cü dərəcəli piyli hipatozların yaranmasına, mədəaltı vəzdə ikinci tip şəkərli xəstəliyin yaranması ilə nəticələnə bilər. Bütün bunlar zamanla müalcəsi çətin olan xroniki xəstəliklərə çevrilə bilər". 

Bu problemlə necə mübarizə aparmalı? Şəmsiyyə xanım bir sıra məsləhətlər verdi: "Əgər orqanizmdə piylənmə gedirsə, ilk olaraq daxili orqanları müayinə eləmək lazımdır. Əgər iştah çoxdursa, insanın özündən asılı olmayaraq,  doyma hissi yoxdursa, orqanizmdə olan insulinin miqdarı yoxlanmalıdır.  Müəyyən edilməlidir ki, bu mərkəzi sinir sisteminin problemidirmi?  İkinci növədə, mütləq qidalanma tərzinə fikir verilməlidir. Yemək yeyəndən sonra mütləq aktiv hərəkətdə olmaq laızmdır. İdman hərəkətləri edə bilmirsənsə, ən azından gün ərzində bir neçə kilometr gəzməlisən. Bu, həm şəkər xəstələri üçün, həm də digərləri üçün faydalı olar.  Çünki hərəkətlilik orqanizmdəki piylərin parçalanmasına, yanmasına gətirib çıxarır.  Əgər biz bunu edə bilmiriksə, heyvan mənşəli qidalardan uzaq durmalıyıq. Düzdür, bunları yemək olar, lakin onları parçalanması çətin gedir. Məsələn, kərə yağının parçalanması, piy halına keçməməsi üçün mütləq aktiv hərəkətlə ondan alınan enerjini yandırmaq lazımdır.  Şərt odur ki, orqanizmin energetik tələbatı ilə qəbul elədiyi enerjinin arasında tərs mütənasiblik yaranmasın. Orqanizm  nə qəbul edirsə, o qədər də sərf etməlidir. Bu edilmədiyinə görə, piylənmə son vaxtlar xüsusilə qadınlar arasında faiz etibarilə daha çoxdur. Dediyimiz kimi, qızartmalar, yağlı qidalar, şirniyyat, az hərəkətlilik və istifadə edilən qidaların heyvani mənşəli olmasıda öz sözünü deyir. Bunlardan nə qədər uzaq dursalar, yeyilən qidalara fikir versələr, aktiv hərəkət etsələr, enerji sərf olunsa, heç bir problem yaranmayacaq". 


Sizin Reklam Yeriniz