Əlaqə Arxiv
news Image
2014.10.09
16:05
| A A A
Milli Onkologiya Mərkəzinə beynəlxalq tədris və məsləhət mərkəzi statusu verilib

Azərbyacanın Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyalar layihələşdirən və istehsal edən "Varian Medikal Sistems" şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a  verilən xəbərə görə, əməkdaşlıq sazişini Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və "Varian Medikal Sistems" şirkətinin vitse-prezidenti Fritz Derrer imzalayıblar. Sazişə əsasən Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və məsləhət mərkəzi statusu verilib. İmzalanma mərasimində Milli Onkologiya Mərkəzinin direktoru C.Əliyev onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, texnologiyaların Azərbaycana daha qısa müddətdə gətirilməsinə, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparılmasına imkan verəcək. Nəticədə ölkə əhalisinə göstərilən onkoloji xidmət daha yüksək səviyyədə olacaq. Diqqətə çatdırılıb ki, Milli Onkologiya Mərkəzinin yüksək kadr potensialına malik şüa müalicəsi şöbəsində hər gün 200-250, il ərzində isə 3 minədək xəstəyə radioterapiya aparılır. "Varian Medikal Sistems" şirkətinin Bakı beynəlxalq tədris və məsləhət mərkəzində radioterapiya üzrə praktiki nümunəvi məşğələlər tədris olunacaq, xarici ölkələrdən olan həkimlər üçün radioterapiyanın müasir metodlarına həsr edilmiş klinik proqramlar üzrə dərslər təşkil olunacaq. Eyni zamanda, Azərbaycanın radiasion onkoloqları ilə yanaşı, digər mütəxəssislər - fiziklər, mühəndislər və texniklər üçün seminarlar nəzərdə tutulur. "Varian Medikal Sistems" şirkətinin vitse-prezidenti Fritz Derrer isə bildirib ki, beynəlxalq tədris və məsləhət mərkəzi statusu ancaq ən müasir texnologiyalara, yüksək ixtisaslı kadrlara, xəstələrin müayinə və müalicəsində böyük təcrübəsi olan klinikalara verilir. Belə mərkəzlər Avropanın 5 ölkəsində mövcuddur və bağlanan sazişlə yeni bir mərkəz Bakı şəhərində Milli Onkologiya Mərkəzində fəaliyyət göstərəcək.

Sizin Reklam Yeriniz