Əlaqə Arxiv
news Image
2014.10.10
08:07
| A A A
Prezidentin tikinti ilə bağlı qoyduğu tələb ekoloji problemlərin həllinə böyük töhfə verəcək
Cahangir Qocayev: “Yeni tikilən binaların göstərilən ərazilərdə salınması həmin ərazilərdə sağlamlaşdırılmış mühitin yaranmasında müsbət rol oynayacaq” Hikmət Məmmədov: “Bu, birbaşa ekologiyaya müsbət təsir göstərəcək”

"Bilirəm ki, indi Azərbaycanda, Bakıda və digər yerlərdə ev tikintisinə böyük maraq var. Bu maraq bir ara bir az səngimişdi. Ancaq iqtisadiyyatımız sürətlə artdığı üçün indi bu maraq yenə də çox böyükdür". Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin oktyabrın 8-də keçirilmiş müşavirəsindəki yekun nitqində deyib.

Prezident bildirib ki, tikinti işini çox düzgün şəkildə təşkil etmək mümkündür. Bu zaman tikinti şirkətlərinin üzərinə ətrafda ekoloji təmizləmə işlərinin görülməsi məsuliyyəti də qoyulmalıdır: "Əgər hansısa iş adamı, bir şirkət ev tikmək istəyirsə, orada ekoloji tədbirlər də görülməlidir. Köçürülmələr də aparılmalıdır. İndi boş yer vermək ki, gəlin burada ev tikin, hesab edirəm, bu dövr artıq arxada qalır. Kim ev tikmək istəyirsə, şəhər, rayon icra hakimiyyətlərinə müraciət etsin. Bu qurumlar onlara ya yararsız vəziyyətdə olan keçmiş sənaye obyektlərinin, zavodların yerində, ya da ekoloji tədbirlərə ehtiyac olan yerlərdə yer versinlər ki, orada tiksinlər". Prezident İlham Əliyev bu praktikanı Bakıda artıq həyata keçirdiklərini deyib, vaxtilə yararsız vəziyyətdə olan sənaye müəssisələrinin yerində yeni binaların tikildiyini xatırladıb: "Heydər Əliyev Mərkəzi Leytenant Şmidt adına zavodun ərazisində tikilib. O da bir ekoloji fəlakət idi. Mən ora gedib baxanda dəhşətə gəldim ki, bu şəraitdə istehsalı necə təşkil etmək olar. Hər şey dağılmışdı. Amma indi bəziləri hətta unudub ki, orada Leytenant Şmidt adına zavod olub. Yaxud da ki, indi Olimpiya şəhərciyinin yaradıldığı ərazi. Metronun "Koroğlu" stansiyası ilə üzbəüz bu ərazidə şifer kombinatı, lampa zavodu var idi. Onlar da havanı çirkləndirirdi. İndi burada gözəl Olimpiya şəhərciyi yaradılıb. Yəni biz həm Bakıda, həm də bütün şəhər və rayonlarımızda bu yolla getməliyik".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev "Mövqe"yə bildirdi ki, bu, çox böyük əhəmiyyəti olan məsələdir: "Çünki, Bakı elə də yeni salınan şəhər deyil ki, boş ərazisi olsun. Bakı kiçik sənaye şəhəridir. Daha çox Sovet dönəmində formalaşmış bir şəhərdir. Amma müstəqillik əldə etdikdən sonra dünyadakı yeni texnologiyaların tətbiqi nəticəsində keçmiş sənaye müəssisələrinin daha müasir texnologiyalar əsasında formalaşması zərurəti yaranıb. Bu baxımdan sənaye müəssisələrinin indiyə qədər əhatəsinə düşdüyü yerlərin ölçüsü azalacaq. Digər tərəfdən, ekoloji nöqteyi-nəzərdən bu məsələnin çox böyük əhəmiyyəti var. O baxımdan yeni tikilən binaların göstərilən ərazilərdə salınması həmin ərazilərdə sağlamlaşdırılmış mühitin yaranmasında müsbət rol oynayacaq. Bu, təkcə zavodlara aid deyil. Mədən ərazilərində də elə yerlər var. Odur ki, istənilən sənaye əraziləri mənimsənilərkən orada tikilən binaların ətrafının ekoloji cəhətdən sağlamlaşdırılması kimi vacib məsələlər ön sırada dayanmalıdır. Yəni, sadəcə olaraq bina tikməkdən söhbət getmir. Söhbət bütövlükdə şəhər mühitinin saflaşdırılması və təhlükəsiz vəziyyətə gətirilməsindən gedir".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı, professor Hikmət Məmmədov bildirir ki, "Ağ şəhər" lahiyəsi buna bir misaldır: "Ağ şəhər" salınandan sonra yüksək səviyyədə yaşıllaşdırma işləri aparılacaq. O, Bakı şəhərində ən gözəl məkanlardan biri olacaq. Ölkə Prezidentinin təklifi də yerində olan təklifdir. Həmin yerlərdə binaların tikilməsindən əvvəl abadlıq işləri aparılacaq. Orada radiasiyanın səviyyəsi, torpağın çirklənməsi və s. bu kimi təmizləmə işlər aparılacaq. Bununla da həmin ərazilər neytrallaşdırılacaq. Bu gün şəhərimizdə elə yerlər var ki, kiçik bir ərazidə 7 bina tikilib. Yəni, eyvanlararası məsafə qorunmur. Həm bu, həm də ekoloji baxımdan vaxtı ilə sənaye müəssiləri yerləşən ərazilərin mənimsənilərək, tikitni işlərinin aparılması təqdirəlayiq məsələdir. Bu, birbaşa ekologiyaya müsbət təsir göstərəcək. Odur ki, təklif dəstəklənməlidir".

Sizin Reklam Yeriniz