Əlaqə Arxiv
news Image
2014.10.10
08:56
| A A A
İstifadəsiz qalan torpaqlar
Paşa Zamanov: “Aqrotexniki qaydalara riayət olunsa, kənd təsərrüftı məhsullarının istehsal həcmində istənilən nəticələr əldə edə bilərik” Vahid Məhərrəmov: “Problemin aradan qaldırılması üçün əsaslı kapital qoyuluşu lazımdır”

Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadiyyatın aqrar sahəsinə də toxnuldu. Ölkə Prezidenti kənd təsərrüfatı sahəsində ixrac potensialımızın artırılmasının zəruriliyini önə çəkdi: "Bu məsələlərlə bağlı çox böyük işlər görülüb, yeni imkanlar açılıb. Xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni imkanlar yaranıb. Biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik". Prezident kənd əməkçilərinə, fermerlərə və sahibkarlara göstərilən qayğıdan da danışıb: "Kənd təsərrüfatının inkişafı üçün müasir yanaşma tətbiq edilməlidir. Biz texnika ilə təmin edirik. Həm dövlət büdcəsi, həm də Prezidentin ehtiyat fondunun hesabına müasir kənd təsərrüfatı texnikası alınıb gətirilir. Müasir elmin nəticələri də Azərbaycanda tətbiq olunmalıdır".

Bu fonda xüsusi qeyd olunmalıdır ki, məhsuldarlığın artımı həm də torpaq sahələrinin münbitliyindən keçir. Bu əsasda da ölkəmizin kifayət qədər potensialı var. Ancaq Azərbaycanda torpaqların bir qisminin erroziyaya uğradığı da sirr deyil. Hesab olunur ki, yeni texnologiyanın tətbiqi ilə həmin sahələr də əkinə yararlı hala gətrilməlidir.

AMEA Torpaqşünaslıq və aqrokimya institutunun üzvi kübrələr lobaratoriyasının müdiri, professor Paşa Zamanov "Mövqe"yə bildirdi ki, tərkibində humus, azot, fosfor və kaliumun miqdarı çox olarsa, torpaq münbit sayılır: "Sadalanan maddələr azalırsa, torpaq münbitliyini itirəcək. Erroziya isə ilk növbədə həmin maddələri yuyub aparır. Əsasən iki cür - yuxarıdan və təkrar şoranlaşma var. Təkrar şoranlaşma, becərmələrin pis aparılmasından əmələ gəlir. Becərilmənin düz aparılmaması nəticəsində torpağın alt qatında olan duz tərkibli natrium, xlor, sulfat üzə qalxır. Yuxarıdan şoranlaşma isə əsasən drinajların olmamasında yaranır".

Ancaq ekspertin sözlərinə görə, erroziyaya uğramış torpaqları yenidən bərpa etmək mümkündür: "Bunun üçün üzvi kübrə vermə, torpaqları münbitləşdirən, kökü geniş yayılan bitkilər əkmək lazəmdır. Bundan başqa, torpağa peyin və başqa üzvi maddələrin normada verilməsi, örtülü və açıq drenajların çəkilməsi, şum işlərini yerin meylinin tərsinə aparmaqla erroziyanın qarşısını almaq olar. Ümumiyyətlə, erroziyalaşma, torpağın münbit qatının yuyulmasıdır. Suvarılmanın düzgün aparılmamasından əmələ gəlir. Göstərilən aqrotexniki qaydalara riayət olunsa, kənd təsərrüftı məhsullarının istehsal həcmində də istənilən nəticələr əldə edə bilərik"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da şoranlaşmış torpaqların bərpa edilməsi üçün bir sıra tədbirlərin həyata keçirməsini vacib sayır. Onun sözlərinə gör, həmçinin elə Sovet dönəmində aparılan yuyulma sisteminin daha geniş tətbiqini də həyata keçirmək olar: "Ancaq fermerlər, pay torpağı almış sahibkarlar bu işin öhdəsindən gələ bilmirlər. Bunun da bir sıra səbəbləri var. İlk növbədə, həmin torpaqlar bir o qədər məhsuldar deyil ki, fermer əldə etdikləri vəsait hesabına bunun öhdəsindən gələ bilsin. Bundan başqa, torpağın yuyulması üçün kifayət qədər maaliyyə vəsaiti lazımdır".

Ekspertin sözlərinə görə, aparılan araşdırmalar kənd təsərrüfatının bir çox sahələrində bir il gəlir əldə olunsa da, növbəti ildə durğunluğun müşahidə olunduğunu göstərir: "Bu mənada, demək olar ki, kəndlilər onlara pay edilmiş ərazilərdə şoran torpaqların münbitləşdirilməsində hər hansı bir fəaliyyət həyata keçirə bilmirlər. Lakin torpaqlar münbitləşərsə belə, o demək deyil ki, gələcəkdə həmin torpaqların təkrar şoranlaşması baş verməyəcək. Çünki, Kür ətrafında suyun səviyyəsinin qalxması demək olar ki, hər il baş verir. Suyun səviyyəsi qalxan kimi, bu qurunt sularının səviyyəsinin qalxmasına gətirib çıxarır. Nəticədə qrunt sularının səviyyəsi qalxdıqca da altda olan turşular, duzlar torpağın üst hissəsinə çox asanlıqla çıxır. Odur ki, problemin aradan qaldırılması üçün əsaslı kapital qoyuluşu lazımdır. Məsələ ancaq kompleks şəkildə öz həllini tapa bilər. Digər hallarda bu, müvəqqəti xarakter daşıyacaq".

Sizin Reklam Yeriniz