Son illər uşaqların davranışlarında əvvəlki dövrlə müqayisədə xoşagəlməz halların artması müşahidə olunur. İstər valideynlərlə, istər öz yaşıdları, ya da qeyriləri ilə münasibətdə buna daha çox rast gəlinir. Mütəxəssislər hesab edirlər ki, bu, yanlış tərbiyə etməklə bağlıdır.
Psixologiya və Konsultasiya
Mərkəzinin psixoloqu Elnur Rüstəmov Mövqe.az-a açıqlamasında deyir
ki, müasir dövrdə artıq valideynlər uşaqlarına daha az vaxt
ayırırlar. Mənfi halların kökündə də bu dayanır: "Son vaxtlar
valideyn-övlad münasibətlərində yaşanan problemlərin kökünə
baxsaq, əsas burda tərəflərin məlumatlı olmaması durur. Bu gün
böyüyən uşaq və yeniyetmələr 20 il bundan əvvəl böyüyənlərlə
eyni deyil. Nə düşüncə baxımından, nə həyata baxış nöqteyi-nəzərdən
bunlar bir-birinə oxşamırlar. 20 il bundan əvvəl böyüyən
valideynlər başqa təhsil sistemində, başqa ətraf mühitdə
böyüyüblər. Lakin bu gün fərqlidir. Nəticədə valideyn-övlad
münasibətində ciddi problemlər yaşanmağa başlayır. Məsələ ondan
ibarətdir ki, artıq valideynlər uşaqlarla lazımi qədər vaxt
keçirmirlər. Onların tərbiyəsində aktiv iştirak etmirlər. Sadəcə,
konkret vəzifələri yerinə yetirməyə çalışırlar. Məsələn, səhər
uşağı bağçaya aparıb, axşam gətirmək. Valideyn vəzifəsini bununla
bitmiş hesab edir. Uşaqla daha çox vaxt keçirmir. Əgər uşaq
xəstədirsə, onu sadəcə, həkimə aparır. Uşaq niyə xəstələnib, necə
olub, bu maraqladırmır. Bu gün insanlar valideyn məsuliyyətini dərk
etmək istəmirlər. Sadəcə, düşünürlər ki, mən işləyib qazanıram.
Lazım olsa, pulunu verib kimisə tutaram, uşağa o baxar. Buna
görə də zaman-zaman valideyn-uşaq münasibətləri soyuyur, ciddi
problemlər yaranmağa başlayır. Valideyn isə bundan yalnız o zaman
xəbər tutur ki, uşaq` yeniyetməlik həddinə çatır, onda pis
vərdişlər yaranır, uşaq evdən uzaqlaşır, valideynə söz qaytarır,
nalayiq sözlər deyir, əl qaldırır, kobudluq edir. Yalnız o
zaman narahatçılıqlar başlayır. Əgər valideyn uşaqlıqda ona zaman
ayırsaydı, yeniyetməlikdə belə problemlər
yaşanmazdı".
Psixoloq bildirir ki, valideyn-övlad münasibətlərinin sağlamlaşması üçün maariflənirmə işləri aparmaq lazımdır: "Bunun üçün məsələn, valideynlər baxçalara, məktəblərə cəlb oluna bilərlər. Valideynlərin uşaqlarla əlaqəsi yaradılmalıdır. Əgər valideynlər bu istiqamətdə özlərinə yatırım etsələr, vəziyyət daha yaxşı olar. Bu gün biz texnologiya əsrində yaşayırıq. Hər zaman, hər yerdə komfort axtarırıq. Uşaqlara da bunu verməyə çalışırıq. Düşünürük ki, komfort veririksə, uşaq tərbiyəli olacaq. Lakin tək komfortla iş bitmir. Komfort əksinə, uşaqların tələblərini daha da artırır".
Elnur Rüstəmov vaxtında uşaqlara yetəri qədər diqqət yetirilməməsinin gələcəkdə ciddi fəsadlarının ola biləcəyini deyir: "Vaxtında diqqətsizliyin fəsadlarını bu gün də yaşayırıq, cəmiyyətdə görürük. Məsələn, son vaxtlar yeniyetmə cinayətlərinin artması, konfliktlərin çoxalması, aqressiv yanaşma, bu aqressiyanın əks cinsə yansıması, nəticədə yeni qurulan ailələrdə anlaşılmazlıq, boşanmaların artması və s. Bunlar həmin problemlərin təzahür formasıdır. Ona görə də uşaqlıqdan tərbiyə məsələsinə xüsusi diqqət yetirməlidirlər".
Peşəkar Psixologiya Mərkəzinin
Uşaq İnkişaf Klubunun direktoru və psixoloqu Tahibə Quliyeva da
Movqe.az-a uşaqların tərbiyəsində ailənin rolu, tərbiyə zamanı yol
verilən yanlışlıqlardan danışıb: "Uşağın tərbiyəsində ailənin önəmi
böyükdür. Uşaq erkən yaşlarından tərbiyə edilməli və cəmiyyətə
faydalı bir şəxs kimi yetişdirilməlidir. Uşaq tərbiyə
edilərkən doğru bir yol izlənilməli, lazım gəldikdə psixoloq
məsləhətindən faydalanılmalıdır. Ana-ata və digər ailə
üzvləri uşaqla rəftarlarına incə yanaşmalı, uşaq üçün yalnış və
doğrularda qərarlı davranış nümayış etdirməlidirlər. Bəzən ana-ata
işlədiyindən uşaq nənə-baba yanında daha çox vaxt keçirir.
Nənə-baba nəvəyə qarşı daha həssas olduqlarından, onun hər istəyinə
müsbət cavab verirlər. Beləliklə, uşağın ərköyün böyüməsinə səbəb
olurlar. İstər ana-atanın, istər digər doğmaların uşağın hər
istəyinə "olar" cavab verməsi uşaqda davranış problemlərinə yol
açır. Artıq uşaq "olmaz" sözünü eşitmək belə istəmir və eşitdiyi
zaman özünü yerə atır, aqressiv hərəkətlər nümayiş etdirir. Bu
gedişatla uşaqda həm tərbiyə, həm də sağlamlıq zərər görür. Zamanla
bu tip problemlərlə bağlı psixoloqa çox müraciətlər olur. Vaxtında
verilmiş tərbiyə çox önəmlidir. Kiçik yaşlarda bizə kiçikmiş kimi
gələn problemlər daha sonra, xüsusilə də, yeniyetməlik dövründə
daha da qabarıqlaşır və çox daha ağır davranış problemlərinə
gətirib çıxarır. Düzgün verilməyən tərbiyə uşağın pis
vərdişlərə yiyələnməsinə səbəb olur. Burda ana-ataya və ya
böyüklərə qarşı kobud rəftardan tutmuş, oğurluq, cinayət,
narkomaniya və s. kimi insanın həyatını məhv edən zərərli
vərdişlərə qədər sadalamaq olar".
Psixoloq sonda valideynlərə məsləhətlərini bu cür ifadə edib: "Uşaqlara sevgi verək, sevgi ilə yanaşaq, lakin onlar üçün uyğun olmayan normaları da onlara ifadə edək. Çünki uşaqlar onlar üçün nəyin doğru, nəyin yalnış olduğunu tam dərk etmirlər. Onlara bunu kiçik yaşlarında biz öyrətməliyik. Uşaqlar həyatı böyükləri təqlid edərək öyrənirlər. Unutmayaq uşaq evin güzgüsüdür! Gəlin hər birimiz cəmiyyətə faydalı şəxslər böyüdək! "