Əlaqə Arxiv
news Image
2014.10.15
12:00
| A A A
Falçıların, ekstrasenslərin sayı sürətlə artır…
Əhməd Qəşəmoğlu: «İmanın yanında idrak güclü olanda tərəqqi yaranır, idrak zəifləyəndə isə cəhalət artır» Əliməmməd Nuriyev: «Falçılıq yalnız insanları aldatmaqla pul qazanmağın bir yoludur»

Bəzən insan problemlər qarşısında aciz qalanda elə vəziyyətə gəlir ki, özünü tək-tənha, yalqız hiss edir və bu vəziyyətdən xilas olmaq üçün müxtəlif yollar axtarır. Çarəsiz vəziyyətdə olduğunu düşünən belə insanlar bəzən rahatlamaq üçüb psixoloqlardan kömək alırlar. Lakin bu hamıya aid deyil. Bəziləri son ümid yeri olaraq çarəni falçı, baxıcı, öncəgörücü adlandırılan ekstrasenslərdə görürlər. Onlar elə zənn edirlər ki, falçıya getməklə işləri düzəlir və qabaqcadan nəyisə falçı vasitəsilə həll eləmək mümkün olur. Bu fonda isə son zamanlar falçılıqla məşğul olan, özünü ekstrasens adlandıran insanların say artıb. Və bunların hətta reklamlarına da rast gəlmək olur. Müşahidələr göstərir ki, belələrinin içəsirisində insanları aldadan, fırıldaqçılıqla məşğul olub xeyli pul qazananlar var. 

Sosioloq Əhməd Qəşəmoğlu bu cür insanların cəmiyyətdə çoxalmasının insanlar arasında cəhalətin artması ilə birbaşa bağlı olduğunu düşünür: "Tarixin qədim vaxtlarından belə şəxslərə rast gəlmək mümkündür və  onlara müxtəlif formada inam olub. Halbuki, müqəddəs Quranda da peyğəmbər belə insanlara müraciət etməyi qadağan edir. Yəni, İslam dini də bunu məsləhət görmür. Mənim hər zaman dediyim ifadədir ki, imanın yanında idrak güclü olanda tərəqqi yaranır, idrak zəifləyəndə isə cəhalət artır. Əgər həmişə cəmiyyətdə belə şeylər çoxalırsa, bu, onun göstəricisidir ki, idrak zəifləyib. Ümumiyyətlə, insanların içərisində hər zaman qaranlıq bir məqam olur ki, bu cür şeylərə maraq olur. Ona görə mən bundan istifadə edən, çox vaxt fırıldaqçılıqla məşğul olan insaların reklam edilməsinin, nəticədə onların fəaliyyətinin geniş yayılmasının tərəfdarı deyiləm. Həmin insanlar arasında doğurdan da insanların dalğalarına təsir edə bilənləri var. Birbaşa desək ki, belə insanlar yoxdur, bu da doğru olmaz. 

Belə bir müqayisə aparaq. Biz bilirik ki, çoxlu cərrahlar da var. Onlar insanları əməliyyat edərək müxtəlif xəstəliklərdən xilas edirlər. Amma biz hər cərrahın yanına getmirik. Axtarıb ən yaxşı cərrahın yanına gedirik. Naşı cərrah insanın orqanizminə faydadan çox fəsad verər. Buna anoloji olaraq demək olar ki, hər insana icazə verməməliyik ki, bizim dalğalarımıza müdaxilə eləsin. Çünki haradan bilmək olar ki, onlar fayda əvəzinə ciddi ziyan vermirlər? Ola bilər ki, həmin şəxs insana fayda da verər, amma ondan 100 qat artıq fəsadı ola bilər. Ona görə də məsləhət görmürəm ki, insanlar hər ekstrasensin, falçının yanına getsinlər. İnsanlar anlamalıdırlar ki, onların əməllərinin faydası ilə bərabər fəsadları ola bilər". 

Sosioloq bildirir ki, elmin köməyi ilə, dinin yardımı ilə insanlar arasında ciddi təbliğat işləri aparmaq lazımdır: "Deyəndə ki, ekstrasens yanına getmək mənasızdır, insanlar da düşünür ki, maksimum heç bir effekti olmayacaq. Amma onlar anlamalıdırlar ki, ziyanı ola bilər. Bu baxımdan təbliğatı düzgün qurmalıyıq. Həm elmin tövsiyəsi, həm din yolu ilə insanları bu yoldan çəkindirmək lazımdır. Digər tərəfdən, bu şəraitin genişlənməməsi, cəhalətin artmaması üçün ölkədə təhsilə, elmə diqqət artırılmalıdır. Elmin cəmiyyətdə bir nüfuzu olmalıdır  ki, insanlar alimə inansınlar, falçıya yox". 


Hüquqşünas Əliməmməd Nuriyev isə bildirir ki, bu cür falçı, ekstransens, paraprixoloq adıyla tanınıb fırıldaqçılıqla məşğul olan insanların reklamını aparan şəxslər də müəyyən maraqlara xidmət edirlər: "Ekstrasenslərlə bağlı proqramlar daha çox Rusiya kanallarında var. Azərbaycanda belə verilişlər də daha çox burdan götürülür.  Məsələ ondan ibarətdir ki, belə insanlar sadəcə olaraq, müəyyən vərdişlərə sahibdirlər, daha ağıllı danışırlar. İnsanlara bu şəkildə təsir edirlər.  Reklamla onlar özlərinə yeni müştərilər tapırlar. Çünki cəmiyyətdə kifayət qədər insan var ki,  istəyirlər heç bir əziyyət çəkmədən tez bir zamanda varlansınlar, asan yolla pul qazansınlar. Ona görə də falçılara müraciət edirlər. Falçılar da bu vəziyətdən məharətlə istifadə edib onların istək və arzularına uyğun cavablar verirlər. Beləliklə, onlarda bir inam yaranır. İkinci bir tərəfdən insanlar mediaya, televizyaya tez inanırlar, orda gördükləri daha təsirli olur. Buna görə də son zamanlar falçı, ekstrasens, parapsixoloq adıyla bir çox şəxslər gündəmə gəlirlər, müştəri toplayıb yaxşı gəlir əldə edirlər. İnsanlarımız o tələyə düşürlər. Qazananlar isə belə fırıldaqçı adamlar və onların reklamı ilə məşğul olanlar olur". 

Hüquqşünas düşünür ki,  bir çoxları bu işi heç bir elmi əsası olmadan görürlər: "Onlar çox vaxt insanlara ümumi cavablar verirlər. Hansı ki, cavablardan biri mütləq doğru çıxacaqdır. Bəzən isə onların öz vasitəçiləri olur. Müştərinin yaxın adamı ilə əlaqə qurub məlumat əldə edirlər.  Əslində, tarixən insan cəmiyyəti formalaşandan falçılar da olub və hər zaman əhəmiyyətli mövqe tutublar. Düzdür, insanlar texnikanın inkişafı, elmin tərəqqisi sayəsində bir çox yeniliklər qazanır, nailiyyətlər əldə edirlər. Amma bunun falçılığa, cadugərliyə heç bir dəxli yoxdur. Falçılıq yalnız insanları aldatmaqla pul qazanmağın bir yoludur. Və çox maraqlıdır ki, iki qrup bu insanların köməyindən istifadə edir, birincisi çox kasıblar, digər hissəsi isə çox varlılar. Kasıb varlanmaq istəyi ilə bura gəlir, çarəni falçıda, ekstrasensdə axtarır, varlı isə əlində olanları itirmək qorxusundan onlaar müraciət edir. Bu da falçıların işinə yarayır. Təbii ki, istedadlı, qabiliyətli insanlar da var. Sadəcə olaraq, belə istedadlı elm adamları heç vaxt bu yolla getmirlər. Biliklərini lazımsız istifadə etmirlər. Onlar bunu daha faydalı işlərə, hansısa yeni kəşflərə görə istifadə edirlər". 

Əlməmməd Nuriyev onu da qeyd edir ki, bir tərəfdən də insanların bu yolla aldadılması qanunvericiliyə də ziddir: "Cinayət Məcəlləsində dələduzluq, saxtakarlıq halları ilə maddələr var. Yəni, bu işlə məşğul olan şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Amma digər tərəfdən də hər birimiz bilikli, bacarıqlı insanlarıqsa, belə insanların tələsinə düşməməliyik. Kim həm dinə, həm qanuna zidd olaraq yenə də bu mövqeyə aludə olursa, bu, başqa məsələdir. Sonradan aydın olsa ki, bu yalandır, mümkün olan məsələlər deyil, öz xəyalları suya düşəcək. Həm Allah qarşısında günahkar olacaqlar, həm də qanun qarşısında. Ona görə də bu əməlin onlara verə biləcəyi fəsadları anlamalıdırlar. Fırldaqçıların əməlləri ilə elə insanlar olub ki, hətta əmlaklarını əllərindən veriblər". 



Sizin Reklam Yeriniz