Əlaqə Arxiv
news Image
2014.10.15
08:56
| A A A
Dərdə dərd qatan dərmanlar
Adil Qeybulla: “Nə qədər ki, məsələ tam sistemə salınmayıb, belə problemlər həmişə başımızın üstünü kəsdirəcək” Fərəc Quliyev: “Bu qədər dərman preparatı satışdan çıxarılırsa, deməli, ciddi yoxlama aparılıb və ona uyğun da tədbir görülüb”

Məlumat verildiyi kimi, bu günlərdə Səhiyyə Nazirliyi 341 ədəd dərman növünün satışını dayandırıb. Nazirliki bu dərmanların satışının qanunsuz olduğunu bildirib. O da qeyd edilir ki, bu preparatlar Səhiyyə Nazirliyinin analitik ekpertiza mərkəzi əməkdaşlarının araşdırmaları nəticəsində aşkar olunub və onların laborator müayinədən keçmədiyi bəlli olub. Qeyd edək ki, satışdan çıxarılan dərmanlar əsasən Rusiya, Belarus, Türkiyə, Macarıstan, Ukrayna, Polşa, Rumıniya, Avstriya və Yunanıstan istehsalıdır. Maraqlıdır, görəsən, belə dərmanlar necə olur satışa çıxarılır? Digər tərəfdən, insan sağlamlığı üçün həmin dərmanlar hansı təhdidlər yarada bilər?

Tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, yararsız dərmanlarla bağlı problem məsələ tam sistemə salınmadığından öz kəskinliyini göstərməkdə davam edəcək: "Azərbaycan dərman bazarı hazırda ürəkaçan durumda deyil. Bu gün çoxsaylı firma və şirkətlər öz kooperativ maraqlarına uyğun olaraq Azərbaycana müxtəlif dərman maddələri idxal edir ki, onların da bəziləri o qədər də güvənli deyil. Həmin dərman preparatları Azərbaycan ərazisində xəstələrə xeyli problemlər yaşadır. Yəni xəstələr onları qəbul etsələr də, effekt görmürlər. Həm də həkimlər yazdığı müalicədən bir effekt görmür. Bəzən bu kimi hallar da xəstələrin müalicə olunmaq üçün digər ölkələrə axın etməsinə stimul yaradır. Dərmanlarla bağlı problemi hansısa qeydiyyatdan keçməklə həll edə bilmərik. İlkin olaraq, Ümumdünya Səhiyyə Təşkilatının reyestrinə daxil olmuş, dünyada tanınmış, qəbul edilmiş, kliniki testlərdən keçən dərman preparatlarının Azərbaycanda istehsalına icazə verilməlidir. Yəni Ümumdünya Səhiyyə Təşkilatının farmakopoyiyasında dərman maddələri reyestrində olan dərmanlar Azərbaycan ərazisində istifadə oluna bilər. Bunun üçün də ölkədə güvənli analitik laboratoriya olmalıdır. Nə qədər ki, Azərbaycanda bu məsələlər tam sistemə salınmayıb, belə problemlər həmişə başımızın üstünü kəsdirəcək. Ölkəyə gətirilən dərmanların istehsal ili məlum olmalıdır. Dərman preparatı kifayət qədər rafinasiya olunmuş olmalıdır. Tərkibinə daxil olan təsiredici komponent tam dozada olmalıdır. Təəssüf ki, bəzən bunu da müşahidə etmirik. Dərmana dad, rəng verən əlavələr də təhlükəsiz olmalıdır. Bunlara əməl edilməsi çox vacib məsələlərdir. Bu gün Fransız ətirləri ona görə populyardır ki, onlar depmotoloji testlərdən, ciddi sınaqlardan keçib, insan dərisinə ziyanlı olmadığı müəyyən edilib. O baxımdan dərman preparatları da belə sınanmış olmalıdır. Bunlara əməl edilməsi genefondumuzun təhlükəsizliyi üçün vacibdir".

İxtisasca həkim olan millət vəkili Fərəc Quliyev isə qeyd etdi ki, 341 adda dərman preparatının satışdan çıxarılması bu istiqamətdə ciddi yoxlamaların aparıldığını göstərir: "Bu qədər dərman preparatı müayinədən keçməyərək, satışdan çıxarılırsa, deməli, ciddi yoxlama aparılıb və ona uyğun olaraq da ciddi tədbir görülüb. Elə məhsullar var ki, onun ölkəyə gəlməsilə hamı ondan istifadə edir. Bu mənada həmin məhsulların ciddi yoxlanılması vacibdir. Ona görə də Səhiyyə Nazirliyinin bu istiqamətdə atdığı addımlar doğru yanaşmadır. Konkret olaraq satışdan çıxarılan dərmanlarla tanış olmadığımdan, onların hansının nə dərəcədə insan orqanizminə təhdid yarada biləcəyi haqda da bir söz deyə bilmərəm".

Sizin Reklam Yeriniz