Əlaqə Arxiv
news Image
2012.07.19
08:00
| A A A
İnhisarçıların belini qıracaq qanun gəlir
Rəqabət Məcəlləsinin 6 ildən sonra bəxti açılır

Bazarlarda qanunvericilik əsasında ucuzlaşmanın əsasını yaradacaq sənədlərdən biri kimi qəbul olunan Rəqabət Məcəlləsinin belə demək mümkünsə, bəxti nəhayət, açıla bilər. Bu barədə danışmazdan əvvəl qeyd edək ki, Rəqabət Məcəlləsini prezident Milli Məclisə hələ 2006-cı ildə təqdim edib. Üstəlik, bu layihə artıq 2 oxunuşdan keçib. Lakin layihənin üçüncü oxunuşdan keçməsi əsl müəmmaya dönüb. Belə bir vaxtda isə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə maraqlı bir açıqlama ilə çıxış edib.

O deyib ki, Milli Məclisin payız sessiyasında Rəqabət Məcəlləsi 3-cü oxunuşda müzakirəyə çıxarılaraq qəbul ediləcək. Ziyad Səmədzadə onu da vurğulayıb ki, sənəd payız sessiyası dövründə bir daha komitələr səviyyəsində müzakirə olunduqdan sonra plenar iclasda müzakirəyə təqdim ediləcək. Belə bir sənədin qəbulunu iqtisadi baxımdan vacib olduğunu deyən komitə sədri bildirib ki, Məcəllə sağlam rəqabətin aparılması, sahibkarlığın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək: "Belə ki, bu sənəd daxili bazarda azad rəqabət mühiti yaranmasına, iqtisadiyyatın inkişafına, orta təbəqənin formalaşmasına, istehsalın keyfiyyətinin yaxşılaşmasına xidmət edəcək. Bu da öz növbəsində yerli istehsalın dünya bazarlarında rəqabətqabiliyyətliliyini artıracaq və Azərbaycanın ÜTT-yə üzvlüyünü sürətləndirəcək".

Ekspertlər hesab edir ki, bu məcəllənin qəbulu ölkədə gedən iqtisadi proseslərə, aparılan islahatlara daha müsbət təsir göstərəcək. Çünki sənəddə bir çox məsələlərə aydınlıq gətirilir. Mütəxəssislər bildirir ki, bu gün qiymətlərin daha çox kənd təsərrüfatı istehsalı və emal sənayesi məhsulları, yəni süd və süd məhsulları, meyvə-tərəvəz, ət məhsulları arasında bahalaşdığı məlumdur. Ona görə də kənd təsərrüfatında rəqabətli bazar sistemi yaradılmalıdır. Ümumiyyətlə, bahalaşmanın qarşısını almaq üçün iqtisadiyyatda rəqabəti dövlət dəstəkləməlidir. Rəqabətin dəstəklənməsində dövlətin əsas funksiyası ondan ibarətdir ki, istehsalçılar, eyni zamanda idxalçılar və xidmət göstərənlər üçün eyni şərtlərlə bərabər fəaliyyət şəraiti yaradılmalıdır. Rəqabətli mühitdə qiymətlərin səviyyəsində durğunluq müşahidə etmək, həm də qiymət artımının qarşısını almaq mümkündür.

Elə Dünya Bankı da sözügedən məcəllənin qəbulunu tövsiyə edir. Bank bəyan edir ki, Rəqabət Məcəlləsinin qəbulu Azərbaycanın iqtisadi inkişafına da yeni töhfələr verəcək. Hazırda isə qiymət artımına qarşı mübarizədə əsas etibarı ilə inzibati metodlardan istifadə olunur. Ekspertlərin fikrincə, Azərbaycanda qiymətlərin bahalaşmasını şərtləndirən əsas amillərdən biri monopoliyaların diktə etməsidir. Bu prosesin qarşısını almaq üçün isə ilk növbədə, Rəqabət Məcəlləsi qəbul edilməli, inhisarçılığa qarşı müstəqil bir institut yaradılmalı, yəni Antiinhisar Siyasəti Departamentinin müstəqilliyi artırılmalıdır. Eyni zamanda iqtisadiyyatda neytrallaşdırma, mərkəzsizləşdirmə islahatları sürətləndirilməlidir.

Qeyd edək ki, Rəqabət Məcəlləsi özlüyündə həcmli və mürəkkəb bir sənəddir. 1-ci və 2-ci oxunuşda müzakirələr zamanı millət vəkillərinin səsləndirdiyi bir sıra təkliflər layihədə 3-cü oxunuşa qədər öz əksini tapmalıdır. Mövcud prosedura görə, bunun üçün layihə müvafiq nazirliklərdən və digər icra hakimiyyəti orqanlarından keçməlidir. Son nəticədə isə sənəd Prezident Administrasiyasına təqdim olunur, orada müvafiq şöbələrdən keçib yenidən parlamentə təqdim edilir. Ekspertlər hesab edirlər ki, bu məcəllənin qəbulu ölkədə gedən iqtisadi proseslərə, aparılan islahatlara daha müsbət təsir göstərəcək. Çünki sənəddə bir çox məsələlərə aydınlıq gətirilir. Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatında rəqabət mühitini təmin etməyə yönəlik bir sənəddir. Yəni qısaca desək, ölkədə rəqabət mühitinin təmin edilməsi, inhisarçılıq şəraiti yarandıqda bu inhisarların aradan qaldırılması və sağlam rəqabətin təmin edilməsinin hüquqi bazasının yaradılması ondan asılıdır.

Beləliklə, Milli Məclisin yaxın günlərdə qəbul edəcəyi məcəllə ölkədə rəqabət mühitinin qorunması, inhisarçılığın qarşısının alınması, bazarda qiymətlərin aşağı salınması, ümumilikdə iqtisadiyyatın inkişafına xidmət edəcək. Bazardakı payı 35 faizdən artıq olan təsərrüfat subyekti inhisarçı sayılır. Qanunvericiliyə əsasən, onun fəaliyyəti qanun pozuntusu deyil. Amma kartel sövdələşmələrinə gedərək rəqibi bazardan çıxarmaqla qiymətlərə təsir etməyə çalışan subyektlərə qarşı mübarizə aparılacaq. Hazırda müzakirəsi aparılan Rəqabət Məcəlləsi bu fəaliyyəti iqtisadi metodlarla həyata keçirəcək. Məcəllə antiinhisar fəaliyyətini həyata keçirəcək qurumun fəaliyyətini də tənzimləyəcək. Məcəlləyə əsasən, rəqabət mühitinin pozulması hallarına qarşı inzibati tədbirlər də tətbiq olunacaq. Rəqibin əmtəə nişanından istifadə olunduqda, onun fəaliyyətinə müdaxilə halları baş verdikdə cərimələr tətbiq olunacaq.

Sizin Reklam Yeriniz