Əlaqə Arxiv
news Image
2014.10.17
13:06
| A A A
Rusiyadan Azərbaycana qayıdanların sayı artır
Azər Allahverənov: “Proses Rusiyada yaşayan azərbaycanlıların sayının azalmasına doğru gedir”

Rusiyada məskunlaşan və kiçik bizneslə məşğul olan azərbaycanlıların ölkəyə dönüşü artır. Əsas səbəb isə Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatındakı tənəzzüldür. Elə statistik rəqəmlər də 2014-cü ilin yanvar-avqust aylarında Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayının gedənlərdən iki dəfəyə qədər çox olduğunu göstərir. Göstərilən müddət ərzində ölkəmizə 1299 nəfər gəlibsə, gedənlərin sayı bundan iki dəfə az olub, 575 nəfər təşkil edib.

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, 2014-cü ilin birinci yarısı Rusiya hökumətinin miqrasiya sahəsində bir sıra ciddi sanksiyalar tətbiq etməsi ilə xarakterizə olunur: "Bunun başında duran əsas məqsəd isə qeyri-qanuni miqrasiya ilə mübarizə məsələdir. Buna görə də Rusiya ərazisində vaxtı ilə yaşamış azərbaycanlı əgər son 3 ildə hətta xırda hüquqi pozuntuya yol vermişdisə belə, cəzalandırıldı. Həmin şəxs sonradan Rusiyaya daxil ola bilmirdi. Bundan başqa, Rusiyada əmək miqrasiyası ilə bağlı bir neçə yenilik tətbiq olundu. Əmək qanunverciliyi nisbətən sərtləşdirildi. Həmçinin, Rusiyada müxtəlif müstəvilərdə əməkçi miqrantlara qarşı münasibət daha kəskin vüsət almağa başladı. Hətta bəzi siyasi dairələrdə əməkçi miqrantlara kvotaların ayrılmaması məsələsi səsləndirildi ki, yerli vətəndaşlar daha çox əmək fəaliyyətinə malik olmaq imkanı qazansın. Yəni, bu kimi bir neçə səbəblər Rusiyada əmək fəaliyyəti ilə məşğul olan, orada yaşayan azərbayanlıların sayına təsir göstərməyə başladı. Müəyyən bir qismi iş yerini itirdi, bir qismi nə vaxtsa inzibati qaydada hüquq pozuntularına yol verdiyinə görə, ölkə ərazisinə buraxılmadı. Nəticə ona gətirib çıxartdı ki, əgər Rusiyada vaxtı ilə 650 mindən yuxarı azərbaycanlı yaşayırdısa, 2014-cü il üçün bu rəqəm 600 mindən bir qədər artıqdır. Bu, hələ Rusiyanın əmək bazarında gedən proseslərlə bağlıdır. Bununla yanaşı, kənar təsirlər də oldu. Kənar təsirlər Qərbin Rusiayaya tətbiq etdiyi iqtisadi sanksiyalardır. İqtisadi sanksiyalar rublun ucuzlaşması, Rusiya maliyyə bazarında gərginliyin yaranması, Rusiyada bir çox layihələrin dayandırılmasına səbəb oldu. Məsələn, bir müqavilə üzrə Avropa İttifaqı Rusiyada tikinti sektoru üçün nəzərdə tutulan 1 milyard yarımlıq uzunmüddətli krediti dayandırdı. Nəticə etibarı ilə minlərlə insan işsiz, layihələr natamam şəkildə qaldı. Yəni, sanksiyalar və onun arxasında siyasi təzyiq rıçaqlarının işə salınması Rusiyanın daxili bazarında böhran vəziyyətinin yaranmasına birbaşa səbəb oldu. Bu da Rusiya vətəndaşlarına və miqrantlara təsir etdi. Hansı ki, həmin miqrantlar arasında azərbaycanlılar da var. Təkcə kənd təsərrüfatı ilə məşğul olan azərbaycanlıların böyük bir qismi məhz Qərbdən gətirilmiş aqrar məhsulların hesabına şəbəkələrini qurmuşdular. Amma sanksiyalardan sonra bazara həmin məhsulların gətirilməsi mümkün olmadı. Orta Asiya və Azərbaycan kənd təsərrüfatı məhsulları isə həmin tələbi ödəyə bilmir. Bu da nəticə etibarı ilə bir neçə ticarət obyektlərinin bağlanmasına gətirib çıxarıb. Düzdür, Rusiya çalışır ki, hansısa formada böhranlı vəziyyətdən çıxsın. Bəlkə nə vaxtsa həmin tikinti lahiyələrinə strat verilərsə, kənd təsərrüfatı məhsullarının Rusiya bazarına daxil olması üçün əlavə kanallar açılarsa, iş yerlərini itirmiş azərbaycanlı miqrantlar məşğulluq məsələlərini yenidən bərpa edə bilər. Ancaq hələlik proses Rusiyada yaşayan azərbaycanlıların sayının azalmasına doğru gedir. Çünki, Rusiyanın vəziyyətdən çıxma məsələsi yaxın ayların işi deyil".

Sizin Reklam Yeriniz