Əlaqə Arxiv
news Image
2014.10.21
10:23
| A A A
Ərzaq məhsullarının qiyməti Avropa standartlarına görə qalxa bilər
Vahid Məhərrəmov: “Aqrar sahədə Avropa standartlarının tətbiq edilməsinin ixracata müsbət təsiri olacaq”

Azərbaycanda ərzaq məhsullarının keyfiyyət göstəriciləri və qablaşdırılmasının Avropa standartlarına uyğunlaşdırılması müəyyən müddətdiri ki, aktual mövzulardan birinə çevrilib. Hesab olunur ki, həm ixracat, həm də istehlakçıların daha yüksək standartlar əsasında hazırlanmış məhsulla təminatı baxımından bu standartların tətbiqi zəruridir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, bu, müasir dövrün tələbinə uyğun standartdır: "İnsanları daha sağlam qida maraqlandırır. Avropa standartı ilk növbədə bizim istehlakçılar üçün təhlükəsiz qida demək olacaq. Düzdür, ola bilsin, məhsulun qiyməti nisbətən qalxsın. Çünki, bu standart üçün müasir texnikaların alınması vacibdir. Məsələn, Avropa standartında süd sağımında insan əməyindən istifadə edilməməlidir. Sağım xüsusi avadanıqlar vasitəsi ilə həyata keçirilməlidir. Əl il sağılıb, əldə edilən süd satışa çıxarılmamalıdır. Bu südlər Avropa standartına cavab vermir. Belə olan halda kifayət qədər kapital tutumlu yeni texnologiyanın tətbiqinə ehtiyac yaranır. Bununla yanaşı həmin sahədə fəaliyyət göstərən fermerlər hazırlanmalıdır. Onların maariflənməsinə, təlim keçmələrinə ehtiyac var. Bunun hamısı əlavə maliyyə xərci deməkdir. Yəni, həmin məhsulun qiymətini artıran amildir. Ancaq əsas qiymət yox, məhsulun keyfiyyətidir. Çünki, bəzən bazara çıxarılan məhsulların tərkibi haqqında istehlakçıların xəbəri olmur. Odur ki, zaman-zaman zəhərlənmə hallarının şahidi oluruq. Bu da həmin məhsulun tərkibində olan nitritin və ya başqa zəhərli maddələrin çox toplanmasından irəli gəlir. Ancaq müasir Avropa standartlarına uyğun məhsul istehsal etsək, bütün bu halların qarşısı almış olacıq".

Ekspert əlavə etdi ki, yaxın 2-3 ildə müasir standartlara cavab verən məhsul ixrac edə bilmərik: "Amma aqrar sahədə Avropa standartlarının tətbiq edilməsinin ixracata müsbət təsiri olacaq. Avropa standartına cavab verən məhsul rəqabətqabiliyyətli olur. Həmin məhsullar xarici dövlətlərə asanlıqla çıxa bilir. Xarici ölkələrdə bizim istehlakçılar yaranacaq. Onlar bizim məhsulun keyfiyyətli olduğuna əmin olduqdan sonra bizim müştəriyə çevriləcəklər. Bununla da ölkəmizə əlavə valyuta gələcək. Bu da bizim fermerlərin istehsalını genişləndirəcək. Ən nəhayət, bu, Azərbaycan iqtisadiyyatının güclənməsinə xidmət edəcək. Azərbaycanın buna potensialı var. Əsas idarəçiliyə diqqət etmək lazımdır. Lakin heç kəs düşünməsin ki, Avropa standartının tətbiqi ixracata müsbət təsir edəcək deyə, daxildə qıtlıq yaranacaq. Çünki, Avropa standartına uyğun məhsul istehsal etsək, məhsulun yalnız keyfiyyəti yox, kəmiyyəti də artacaq. Hazırda bir çox kənd təsərrüfatı məhsullarının istehsalını primitiv qaydada həyata keçiririk. Ancaq Avropa standartına cavab verən məhsul istehsal edəndə mütləq mütərəqqi texnologiyanı tətbiq etməli olacağıq. Digər halda keyfiyyətli məhsul istehsal etmək mümkün deyil. Həmin mütərəqqi texnologiyadan istifadə edəndə isə məhsuldarlığı da ciddi artırmış oluruq. Belə olanda daxili tələbatımızı ödəmək imkanımız daha çox olacaq. Xaricdən gələn pullar isə istehlakçıların alıcılıq qabiliyyətini artıracaq".

Sizin Reklam Yeriniz