Əlaqə Arxiv
news Image
2014.10.24
08:53
| A A A
İş üçün Azərbaycana gələnlərin sayı artır
Azər Allahverənov: “İqtisadiyyatın müxtəlif sahələrində gedən inkişaf prosesi miqrantların ölkəmizə cəlb olunmasını şərtləndirir”

Son hesablamalar göstərir ki, bu gün dünyada 700 milyon miqrant var və bu rəqəmlərdən Azərbaycanın da payına düşür. Özü də Azərbaycana üz tutan əməkçi miqrantların sayı durmadan artır. Ekspertlərin fikrincə, artım tendensiya hələ bir müddət davam edəcək. Əsas səbəb kimi isə ölkədəki siyasi sabitlik və iqtisadi tərəqqi göstərilir.

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, bütün məsələləri statistik rəqəmlərlə izah etmək çətindir: "Çünki, statistika, sadəcə rəqəmlərdir və məsələni tam təfərrüatı ilə açmır. Məsələn, 2011-2012-ci illərin rəsmi statistikasına görə, Azərbaycada yaşayan miqratların sayı 400 mindən yuxarı olub. Onların böyük əksəriyyəti əmək fəaliyyəti ilə məşğul olan insanlardır. Amma 2014-cü ilin 8 ayının statistik rəqəmlərinə görə, ölkəmizdə 200 mindən bir qədər artıq miqrant var. İlk baxışda rəqəmlərə görə, azalma müşahidə olunur. Amma müxtəlif müəssisələrdə çoxsaylı miqrantın çalışdığını da görürük. Ola bilsin ki, ilin nəticələri tam elan olunmayıb. Amma şübhəsiz ki, ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olan əcnəbi insanların sayı çoxalıb. 5 il əvvəl bu qədər əməkçi miqrantın çalışdığını görmürdüksə, bu gün həmin miqrantlara bir çox sahələrdə rast gəlmək olar. Əgər əvvəllər əməkçi miqrantlar daha çox tikinti, ticarət və iaşə sahəsində gözə dəyirdisə, bu gün artıq iqtisadiyyatın əksər sahəsində miqrantların çalışdığını görürük. Bunların əksəriyyəti günəmuzd əmək fəaliyyəti ilə məşğuldular. Onların əksəriyyəti ilə əmək müqavilələri imzalanmır. Ona görə də onlar haqqında heç yerdə məlumatlar qeydiyyatdan keçməyib. Amma bəllidir ki, bu gün Azərbaycanda çoxsaylı tikinti layihələri həyata keçirilir. Bu layihələr hələ bir neçə il davam edəcək. Odur ki, yenə də Azərbaycana əlavə əməkçi miqrantların gəlişini gözləməliyik. Əməkçi miqrantlarla yanaşı, Azərbaycana çoxsaylı digər insanlar da gəlir. Bu gün Azərbaycanda müxtəlif hərbi münaqişəli zonalardan didərgin düşmüş insanlar var. Beynəlxalq təşkilatların onlara verdikləri müavinətlər onların istəklərini tam şəkildə ödəmir. Bu ehtiyacların ödənilməsi üçün onların bir qismi qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olurlar. Çünki, mövcud qanunvercilyə görə, əcnəbini işə götürmək üçün işverən icazə almalıdır. Bütün bu məsələlər Azərbaycana gələn insanların sayının artmasını şərtləndirən haldır. Digər tərəfdən də iqtisadiyyatın müxtəlif sahələrində gedən inkişaf prosesi bilvasitə miqrantların ölkəyə cəlb olunmasını şərtləndirir. Çünki, Azərbaycana ən çox inkişafda olan dövlətlərdən gəlirlər. Hansı ki, orada iş, əmək haqlarının aşağı olması problemləri var. Buradakı inkişaf onları Azərbaycana gəlməyə cəlb edir. Bunların böyük qismi Gürcüstandan gələn azərbaycanlıların üzərinə düşür. Qeyri-rəsmi məlumatlara görə, ölkəmizdə 100 minə qədər Gürcüstan azərbacyanlısı var".

Ekspertin əlavə etdi ki, həmin miqrantlar bəzən əmək bazarımıza təsir edə bilir: "Vaxtı ilə Azərbaycanda "Əmək Miqrasiyası Haqqında" qanun var idi. Sonra isə Miqrasiya Məcəlləsi qəbul edildi. Miqrasiya Məcəlləsində əmək miqrasiyanın müvafiq müddəaları öz əkisini tapdı. Burada göstərilir ki, əmək bazarında əməkçi miqrant yerli mütəxəssislər tərəfindən tutulmayan sahəyə cəlb oluna bilər. Amma istisnalar da var. Bəzi miqrantlar ofisiant, iaşə, tikinti sahəsində açılışır. Çünki, ora mütəxəssis lazım deyil. Açıq vakant yerlədə miqrantlar müraciət edə bilirlər. Ancaq xüsusi sahələrdə miqrantların işləməsi yerli mütəxəssislərin insan resursu olaraq itirilməsinə gətirib çıxaran haldır. Gərginlik burada ola bilər. Digər tərəfdən, Azərbaycanda 50 mindən artıq qeydiyyata düşmüş işsiz var. İşsizliklə mübarizə kontekstində vakant yerləri ilk növbədə həmin 50 minlik işsizlər ordusuna yönəltmək lazımdır. Bundan sonra miqrantların işə qəbuluna başlamaq olar. Amma bu gün miqrantlar əmək kvotası ilə işə götürülür. Bu isə müəyyən qədər effektiv nəticə verə bilib".

Sizin Reklam Yeriniz